525.Az

Gürcü alimin “Füzuli” monoqrafiyası Tbilisidə nəşr edilib


 

Gürcü alimin “Füzuli” monoqrafiyası Tbilisidə nəşr edilib<b style="color:red"></b>

Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış alim Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası gürcü və Azərbaycan dillərində nəşr olunub.

Kitabda Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı geniş təhlil olunur. Monoqrafiya ilk dəfə gürcü dilində işıq üzü görüb.

Monoqrafiyanı ana dilimizə Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi-alim Mirzə Məmmədoğlu tərcümə edib. Dahi Azərbaycan şairinin vəfatının 460-cı ildönümünə həsr olunan bu kitab elə M.Məmmədoğlunun öz vəsaiti hesabına nəşr olunub.

M.Məmmədoğlu AZƏRTAC-a müsahibəsində deyib: “Məşhur türkoloq, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş Elizbar Cavelidzenin monoqrafiyanı yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü oxucusunu XVI əsr Azərbaycanın məşhur sənətkarı, Şərqin böyük şairlərindən biri Füzulinin həyat və yaradıcılığı ilə tanış etməkdir. Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik sahəsində məhsuldar işləyən Cavelidze “Oğuznamə”ni, tərcüməçi-araşdırmaçı Giorgi Şağulaşvili ilə birlikdə isə “Dədə Qorqud” dastanını gürcü dilinə tərcümə edib”.

Bildirilib ki, kitabda tanınmış gürcü alimi Apollon Silaqadzenin “Gürcü türkologiyasının lideri” adlı yazısı və XVIII əsrdə Füzulinin Gürcüstan Milli Əlyazmalar Mərkəzində saxlanılan gürcü transkripsiyası ilə yazılan qəzəli də yer alıb.

 





19.03.2016    çap et  çap et