525.Az

Tariximiz mənəviyyatımızdır


 

Tariximiz mənəviyyatımızdır<b style="color:red"></b>

Tariximiz azərbaycançılıq mövqeyindən, milli dəyərlərimiz nöqteyi-nəzərindən araşdırılmalıdır. Onun, ümumən, türk xalqları tarixi konteksində öyrənilməsi çox vacibdir. Tarixçi, təcrübəli pedaqoq Nəzmiyyə Mehdiyevanın qənaətinə görə, keçmişimiz uzun illər yunan, ərəb, fars, Avropa və rus mənbələrinə istinadən tədqiq olunduğundan bir çox mətləblərə lazımınca aydınlıq gətirimək mümkün olmayıb. Əlbəttə, həmin mənbə müəlliflərinin tarixi faktlara mənsub olduqları xalqların mənafeyinə uyğun yanaşmadıqlarına, qərəzli olmadıqlarına, saxtakarlıq, təhriflər etmədiklərinə zəmanət vermək çətindir. Elə bu səbəbdən də tarixşünaslıq elmində tədqiqat işləri yeni müstəviyə çıxarılmalı, milli mənəvi dəyərlərimizin süzgəcindən keçirilməlidir. Bu zaman milli və türkdilli tarixi qaynaqlara üstünlük verilməlidir. Doğrudur, müstəqillikdən sonrakı illərdə bu istiqamətdə bir çox uğurlara imza atılıb, sanballı tədqiqat materialları işıq üzü görüb. Lakin bu sahədə hələ çox işlər həyata keçirilməlidir.

N.Mehdiyevanın fikrincə, orta məktəblərdə tarix fənninin tədrisində göstərilən tələblərə xüsusilə ciddi riayət olunmalıdır. Tədris prosesində gənc nəslə keçmişimizi dəqiqliklə mənimsətmək, yüksək vətənpərvərlik hissləri aşılamaq üçün ibrətamiz tarixi faktlara, dövlətçiliiyimizdə, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olmuş şəxsiyyətlərin həyat və fəaliyyətlərinə dair materiallara müntəzəm müraciətlər edilməlidir. Dərsliklərdə bunlar mütləq nəzərə alınmalıdır. Müəllim də öz növbəsində mövzulara müstəqil şəkildə yanaşmağı və münasibətini bildirməyi bacarmalıdır. Nəzmiyyə müəllim söhbət zamanı narahatlıq doğuran bir məsələyə də toxunaraq qeyd edib ki, son vaxtlar mətbuatda, bəzi televiziya verilişlərində xalqımızın tarixində böyük xidmətləri olmuş görkəmli şəxslərin xırda nöqsanlarının, səhvlərinin əsassız olaraq qabardılması, onların mövqeyinə kölgə salınmasına cəhd etmək meylləri nədənsə çoxalıb. Hər birimizin qəlbində məhəbbət qazanan bu insanların nüfuzuna xələl  gətirilməsinə hesablanmış belə addımların qarşısı hökmən alınmalıdır. Nəzmiyyə Mehdiyeva bildirib ki, çalışdığı Ağcabədi şəhər 4 saylı orta məktəbində dərsləri tədris edərkən obyektiv tarixi faktlara əsaslanmağa çalışır, milli ruhlu materiallardan yararlanmağı üstün tutur. Özünün dediyi kimi, hər bir mövzunu şagirdlərə dərindən öyrətmək məqsədilə o, ən müasir təlim formalarından, üsullarından, əyani və texniki vasitələrin, kommunikasiya texnalogiyalarının imkanlarından geniş istifadə edir.

Nəzmiyyə müəllimin gündəlik məşğələlərdə, açıq dərslərdə adət-ənənələrimiz, milli bayramlarımız, tarixi günlərimiz, dövlət atributlarımız ilə əlaqədar nümayiş etdirdiyi orijinal səhnələr, oyunlar, bilik yarışmaları şagirdlərin diqqəti çəkir, böyük marağına səbəb olur. Tarix dərslərində əyaniliyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan pedaqoq bu sahədə tarixi yerlərə, muzeylərə ekskursiyaların təşkil olunmasını vacib rol oynadığını qeyd edərək metodik vasitələrin, müxtəlif dövrləri əks etdirən tədris xəritələrinin az nəşr olunması, dərsliklərdə nöqsanlara yol verilməsi barədə bəzi iradlarını da bildirib.

Yəhya PAŞAZADƏ

 





06.02.2013    çap et  çap et