525.Az

Zəhərli maddələrlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edildi


 

Zəhərli maddələrlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edildi<b style="color:red"></b>

Milli Məclisin (MM) martın 18-də keçirilən növbədənkənar iclasında “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bununla əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklər müzakirə olunub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı” və “Zəhərli maddələrin siyahısı”nın təsdiq edilməsi təklif olunur. 

Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında 81 maddə, zəhərli maddələrin siyahısında isə ilan zəhəri də daxil olmaqla, 22 maddənin adı var. Qeyd hissəsində bildirilir ki, siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir.

Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə isə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər.

Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik təklif edilir.

240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən güclü təsir edən maddələrə münasibətdə satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

240-cı maddənin “Qeyd” hissəsində  edilən dəyişikliyə görə isə “külli miqdarda” sözündən əvvəl “güclü təsir edən maddələr” sözü əlavə edilir.

Qeyd edək ki, müzakirələrdən sonra sözügedən qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Kamil Həmzəoğlu

 





18.03.2016    çap et  çap et