Türkiyədə "Gənclərin işsizlik probleminin həllində təhsilin rolu" mövzusunda 5 ölkədən (Bosniya və Herseqovina, Türkiyə, Tunis, Rumunya, Azərbaycan) 55 nəfər gəncin iştirakı ilə beynəlxalq layihə həyata keçirilib.
Birlikdən 525.az-a verilən məlumata görə, Düzcə İl Milli Təhsil İdarəsinin təşkilatçılığı ilə "Erasmus Plus" proqramı çərçivəsində gerçəkləşdirilən tədbirdə Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyi təmsil edib.
İctimai Birliyin tərəfdaşı olduğu layihədə iştirakçı ölkələrin təhsil sahəsində çalışan menecerləri, pedaqoji heyət nümayəndələri, müəllim peşəsinə yiyələnən gənc tələbələr, müxtəlif özəl təhsil müəssisələrinin nümayəndələri iştirak edərək təhsilin işsizlik probleminin həllinə təsiri haqqında müzakirələr aparıblar.
Türkiyənin turistik bölgəsi olan Akçakoca şəhərində, bu ilin mart ayında gerçəkləşdirilən layihədə iştirakçılar Türkiyə təhsil sistemi, Düzcə şəhərində fəaliyyət göstərən peşə-ixtisas liseyləri və s. ilə yaxından tanış olublar.
Layihə çərçivəsində 11 nəfərlik Azərbaycan nümayəndə heyəti tərəfindən ölkədə mövcud olan təhsil proqramları, işsizliyin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbir və proqramlar haqqında təqdimatlar keçirilib. Həmçinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq layihələr, xüsusilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi haqda geniş təqdimat nümayiş olunub.
Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm potensialı haqqında da layihə iştirakçılarına məlumatlar verilib.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi dörd ilə yaxındır ki, fəaliyyət göstərir. Fəaliyyəti müddətində davamlı olaraq gənclərin beynəlxalq layihələrdə iştirakını təmin etməklə, ölkənin təbliğində gənclərin rolunu artırmaq istiqamətində uğurlu addımlar atır.
çap et