525.Az

Diplomatiya və siyasətdən uca...


 

... YAXUD RUH VƏ KÖNÜL BİRLİYİNİN TƏNTƏNƏSİ

Diplomatiya və siyasətdən uca...<b style="color:red"></b>

Müasir qloballaşma dövrü bəşəri sivilizasiya və tərəqqinin inkişaf meyllərini şərtləndirdiyi kimi, onun problemlərini də ortaya qoyur.
 
Humanizm, demokratiya, ölkələrarası beynəlxalq münasibətlər, dövlətlərarası əməkdaşlıq, insanların qarşılıqlı anlaşması və dostluğu sanki, müəmmalı təhdidlə üz-üzədir. Terror, qanunsuz silahlı birləşmələrin qanlı əməlləri, ksenofobiya, islamofobiya, lokal milli dözümsüzlüklər... Hətta, iş o yerə çatıb ki, multikulturalizmə, başqa sözlə, milli-mədəni özünəməxsusluğa bəzi dövlətlər münaqişə obyekti kimi baxır və bundan qarşıdurma silahı kimi istifadə edir. Belədə, nə köhnə siyasi incələmələr, nə də müasir diplomatik vasitələr kara gəlir. Daha incə, daha munis və insan ruhunu tərpədən, insan qəlbinə toxunan beynəlxalq əlaqələrə, daha səmimi ünsiyyət vasitələrinə ehtiyac duyulur. Siyasətdən daha ucada dayanan, mənəvi-əxlaqi və hətta ruhi dəyərlərə söykənən beynəlxalq və dövlətlərarası uğurlu bir fakta bu günlərdə şahidlik etdik. Dünya siyasətində bu dərəcədə riqqətli fakta təsadüf olunmayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə qardaşlıq jesti, ölkəyə dəstək səfəri bu mənada beynəlxalq siyasət və diplomatiyanın özü üçün bir yenilik, inkişaf etmiş dünya dövlətləri rəhbərlərinə və siyasətçilərinə maarifləndirici bir nümunədir.

Cənab İlham Əliyev bu incə siyasi və diplomatik davranışı ilə bir daha sübut etdi ki, tarixi böyük şəxsiyyətlər yaradır. Azərbaycan Prezidenti beləliklə, bütün dövlət başçılarına yeni tipli siyasətin və diplomatiyanın anonsunu verdi. Cənablar, fikirləşin, dünya idarəçiliyini bu dərəcədə laqeyd oyuna, əyləncəyə çevirmək olmaz! Onsuz da diplomatiya qurtaran yerdə müharibə başlayır. Müharibəyə təsadüfən ən kobud siyasət demirlər. Daha incə vasitələr tapmaq lazımdır. İnsan qəlbinə və insan mənəviyyatına yaxın, insan ruhunu oxşayan, insanda insan oyadan siyasi ünsiyyət vasitələri ortaya qoymaq lazımdır. Siyasəti insaniləşdirmək, insanı siyasətə qurban vermək yox, siyasəti insanın xidmətinə gətirmək lazımdır. Dünya xalqları bir-birini yaxşı tanımalı, bir-birini zənginləşdirməli, hər şeydən öncə, dünya Prezidentləri bir- birlərini sevməli, bir-birlərinə geniş qucaq açmalıdır. Belə misilsiz nümunənin də bu səfərdə şahidi olduq.

 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi birgə mətbuat konfransında geniş kütlə qarşısında, beynəlxalq aləmin seyrçisi olduğu media önündə dəfələrlə bir-birini bağrına basmaları, ayrılıb yenidən qucaqlaşmaları bütün dünya dövlət başçılarına bir nümunə deyildi, bəs nə idi?! Siyasəti yenən, ondan qat-qat yüksəkdə dayanan əxlaq və mənəviyyat qanunlarına söykənən bu nümunədən böyük mesaj ola bilərmi?! Bax, qardaşlıq budur, "Bir millət, iki dövlət" kodunun şifrəsi belə açılır. Ruhən, qəlbən, mənən yaxınlıq, doğmalıq belə təzahür tapır. İki prezidentin, iki liderin bir-birinə baxışlarında, isti, münis təbəssümlərində nələr yox idi? Əsl qardaşlar, əsl doğma insanlar bir-birinə belə baxa bilərdi. Bu baxışların alt qatında deyilənlərdən, danışılanlardan daha çox məntiq və məna vardı. Bu məhrəm və şəfqətli baxışlarda Ərdoğanın "Bu addım məsələnin ruh və könül birliyi olduğunu açıq şəkildə ortaya qoyur" sözləri parlaq şəkildə təcəssüm edirdi. Bu görüşlərdə, bu danışıqlarda, bu münasibətlərdə heç bir siyasət yox idi, qardaşın qardaşa daxili sevgisi və ruhsal ehtiyacı var idi. Hər iki dövlət başçısına daxili təpər, böyük ruh yüksəkliyi və tükənməz enerji də burdan qaynaqlanırdı.

Məsələnin rəsmi statistik tərəfi belədir ki, qardaş Türkiyədə baş verən qanlı terror hadisələri səbəbindən cənab Ərdoğanın az zaman çərçivəsində Azərbaycana gözlənilən səfərləri (iki dəfə) ertələnib. Bu il fevralın 17-də cənab Ərdoğan Bakıya səfər etməli idi. Səfərdən bir gün öncə, ayın 16-da Ankarada terror hadisəsi baş verdi. Martın 15-nə planlaşdırılmış səfər öncəsi də ayın 13-də yenidən ölkənin baş şəhəri Ankarada terror törədildi. Nə baş verirdi? Təsadüfmü, zərurətmi? Nə demək olar? Amma burası da var ki, həyatda təsadüflər bəlkə də yoxdur. Axı bu dünyada hər şey ya sınaq, ya cəzadır, ya mükafat, ya da hansısa bir hadisənin yaxınlaşmasını qabaqcadan bildirən əlamətlərdir. Bəli, yəqin elə buna görə də ayrı- ayrı siyasi şərhçilər bu hadisələrə münasibətdə müxtəlif rəydədir. Təsadüf sayanlar da var, məqsədyönlü səbəblər axtaranlar da... Lakin fakt faktlığında qalır ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri iki dəfə təxirə salındı. Sanki naməlum qüvvələr buna qadağa qoymuşdular, gözəgörünməz əllər Türkiyə Prezidentini tutub saxlayır və Azərbaycana buraxmırdı. Təbii ki, kritik situasiya yaranmışdı. Bəli, qeyri -standart siyasi situasiyalarda uzaqgörən və istedadlı siyasətçilər də, eləcə qeyri-standart hərəkətlər edirlər. Çünki onlar fövqəladə düşüncə sahibidirlər. Dövlət başçımız İlham Əliyev də məhz o anda - qardaş ölkədə baş vermiş davamlı bədbəxtliklər və faciələr məqamında fövqəladə düşüncə sahibi kimi davranaraq öz ruhi əzəmətini nümayiş etdirdi. Hər cür çətinlikdən, riskdən çəkinmədən, boy-boya dayanmış, el dili ilə desək, marığa yatmış düşmən dövlətlərin, qara qüvvələrin nə reaksiya verəcəyinə baxmadan, o çətin günlərdə, ağır anlarda qardaş xalqın yanında olmaq, qardaşı sandığı Ərdoğanla çiyin-çiyinə dayanmaq qərarı verən Prezident İlham Əliyev martın 15-də, Türkiyə Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulduğu gün geniş tərkibli nümayəndə heyəti ilə Türkiyəyə səfərə getdi. Burada nəzərdə tutulmuş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası müvəffəqiyyətlə baş tutdu və beləliklə də, İlham Əliyev bu müəmmalı vəziyyəti, bu kritik durumu ağılla, insanı mərdliklə, cəsarətlə və son dərəcə dönməz siyasi iradə ilə həll etdi. Sanki "Qordi düyünü"nü bir zərbəylə kəsib çözdü. Bununla da Ərdoğanın Azərbaycana gəlişinin alınmamasından doğan narahatlığı aradan qaldırdı və və türkiyəli həmkarını çətin dilemmadan qurtardı. Cənab İlham Əliyev bu addımı ilə ənənəvi siyasət anlayışına parlaq bir səmimiyyət çaları gətirdi. Təsadüfi deyil ki, bu gün dünya dövlətlərinin rəhbərləri içərisində İlham Əliyev qədər reytinqli az-az siyasətçi tapmaq olar. Bu isə bizim milli qürurumuz və fəxrimizdir.

İlham Əliyevin bu bəşəri mərdliyi, müdrikliyi və uzaqgörənliyi dünyaya Azərbaycan xalqının yüksək mənəviyyatının, Azərbaycan dövlətinin humanist xarakterinin təqdimatıdır. Prezidentimiz bir daha sübut etdi ki, siyasətdən və diplomatiyadan ucada dayanan bir anlayış var: qardaş sədaqəti. Bu anlayışı önə çəkən İlham Əliyev diplomatiyanın öyrəşilmiş sərhədlərini xeyli genişləndirdi. İstanbuldakı Yeni Yüzil Universitetinin prorektoru Yaşar Hacısalehoğlu tamamilə haqlı qeyd edir ki, İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir: "Prezident İlham Əliyev qətiyyət nümayiş etdirib, bu addımı atıb. Burada səmimiyyət, qardaşlıq şərtlərini tərəddüdsüz yerinə yetirmək, " Bir millət, iki dövlət" prinsipinə sadiqlik var. Bu addım istər Türkiyə- Azərbaycan münasibətləri, istərsə də diplomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb".

Prezident Ərdoğanın sözləri isə  bu barədə deyilən fikirləri daha da möhkəmləndirir: "Azərbaycan qara günün dostu olduğunu göstərdi".

Bəli, bu dönməz mövqe yalnız indi yox, zaman-zaman reallaşıb. Cənab İlham Əliyev tam məqamında, anında nə lazımdırsa, onu da edir. 2014-cü il aprelin 24-də Praqada "Şərq tərəfdaşlığı" sammitində Serj Sarkisyanın Türkiyəyə yönəlik hədyanlarına görə onun, necə deyərlər, ağzından vuran da məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu: "Burada Türkiyə rəhbəri yoxdur, lakin mən varam" . Yaxın tarixi vərəqləsək, Prezidentin fəaliyyətində belə qürurverici səhifələrlə çox rastlaşa bilərik.

Məlumdur ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 mühüm sənəd imzalandı. Ən mühüm məsələ isə bu idi ki, TANAP- la bağlı bütün siyasi tərəddüdlərə son qoyuldu və TANAP-ın taleyi birdəfəlik həll olundu. Bununla da Azərbaycan müstəqil siyasət yürütdüyünü, heç bir dövlətin marağına uyğun addım atmadığını, sülh və demokratik dəyərlərə sadiqliyini növbəti dəfə nümayiş etdirdi.

Mətbuat konfransında Prezident İlham Əliyevin beynəlxalq güc mərkəzlərinə, onların siyasi oyunlarına, ikili standartlarına yönəlik iradları, dünya xalqlarına haqlı humanist mesajları da diqqəti çəkdi. Bu məqamda o, təkcə ölkəsində yox, ümumən dünyada sülhə, ədalətə səsləyən bir lider kimi çıxış etdi.

Qaçqınlar probleminin həllində Türkiyə nümunəsini bütün dünyanın diqqətinə çatdıran İlham Əliyev bu sahədə əsas yükün Türkiyənin üzərinə düşdüyünü, Azərbaycanın vaxtilə belə bir acı təcrübə yaşadığını vurğuladı: "Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışıq".

Qurani-Kərimdə belə bir çağırış var : "İnanmış olarkən yararlı işlər görən kimsə haqsızlıqdan və haqqının yenəcəyindən qorxmaz" . Prezident İlham Əliyev bu səfəri ilə haqqın təntənəsini, qardaşlıq borcuna sadiqliyini, bəşəri dəyərlərə hörmətini yenidən nümayiş etdirdi və bütün dünyaya mərd-mərdanə şəkildə öz tarixi mesajlarını verdi.   

 





29.03.2016    çap et  çap et