525.Az
Uçqun baş verən yataqxana ilə bağlı bu gün qərar veriləcək
Nazirlər Kabineti Bakının Xətai rayonunda uçqun baş verən yataqxana binası ilə bağlı bu gün müvafiq qərar verəcək.
APA-nın xəbərinə görə, bunu Xətai rayon İcra Hakimiyyətinin (İH) əməkdaşı Nizaməddin Əkbərov deyib.
N. Əkbərovun sözlərinə görə, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyi (FHN) hələ ötən ilin ikinci yarısında rəy verib:
“İcra Hakimiyyəti binada yaşayan sakinlərin siyahısını hazırlayıb. Orada bir məcburi köçkün ailəsi yaşayır, qalan 94 ailə isə toxuculuq fabrikinin işçiləridir. Yataqxanada bir nəfərin qeyri-yaşayış sahəsi var. Maliyyə Nazirliyi ötən ilin noyabrında sakinlərlə bağlı dəqiqləşmələr aparıb. Hansı sakinlərin çıxarış və ya orderlərə malik olduğu müəyyən olunub. Orada olan 76 mənzilin orderi var”.
N. Əkbərov deyib ki, FHN və İH binadakı durumla bağlı məktub hazırlayıb və məktub bu gün Nazirlər Kabinetinə təqdim olunub: “Bu gün günün ikinci yarısında Nazirlər Kabineti bina ilə bağlı müvafiq qərar verəcək”.
İH təmsilçisi onu da bildirib ki, dünən binada yaşayan 15 ailəyə yaxınlarının evində qalmaq tövsiyə olunub.
Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub.
29.03.2016
çap et