525.Az

Aydın Hüseynov: "Daha çox meşəyə yaxın kəndlərin qazlaşdırılması vacibdir"


 

Aydın Hüseynov: "Daha çox meşəyə yaxın kəndlərin qazlaşdırılması vacibdir"<b style="color:red"></b>

"Azərbaycanda daha çox meşə örtüyünə yaxın olan kəndlərin, yaşayış məntəqələrinin qazlaşdırılması  vacibdir".

Bunu parlamentin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında millət vəkili Aydın Hüseynov dilə gətirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda torpaqların cəmi 10-15 faizini meşə örtüyü, meşələr təşkil edir:

"Yəni, bizdə meşələr, meşə torpaqları, meşə örtüyü elə də çox deyil. Amma çox təəssüflər olsun ki, meşələrə, meşə örtüyünə yaxın kəndlərin, yaşayış məntəqələrinin qazlaşdırılmasına bəzən ikinci dərəcəli məsələ kimi yanaşılır, bildirilir ki, onlar meşə örtüyünə yaxın olduqları üçün istilik problemini özləri birtəhər həll edə bilərlər. Bu, düzgün deyil. Çünki nəticədə meşələrimiz qırılır, məhv edilir, ekologiyamıza ciddi ziyan dəyir. Ona görə də hesab edirəm ki, əksinə, daha çox meşələrə, meşə örtüyünə yaxın kəndlərin, yaşayış məntəqələrinin qazlaşdırılmasına fikir verilməlidir".

Adıçəkilən komitənin sədri Eldar İbrahimov da millət vəkilinin fikirlərini müsbət dəyərləndirib. Eyni zamanda, bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə ciddi diqqət yetirir: "Təbii ki, kimlərsə də qanunsuz şəkildə meşələrə, meşə örtüyünə ziyan vurursa, onun da artıq qanunla müəyyən olunmuş cəzaları, maliyyə sanksiyaları var. Onlar da artıq məsuliyyətdən qaça bilməyəcəklər.

Həm də Allaha şükürlər olsun ki, ölkəmizin qaz ehtiyatları var. Artıq qaz problemindən şikayətlənməyinə dəyməz, yəni, bütün kənd və qəsəbələr qazlaşdırılmalıdır".

Kamil HƏMZƏOĞLU

 





31.03.2016    çap et  çap et