525.Az

Azərbaycan aliminin yeni uğurları


 

Azərbaycan aliminin yeni uğurları<b style="color:red"></b>

Filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "Hüqo" və "İrəvan ziyalıları" kitabları Amerika Birləşmiş Ştatlarında, "Hüqo-fransız ədəbiyyatının milyarderi" kitabı isə Almaniyada nəşr edilib.

Professor Əsgər Zeynalovu çoxdan tanısam da, doktorluq dissertasiyamın müzakirəsi zamanı ona daha yaxından bələd oldum. O, elmi işimin dərin və geniş təhlilini verərək ədəbiyyatşünaslığımız üçün maraq doğuracaq yeni fikirlər söylədi və həllini gözləyən bəzi problemlərə toxundu. Dissertasiyanın müdafiəsi zamanı AMEA-nı bir neçə əməkdaşının Azərbaycan Dillər Universitetinin şurasında iştirakını nəzərə alaraq, onların fikirlərini öyrənmək məqsədilə, Əsgər müəllim yenidən həmin məsələlərin üzərinə qayıtdı. Onun elmə bu cür fədakarcasına, təmənnasız münasibəti mənim bu zəhmətkeş, təvazökar alimə hörmətimi daha da artırdı. O isə bundan sonra məni "bizim Aynur" deyə çağırmağa başladı.

Mən Əsgər Zeynalovun çoxşaxəli elmi yaradıcılığı ilə yaxından tanışam. Onun gərgin alim əməyinin bəhrəsi olan "Fransız ədəbiyyatında Şərq", "İrəvan ziyalıları", "Şərq Volter yaradıcılığında", "Viktor Hüqo", "Altaydan Altaya", "Orda bir yurd var uzaqda", "Hara gedir bu qatar?", "O, bir əsr idi...", "Hüqo" və digər kitablarının ilk oxucularından biri mən olmuşam, - desəm, yanılmaram. Ə. Zeynalovun əsərlərinin nəşr tarixinə nəzər salarkən onun bir ildə iki, üç, hətta dörd kitabının nəşr olunduğunu görürük. Bu yaxınlarda isə, təxminən bir ay ərzində onun  üç kitabı xaricdə - "Hüqo" və "İrəvan ziyalıları" ABŞ-da, "Hüqo - Fransız ədəbiyyatının milyarderi" Almaniyada nəşr edildi. Bu təqdirəlayiq və heyrətamiz hadisə, təbii ki, ilk növbədə professor Ə. Zeynalovun və onun timsalında bütün Azərbaycan elminin uğurudur. Yeri gəlmişkən, hər üç kitabı ingilis dilinə tərcüməçi dosent Fialə Abdullayeva çevirib. Xatırlatmaq lazımdır ki, bundan əvvəl ədəbiyyatşünas alimin "İrəvan ziyalıları" əsəri Sankt-Peterburqda (2011), Moskvada (2013) rus dilində, "Hüqo - Fransız ədəbiyyatının milyarderi" kitabı Fransada (2015) fransız dilində nəşr olunmuşdu.

Professor Əsgər Zeynalovun "Hüqo" monoqrafiyası ABŞ Şimali Karolina ştatının Fraleigh şəhərində "LuLu" nəşriyyatı tərəfindən çap edilib. Kitabın redaktoru Azərbaycan Dillər Universitetinin doktorantı Səbinə Zeynalova, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Q.Quliyev və fəlsəfə doktoru Vazeh Əsgərovdur. Kitabın əvvəlində azərbaycanlı alim haqqında yığcam məlumat verilib, onun "Hüqo" monoqrafiyasının 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması xüsusilə qeyd edilib. Kitabda tədqiqatçının 2007, 2013, 2014 və 2015-ci illərdə Fransada aldığı sertifikatlar da öz əksini tapıb.

Monoqrafiyada V. Hüqonun həyat və yaradıcılığına ümumi nəzər salınıb, fransız ədibinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələsinə toxunulub, bir sıra görkəmli ədəbiyyatşünaslarımızın - Əli Sultanlı, Mikayıl Rəfili, Əkbər Ağayev, Məmməd Cəfər və digərlərinin müxtəlif vaxtlarda fransız ədibi haqqında yazdıqları məqalələr də diqqətdən kənarda qalmayıb. Lakin bu bir həqiqətdir ki, Azərbaycan ədəbiyyatşünaslığında V.Hüqo və Volter haqqında ilk monoqrafiyalar professor Ə. Zeynalovun adı ilə bağlıdır.

"Hüqo" monoqrafiyasının "Hüqonun poeziyası" bölməsində 20 cildlik romanların, 26 cildlik poetik əsərlərin müəllifi olan fransız ədibinin 1829-cu ildə nəşr etdirdiyi "Şərq motivləri" və 1843-cü ildə Sena çayında boğulmuş qızı Lepoldinanın ölümünə 13 il müddətində həsr etdiyi şeirlər araşdırılıb. Tədqiqatçı "Şərq motivləri"ndən bəhs edərkən yazır ki, fransız, rus tədqiqatçıları şairin bu silsilə şeirlərinin yaranmasının əsas səbəbini həmin dövrdə gedən türk-yunan müharibəsilə əlaqələndirirlər (1821-1829). O, bir sıra görkəmli Azərbaycan ədəbiyyatşünaslarının da rus tədqiqatçılarının fikrini təkrarlamasını təəssüf hissilə qeyd edir. Ə. Zeynalova görə, fransız, rus alimlərinin yazdıqları türklərə qarşı kinli, qərəzli fikirdən başqa bir şey deyildir. Monoqrafiyada müəllif  "Şərq motivləri"nin yaranma səbəbini V.Hüqonun öz fikirlərilə, əsərinin əvvəlində yazdığı sözlərlə izah edir: "Əgər biz ellinist idiksə, indi şərqşünasıq". Həmin fikrə əsaslanan digər fransız yazıçısı Andre Moruanın "Şərq bu dövrdə dəbdə idi" sözlərini də bura əlavə edən müəllif Şərq mövzusuna marağın hardan qaynaqlandığını düzgün göstərməyi vacib sayır.

Tədqiqatçı V.Hüqonun "Şərq motivləri"ni geniş təhlil etməklə yanaşı, onun ümumiyyətlə, Şərq mövzusunda yazdığı bir neçə əsərinin adını çəkib və bəzi şeirlərə münasibətini bildirib. Araşdırmaçı fransız ədibinin Məhəmməd peyğəmbərə həsr etdiyi 156 misradan ibarət "Hicranın doqquzuncu ili" poemasından nümunə gətirib, bəzi parçaları monoqrafiyada təqdim edib.

Ə. Zeynalov öz monoqrafiyasında alman, fransız, amerikan oxuculara bir sıra problemli məsələləri təqdim edib, elmi faktlara, dəlillərə söykənərək öz obyektiv və cəsarətli mövqeyini ortaya qoyub. Qeyd etmək lazımdır ki, Ə. Zeynalov  V. Hüqonun islam dinini qəbul etməsini fransız qaynaqları əsasında sübuta yetirən ilk tədqiqatçıdır.

Monoqrafiyanın "Hüqonun nəsri" bölməsində yazıçının iki romanı tədqiqata cəlb olunub: "Paris Notrdam Kilsəsi" və dahi rus yazıçısı Lev Tolstoyun "Fransız ədəbiyyatının ən yaxşı romanı" adlandırdığı "Səfillər". "Paris Notrdam Kilsəsi" romanının geniş təhlilini verən tədqiqatçı belə bir fikir söyləyir ki, əgər Hüqo heç bir əsər yazmasaydı belə, təkcə elə 29 yaşında yazdığı bu romanla tarixdə yaşamaq hüququ qazanardı.

Azərbaycanlı ədəbiyyatşünas fransız ədibin romanın sonunda Şərqlə, Şərq abidələri, mədəniyyəti ilə bağlı qeyd etdiyi fikirlərə geniş yer ayırıb, onları heç də ehkam kimi qəbul etmədən, yeri gəldikcə öz kəskin tənqidi münasibətini bildirib.      

Daha sonra V. Hüqonun 1862-ci ildə nəşr etdirdiyi "Səfillər" romanından bəhs edən tədqiqatçı yazır ki, Hüqonun öz bədbəxt sürətlərini düşdükləri faciələrdən qurtarmaq üçün gəldiyi son nəticə və çıxış yolu belədir: "İki bədbəxtlik birləşib bir xoşbəxtlik əmələ gətirir". Ə.Zeynalov "Səfillər" romanını təhlil edərkən fransız ədibinin poeziyası ilə bu nəsr əsəri arasında müqayisə aparır və belə qənaətə gəlir ki, Hüqo Jan Valjan surətilə öz obrazını, Kozetta surətilə qızının obrazını yaradıb. Azərbaycanlı alim əsərdə Foşlevan babanın dililə Jan Valjan haqqında səsləndirilən "O, türk kimi qüvvətlidir" sözlərinə diqqəti çəkir və bu misalla türkün Avropada "güc", "qüvvət" simvolu kimi tanındığını göstərir.

Monoqrafiyanın "Hüqonun müasirləri" bölməsində müəllif Balzak, Jorj Sand, Düma, Flober, Mopassan kimi fransız yazıçılarının həyat və yaradıcılığına nəzər salmaqla yanaşı, Hüqonun etibarlı dost olması məsələsini ön plana çəkib.

Kitabın "Parisə məktublar - Parisdən məktublar" bölməsində hüqoşünas, dünyaşöhrətli fransız alimi Arno Lasterlə Ə.Zeynalovun bir-birinə yazdığı məktublar təqdim olunub. Bu məktubların əsasını təbii ki, Hüqonun şəxsiyyəti, yaradıcılığı haqqında fikir mübadiləsi təşkil edir.

Professor Ə.Zeynalovun "ABŞ-ın Şimali Karolina Ştatının Fraleigh şəhərinin "LuLu" nəşriyyatında işıq üzü görən növbəti kitabı "İrəvan ziyalıları" dır. Kitabın redaktorları professor Əfqan Abdullayev və ADU-nun doktorantı Səbinə Zeynalova, rəyçilər mərhum akademik Budaq Budaqov və professor Teymur Əhmədovdur. Əsər ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən tarixi-etnik torpaqlarından deportasiyası", 18 dekabr 1997, 16 mart 1998-ci il "Azərbaycanlıların soyqırımı" haqqındakı sərəncamları və Respublika Prezidenti cənab İlham Əliyevin "Biz hamımız yaxşı bilirik ki, indiki Ermənistan dövləti azərbaycanlıların tarixi torpaqları üzərində yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur mahalı və digər regionlar bizim tarixi torpaqlarımızdır" sözləri ilə açılır. Kitabda Sankt-Peterburq və Moskva nəşrlərinə dünya şöhrətli rus alimləri Boris Anatolyeviç Starkov və Rudolf Nikolayeviç İvanovun yazdığı ön sözlər təqdim olunub. B.A.Starkov yazır ki, rus oxucusu heç də elə başa düşməsin, burada söhbət Ermənistanın paytaxtı İrəvandan gedir. Bu kitabda əvvəllər əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılardan və onların yetişdirdiyi ziyalılardan danışılır. O, faktiki olaraq kitabın hər sətrində qeyd edir ki, İrəvan qədimlərdən azərbaycanlıların şəhəridir. Alim fikrini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının üçüncü cildinin 571-ci səhifəsinə müraciət edib göstərir ki, XIV əsrin sonlarından XIX əsrə, həmçinin 1920-ci ilə kimi İrəvan Azərbaycan şəhəri olmuşdur.

Ə.Zeynalovun istər Bakıda Azərbaycan, rus və ingilis dillərində, istərsə də dünyanın iki ən böyük, nəhəng xristian dövlətində - Rusiya (2011, 2013) və Amerika Birləşmiş Ştatlarında (2016) işıq üzü görmüş "İrəvan ziyalıları" kitabının üz qabığında İrəvandakı Göy məscidin şəklinin əks olunması bu şəhərin müsəlman dünyasına, müsəlman aləminə məxsus olduğunu bir daha təsdiq edir. ADU-nun dosenti Misgər Məmmədov bu zəhmətkeş alim haqqında qələmə aldığı "Ədəbiyyatşünaslıqda ziyalılıq fenomeni" adlı məqaləsində yazır: "Əsgərin məqsədi bu əsəri ("İrəvan ziyalıları"nı) yazmaqda o idi ki, İrəvan bizim torpağımız yox, bizim vətənimizdir".

Ə.Zeynalov bu tədqiqatı ilə təkcə azərbaycanlı araşdırmaçıları, oxucuları deyil, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan alimləri də, rus, ingilis oxucularını da inandırır ki, İrəvan azərbaycanlıların vətənidir. Alim uzun illərin axtarışlarından sonra İrəvanın 180-200 illik nəsillərini üzə çıxarıb: İrəvanilər, Muğanlinskilər, Mirbabayevlər, Erivanskilər, Qazıyevlər, Topçubaşovlar...

"İrəvan ziyalıları" kitabına söykənən hər iki rus alimi- B.A.Starkov və R.İ.İvanov qeyd edirlər ki, Azərbaycanın bir çox tanınmış, görkəmli adamları öz şəhərinə bağlılıqlarını bildirmək üçün "İrəvani" təxəllüsünü götürüblər: Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Qasım İrəvani, Əbulqasım İrəvani, Aşub İrəvani.

Kitabdan bəlli olur ki, XX əsr Azərbaycanın elm, mədəniyyət, incəsənət, ədəbiyyat aləmini İrəvandan çıxan ziyalılarsız təsəvvür etmək mümkün deyil. Rus alimləri də bu həqiqətin üzərinə dönə-dönə qayıdıblar. Onlardan bir neçəsinin adını çəkmək, bizcə, kifayət edər: Azərbaycan Elmlər Akademiyasının ilk akademikləri - Mustafa bəy Topçubaşov və Heydər Hüseynov, görkəmli ictimai xadimlər Əziz Əliyev, Maqsud Məmmədov, Həsən Seyidov, Xalq rəssamı Kamil Əliyev, bəstəkar Səid Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, görkəmli ədəbiyyatşünas alimlər Cəfər Xəndan, Mirəli Seyidov, fizioloq alimlər - akademik Hüseyn Həsənov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov... Ə.Zeynalov, B.Starkovun sözlərilə desək, kitabının hər sətrində doğma yurduna, torpağına sevgisini bildirir. Və müəllif heç zaman pessimizmə qapılmır, o bütün varlığıyla inanır ki, onlar bir gün öz Vətənlərinə qayıdacaqlar. O, söhbətlərində tez-tez bir ifadəni işlədir: Qəlbimizdə bir həsrət var, bir inam. Həsrət yurd həsrətidir, inam o yerlərə qayıtmaq inamıdır.

Bu gün mühüm əhəmiyyət kəsb edən, milli qeyrət, öz tarixi keçmişinə hörmət və təəssübkeşlik hisslərindən yoğrulub ərsəyə gətirilmiş "İrəvan ziyalıları" kitabının Sankt-Peterburq və Moskvadan sonra Amerika Birləşmiş Ştatlarında işıq üzü görməsi professor Ə.Zeynalovun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətidir. Elə bu səbəbdəndir ki,  "İrəvan ziyalıları" kitabı 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunub.

Ə.Zeynalovun xaricdə nəşr olunmuş üçüncü kitabı "Hüqo - Fransız ədəbiyyatı milyarderi" əsəridir. Kitab Almaniyanın Saarbrücken şəhərinin "Seholars Press" nəşriyyatında işıq üzü görüb. Bu azərbaycanlı alimin respublikamızdan kənarda nəşr olunan altıncı kitabıdır.

Kitabda dahi fransız ədibinin keşməkeşli, mübarizəli, sürgünlü, bəzən də şən keçirdiyi ömür yoluna və yaradıcılığına nəzər salınıb, əsərlərinin Azərbaycan dilinə tərcüməsi və tədqiqi tarixi məsələsinə diqqət yetirilib, poeziyası, nəsri geniş, əhatəli təhlilə cəlb olunub.

Cəsarətlə demək olar ki, bu gün professor Ə. Zeynalov Azərbaycan elmini dünyaya tanıdan istedadlı alimlərimizdən biridir. O, həm də çox vətənpərvər, elinə-obasına sadiq bir insandır. Tədqiqatçının xaricdə nəşr olunmuş kitablarının hamısında müəllif haqqında məlumat verilərkən yazılır: "Əsgər Məmməd oğlu Zeynalov 1951-ci ildə sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində anadan olmuşdur". Bu ifadə ilə o, sanki İrəvan şəhəri, Zəngibasar mahalı ilə yanaşı Səda, Çegem, Şəkər aulları kimi öz doğma Yuxarı Necili kəndini də dünyada tanıtmaq istəyir.

Ə.Zeynalov Türkiyə, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və qurultaylarda iştirak edib, məqalələri Rusiya, İran və Türkiyədə nəşr olunub, Rusiyada (Sankt-Peterburq-2011, Moskva-2013), eləcə də Fransa (2015), ABŞ (2015, 2016) və Almaniyada (2016) kitabları işıq üzü görüb. Professor Ə.Zeynalovun yaradıcılığına B.A.Starkov, R.N.İvanovdan əlavə, Fon Lui Bakke Qrammon, Arno Laster kimi dünya şöhrətli alimlər yüksək qiymət verib, kitablarına ön söz yazıblar. Azərbaycanlı alim haqqında Fransanın ən nüfuzlu orqanlarından olan "LEST Republicain" qəzetində 2007 və 2014-cü illərdə və Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində 2013-cü ildə məqalələr dərc olunub. Onun barəsində yazılan hələlik sonuncu məqalənin müəllifi isə görkəmli hüqoşünas alim A.Lasterdir.

30 kitabın, 350-dən artıq elmi -publisistik məqalənin müəllifi olan Ə.Zeynalov çoxşaxəli elmi yaradıcılığına, "Volter yaradıcılığında Şərq" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsinə baxmayaraq, beynəlxalq aləmdə daha çox Hüqo üzrə mütəxəssis kimi tanınır. Fransa səfərlərində dəfələrlə onunla birlikdə olan səfər yoldaşı ADU-nun professoru Çəmən Babaxanovanın "Onu Fransada Hüqonun mütəxəssisi kimi yaxşı tanıyırlar" məqaləsi də bu fikri əyani surətdə təsdiq edir. Ç.Babaxanova yazır: "2014-cü il iyulun 22-də Franş Konte regionunun vitse-prezidenti ilə görüşdə Ə.Zeynalov 20 dövlətin nümayəndələrinin iştirak etdiyi Edqar For zalında heç bir qeydə baxmadan fransız dilində elə çıxış etdi ki, ondan sonra dönə-dönə təklif olunsa da, heç kəs cəsarət edib danışmadı... Belə çıxış etmək üçün professor Ə.Zeynalov kimi cəsarətli, yüksək hazırlığa malik alim olmaq lazımdır".

Zəhmətkeş alim, səmimi və təvazökar insan Əsgər Zeynalovu ABŞ-da və Almaniyada işıq üzü görmüş kitabları münasibətilə təbrik edir, ona bu çətin, lakin şərəfli işdə uğurlar arzulayır, əsərlərinin xarici ölkələrdə yeni nəşrlərini gözləyirik.

Aynur SABİTOVA
Azərbaycan Dillər Universiteti Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 





17.03.2016    çap et  çap et