525.Az

Rusiya Suriyadan çəkildimi?


 

Rusiya Suriyadan çəkildimi?<b style="color:red"></b>

Rusiyanın yaşadığı iqtisadi çətinlik Suriyadan hərbi qüvvələrini geri çəkmək üçün səbəblərdən biri ola bilər. Amma bu, əsas səbəb deyil. Rusiyanın Suriyadan çəkilməsinin bir sıra digər səbəbləri var.

Düzgün siyasi hədəf təyin edilmədiyi halda hərbi güclə atılan addımlar uğursuzluqla nəticələnə bilər. Rusiyanın tarixində Əfqanıstan kimi acı təcrübə var. Rusiya hökuməti daxilində Suriyaya müdaxiləyə qarşı olanlar da çox idi və onlar ikinci Əfqanıstan yaşamaq istəmirdilər. Putinin Suriyadan çəkilmə qərarı siyasi elitanı sakitləşdirmək üçün də hesablanmış ola bilər.

Rusiya Suriyada heç zaman siyasi hədəflərini açıq göstərmədi. Suriyadan çıxarkən heç kim "Rusiyaya hədəfinə çata bilmədi'' deyə bilməyəcək. Rusiyanın əsl məqsədi İŞİD-in məhv edilməsi və ya Əsəd rejimini hakimiyyətdə saxlamaq deyildi. Rusiyanın bombaladığı ərazilər və Türkiyə sərhədində vurulan rus qırıcı təyyarəsinin hərəkət bucağı bunu deməyə əsas verir.

Putinin sözlərinə görə, Rusiya hərbçilərinin Tartusdakı dəniz və Latakiyadakı Hmeymim aerodromundakı aviasiya bazaları əvvəlki rejimdə işləyəcək. Suriyaya müdaxilə ilə Rusiya regionda hərbi bazalarının sayını artırdı və bu bazaların hansı müddətə Suriyada qalacağı məlum deyil. Bundan əlavə, Suriyanın qərbində yerləşən hər iki baza Türkiyə sərhədləri yaxınlığındadır və Aralıq dənizinin şərqinə nəzarət etməyə tam imkan verir. Aralıq dənizinə çıxış Rusiyanın həmişə milli maraqları çərçivəsində olub. Bu gedişlə o, öz milli maraqlarına yaxınlaşmağa başlayıb. Eyni zamanda Rusiyanın Yaxın Şərqdəki mövqeyi əhəmiyyətli dərəcədə güclənmiş oldu.

Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra Əsəd rejimi daha güclü vəziyyətdədir. Putin Əsədi tərəf olaraq qəbul etdirməyə çalışır. Çünki Rusiyanın Aralıq dənizinin şərqində mövqelərini qorumaq üçün daha güclü Əsəd rejiminə ehtiyacı var.

ABŞ isə bu mövqe ilə razılaşmaq istəmir. Rusiyanın Suriyadan çəkilməyə başlamasından dərhal sonra ABŞ Dövlət katibinin sözçüsü Mark Toner Əsədin getmək vaxtının çatdığını bildirib.

Suriyaya müdaxilədən 5 ay yarım sonra çəkilmənin digər səbəblərinə gəldikdə isə, uzun müddətdir Ukrayna probleminə görə Rusiya Qərblə əməkdaşlıq edə bilmirdi. Bu müdaxilə ilə Rusiya geosiyasi mövqeyini qoruyub Qərbin onunla əməkdaşlıq etməsinə şərait yarada bildi.

Bundan başqa İŞİD komandiri Ömər əş-Şişaninin (Çeçen Ömər) öldürülməsi xəbərləri yayıldı. Başına 5 milyon dollar qoyulan, əslən çeçen olan Ömər Gürcüstanda anadan olub. Bu şəxsin ölümü ilə Rusiya ölkə üçün təhlükə olaraq gördüyü radikal müsəlman qruplaşmalarına da mesaj vermiş ola bilər.

Burada başqa məqam da ortaya çıxır. Rusiyanın daxilində çoxlu sayda müsəlman yaşayır. Rusiyanın Suriyada müsəlman qruplaşmalara qarşı vuruşması Rusiya daxilindəki müsəlman icmasını qıcıqlandırırdı. Müsəlman icmasının qəzəbinə tuş gəlməmək istəyi də bu çıxma səbəblərindən biri ola bilər.

Bu siyahını uzatmaq mümkündür. Amma ümumi nəticədə Rusiya Suriyadan çəkilməklə özü üçün uğurlu taktiki gediş etmiş oldu.

Nəticə olaraq Rusiyanın Suriyadan çıxması problemləri həll etmir. Əsəd rejimi öz əsas dəstəyini itirdiyi üçün daxildəki tərəflər arasında müharibənin yenidən qızışması ehtimalı artır. Suriya müxtəlif bölgələrə parçalana bilər. Türkman-kürd-İŞİD üçlüyünün ayrı-ayrılıqda bu bölgələrə nəzarət etməsi mümkündür.

Newtimes.az
Ramil Tağıyev

 





28.03.2016    çap et  çap et