525.Az

“İnformasiya cəmiyyətinin inkişafında medianın rolu”


 

KONFRANS MEDİANIN İNKİŞAFINI DƏSTƏKLƏMƏK MƏQSƏDİLƏ TƏŞKİL OLUNUB

“İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” <b style="color:red"></b>

Dünən Mətbuat Şurası, Qlobal Karyera İnstitutu və Türkiyənin Yeni Yüzyıl Universitetinin təşkilatçılığı ilə “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, konfrans medianın inkişafını dəstəkləmək məqsədilə təşkil olunub.

Şura sədri Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafı, hər iki ölkənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə dəstəyindən danışan Ə.Amaşov vurğulayıb ki, qardaş ölkə bütün məsələlərdə Azərbaycana öz köməkliyini göstərir: “Ümumiyyətlə iki ölkə arasında münasibətlərin kökündə tarixi dostluq, qardaşlıq əlaqələri dayanır. Türkiyə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına görə, bugünə qədər rəsmi İrəvanla diplomatik əlaqə qurmayıb, sərhədlərini işğalçı ölkənin üzünə bağlayıb. Azərbaycan da öz növbəsində Türkiyəyə öz dəstəyini göstərir. İstənilən məsələdə iki ölkənin maraqları uzlaşdırılır”.

Azərbaycanın jurnalistikasının tarixi barədə fikirlərini bildirən deputat deyib ki, mətbuatımızın tarixi qədim olsa da, dövlətimizin müstəqillik tarixi bundan azdır: “Ona görə də əminəm ki, Türkiyə Azərbaycana bu sahədə də öz dəstəyini göstərəcək”.

Yeni Azərbaycan qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə tədbirin formatını xüsusi qiymətləndirərək qeyd edib ki, informasiya cəmiyyətini formalaşdıran mediadır: “Bu, böyük güc deməkdir. Daha dəqiq “yumşaq güc” ifadəsi bu sahənin imkanlarına aid edilir”.

H.Babaoğlu hesab edir ki, hazırda beynəlxalq münasibətlər sistemində media elə bir səviyyəyə gəlib çatıb ki, təhlükəsizliyin təmin olunmasında hərbi güc qədər əhəmiyyətə malikdir.

Deputat əlavə edib ki, qlobal və regional konteksdə Türkiyə və Azərbaycanın təhlükəsizliyi hər iki ölkə rəhbərliyi və ictimaiyyəti üçün eyni dərəcədə əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələrdən şahidi olduğumuz qədər Qərb imperializmi medianın gücündən istifadə edərək lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti həyata keçirir.

Qlobal Karyera İnstitutunun rəhbəri Orxan Həsənoğlu bildirib ki, onun rəhbərlik etdiyi institut dünyanın bir çox ölkələrində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, bugünki tədbiri keçirməkdə məqsəd Türkiyə təcrübəsindən faydalanaraq Azərbaycanda sağlam medianın formalaşmasına töhfə verməkdir.

Çıxışlardan sonra Yeni Yüzyıl Universitetinin Əlaqələr (İletişim) fakültəsinin dekanı, professor Aysel Əziz “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda təqdimatla çıxış edib. Tədbirin sonunda isə iştirakçılara sertifikat təqdim olunub.

Ceyhun ABASOV

 





19.03.2016    çap et  çap et