525.Az

“Discovery Azerbaijan” jurnalının mart sayı


 

“Discovery Azerbaijan” jurnalının mart sayı<b style="color:red"></b>

“Discovery Azerbaijan” jurnalının mart sayı oxucuların ixtiyarına verildi.
 
Jurnalın yaz buraxılışında Bakıdan Qərbə – saz və söz diyarı Ağstafaya üz tutacaq, onun turistik bölgələri, görməli yerləri və çox insanın tanımadığı tarixi abidələri ilə tanış olacaq, elə həmin bölgənin “vəkili”, Məclisin yeganə qalstuksuz adamı - dilçi, türkoloq Nizami Cəfərovla “qalstuksuz” müsahibəni oxuyacaqsınız.

Jurnalın mart sayında Novruz bayramı da unudulmayıb. Bu dəfə Novruza rejissorların gözü ilə baxacaq, bahar bayramını ekranlara gətirən kinolarımızla tanış olacaqsınız. İlahi eşqin şəhəri Konyanı jurnal səhifəsində barmaqlarınızla gəzəcək, iki dənizin – Şəmslə Mövlanənin görüşünü birnəfəsə oxuyacaqsınız.

“Discovery Azerbaijan” yeni nömrəsində Azərbaycanın ilk numizmat alimi Əli Rəcəbli ilə “hikkəli sikkələrimizi” saymaq, yerin alovlu məbədi – Atəşgahın ocağında isinmək imkanı da yaradır.

“Dəmir atı” – velosipedi ilə dünyanı gəzən azərbaycanlı səyyah Ramil Ziyadov və “Ferrari Xəzri”nin dizayneri, xəyallarını sürən azərbaycanlı gənc Samir Sadıqovla maraqlı müsahibələr də jurnalın bu sayında yer alıb.

Yerli və xarici turizm aləmində baş verən ən son yeniliklər və xəbərləri, mart festivallarını, qadınların 10 ən böyük ixtirasını, özü balaca, “dadı böyük” plovumuzun dünya mətbəxindəki “yaxınlarını” da bu nömrədə tanıyacaq, “həftəsonu nə edim?” deyənlər isə atçılığı hobbi kimi öyrənəcək.

Jurnalda yer alan “Turan buradan başlayır” rubrikasında isə türk dünyasını hərtərəfli kəşf etmək istəyənlər üçün bir-birindən maraqlı yazılar yer alıb.

Millət vəkili Cavanşir Feyziyevin baş redaktorluğu ilə dərc olunan “Discovery Azerbaijan” jurnalını abunə yazılaraq və ya şəhərimizin köşklərindən soruşaraq əldə edə bilərsiniz.

 





16.03.2016    çap et  çap et