525.Az

Yazıçılar Birliyində şair Ələkbər Salahzadə anılıb


 

Yazıçılar Birliyində şair Ələkbər Salahzadə anılıb<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) mərhum şair Ələkbər Salahzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri "Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlı açaraq şairin həyat və yaradıcılığından danışıb:

"Ələkbər Salahzadənin ilk yazıları hələ universitetdə oxuduğu vaxtlarda divar qəzetində dərc olunub. Onun yazıları ənənəvi ədəbiyyatdan seçilirdi. Bu səbəbdən, təbii ki, təzyiqlərlə,  hücumlarla da üzləşib. Məhz belə çətin vaxtlarında ona Rəsul Rza arxa olmuş, başı üstündəki qara buludları dağıtmışdı. Daha sonra Anar da ona dəstək oldu və şairin mətbuatda dərc olunmasına, yazılarının çapına şərait yaradıldı. Ələkbər Salahzadə həm güclü istedada malik, həm də vicdanı ayıq olan şair idi".

AYB-nin sədri, Xalq yazıçısı Anar şairlə, onun ədəbiyyata gəldiyi illərlə bağlı xatirələrini bölüşüb: "O zamanlar belə bir fikir var idi ki, Rəsul Rza ətrafında yalnız öz ədəbi məktəbini toplayır. Ancaq sonradan onun dəstək olduğu müəlliflərin, o cümlədən, bu gün yubileyi olan İsa İsmayılzadə və Ələkbər Salahzadənin də əsl istedad sahibi olduqları üzə çıxdı. Ələkbər Salahzadə ədəbiyyatdan başqa heç bir marağı olmayan, şöhrətpərəstlik arxasınca düşməyən, özünü sözə, şeirə bağlamış qiymətli, dəyərli şairlərdən biri idi".

Şair Ramiz Rövşən Ə.Salahzadənin poeziyamızın öz fərdi üslubunu yaratmış önəmli nümayəndələrindən biri olduğunu vurğulayıb: "60-70-ci illərdə ədəbiyyatımız, poeziyamız öz intibah dövrünü yaşayırdı. Həmin dövrdə bu ədəbi silsiləyə qoşulmaq olduqca çətin bir iş idi. Ələkbər Salahzadə o parlaq imzalar içində sayılıb-seçilən şairlərdəndir. Onun şeirlərində böyük ustalıq, sənətkar işi var, şeirlərinin alt qatındakı riyazi təfəkkür güclüdür. O, söz kombinasiyasının əvəzsiz ustasıdır. Ələkbər Salahzadə Avropa şeir tərcüməsini tam götürmüş, ancaq hissiyyatı bütünlükdə bizə aid olan şairdir. Onun kimi söz memarları Azərbaycan poeziyasında olduqca azdır".

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı-ssenarist Rafiq Səməndər, sənətşünas Zülfiyyə Eldarqızı, şairlər Balayar Sadiq, Tofiq Nurəli, Abbas Abdulla və digərləri də Ə. Salahzadənin həyat və yaradıcılığından bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

Müşfiq ŞÜKÜRLÜ

 





16.03.2016    çap et  çap et