525.Az

Yaponiyada sakuralar çiçəkləməyə başlayıb


 

Yaponiyada sakuralar çiçəkləməyə başlayıb<b style="color:red"></b>

Cari ildə Yaponiyada sakuralar ötən ildəkindən iki gün tez çiçəkləməyə başlayıb. Bu gündoğar ölkənin rəmzinə çevrilmiş sakura ağacı gilənarın Uzaq Şərq növlərindən biridir.

Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, ilk çiçəklər Fukuoka şəhərindəki sakura ağaclarında qeydə alınıb. Meteoroloqlar ağacların 2015-ci ildə olduğundan tez çiçəkləməsinin səbəbini qlobal istiləşmə ilə əlaqələndirirlər. Son günlər termometrlərin sütunu müsbət 20 dərəcə selsidən yuxarı qalxıb.

Yaponiyada sakuraların çiçəkləməsini Meteorologiya İdarəsinin hər il martın əvvəllərindən başlayaraq gilənar talalarına nəzarəti həyata keçirən xüsusi mütəxəssisləri izləyirlər. Ağaclarda ilk beş çiçəyin açması Yaponiyada yerli sakinlərin və turistlərin axınına səbəb olan dövrün başlandığını xəbər verir. Məhz bundan sonra Tokionun mərkəzində yerləşən Yasukuni şintoist məbədindəki sakuralar yerli sakinlərin diqqət mərkəzinə çevrilir. Məhz bu məbəddəki ağacların çiçəkləməsi Yaponiya paytaxtına sakura çiçəklərindən zövq almaq dövrünün çatdığını xəbər verir.

Yaponlar sakuranı vətənlərinin rəmzi, onun çiçəklərini isə qeyri-rəsmi gerb kimi qəbul edirlər. Ölkənin əsas ərazilərində sakuranın çiçəkləməsi aprelin ortalarına təsadüf edir. Məhz həmin vaxt Yaponiya ərazisinin böyük hissəsi çəhrayı rəngli çiçəklərin müxtəlif çalarları ilə örtülür. Yerli sakinlər və çoxsaylı turistlər sakura ağacları altında kütləvi pikniklər təşkil edərək onun çiçəklərindən zövq alır, şənlənirlər. Bəzi yaponlar cənubdan şimala doğru xüsusi turlara qatılaraq Yaponiyanın bütün guşələrində cakuranın çiçəkləməsini seyr edirlər.

Yaponiya ədəbiyyatında sakura çiçəklərindən zövq almaq fəlsəfəsi Heyan dövrünə təsadüf edir. Öz gözəlliyi və ətri ilə qısa müddət yaşayan bu çiçəklər insanlara yüngül kədər hissi gətirərək həyatın da çox az davam etdiyini xatırladır, imkan daxilində ondan daha çox zövq almağa çağırır.

 





21.03.2016    çap et  çap et