525.Az

Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi qeyd edildi - Fotoreportaj


 

Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi qeyd edildi - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanın Qırğızıstandakı səfirliyi Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə martın 17-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun 130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə Qırğız Respublikasının hökumət üzvləri, deputatlar, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak ediblər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Bolot Osmonov tədbiri açaraq, Azərbaycan səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Sonra Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov çıxış edib.

Qırğız nazir növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə görə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucova təşəkkür edib, dahi sənətkar Üzeyir Hacıbəyovun yubileyinin Bişkekdə keçirilməsinin xüsusi önəm daşıdığını, qırğız xalqının ona böyük rəğbət bəslədiyini qeyd edib.

Səfir son zamanlar həm Azərbaycanda, həm də  Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib.

Bildirib ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilib.

Səfir son üç ildə humanitar sahədə çoxsaylı tədbirlərin bəzilərini xüsusi ilə qeyd etmiş, eyni zamanda bildirib ki, hal-hazırda da bir-neçə mühüm tədbirin keçirilməsi planlaşdırılır:

“Yaxın aylarda Azərbaycan Respublikasının Qırğız Respublikasinda Səfirliyi və Qırğızstan  Xalqları Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin təşəbbüsü ilə Qırğızstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə elan olunmuş 2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə həsr olunan tədbir keçiriləcək. Biz, eyni zamanda, Qırğızstanda Azərbaycan və Azərbaycanda Qırğızstan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlaşırıq."

Səfir H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu qeyd edib.

O, belə tədbirlərin təşkil olunması iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirib.

Səfir yaşlı nəslin “Arşın mal alan” operettasına yaxşı bələd olduğunu, yeni nəsilə də bu operetta xoş gəldiyini, çünki bütün nəsillər üçün  heç zaman dəbdən düşməyən inci olduğunu xüsusilə vurğulayıb.

Qırğızıstan Milli Akademik Opera və Balet teatrının solisti Asel Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında “Arşın mal alan” operettasından partiya ifa etdiyini, “Arşın mal alan”ın dünyanın 76 ölkəsində 187 teatrda səhnələşdirildiyini yubiley iştirakçılarının diqqətinə çatdırıb.

Səfir deyib ki, Üzeyir Hacıbəyovun yaratdığı yüksək insani duyğuların himninə çevrilib.

Üzeyir Hacıbəyovun yaradıcılığında şərq və qərb musiqi tərzləri birləşdirilib, Azərbaycan xalq musiqisi elementləri Avropa klassik ənənələrinə uyğunlaşdırılıb.

Sonra səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə, Azərbaycandan gələn opera müğənnilərinə, gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, qonaqlara, Üzeyir Hacıbəyov kimi dünya klassik musiqi korifeyinin əsərlərinə göstərilən sevgiyə gorə təşəkkürünü bildirib:

"Üzeyir Hacıbəyovun yubileyinin Novruz bayramı ərəfəsində keçirilməsi fikrimcə, təbii haldır, çünki bahar-Novruz – təbiətin, zamanın oyanışını, təzələnməsini təcəssüm etdirir, Üzeyir Hacıbəyov isə bütün müsəlman dünyasında klassik musiqinin baharı-novruzu idi."

Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət olan qala-konsert baş tutub.

Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın xalq artisti Jumakadır Kanimetov, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın Xalq artisti Azər Zeynalov, Azərbaycanın Əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış ediblər.

Qala-konsertin rejissoru İskender Saatbayevdir.

 





18.03.2016    çap et  çap et