Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb.
Rusiyanın nüfuzlu şəxslərinin, ictimai xadimlərinin, incəsənət adamlarının, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların iştirak etdiyi açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib. Fonddan verilən məlumata görə, “Multimedia Art Muzey”in direktoru Olqa Sviblova və sərginin kuratoru Erve Mikaeloff çıxış edərək ekspozisiyanın əhəmiyyətindən, nümayiş olunan əsərlərin bədii-estetik məziyyətlərindən danışıb: “İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərgi Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamıdır. Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb. Azərbaycan rəssamlarının əsərləri 2007-ci ildən Venesiya Müasir İncəsənət Biennalesində mütəmadi olaraq sərgilənir. Bu baxımdan təkcə milli rəssamlıq ənənələrini deyil, həm də dünya incəsənətinin meyllərini incəliklə duyan Azərbaycan rəssamları Şərq ilə Qərbin sintezini məharətlə ifadə edir, geniş və məzmunlu mədəni dialoqun yaranmasına öz töhfələrini verirlər. Ekspozisiyaya daxil edilmiş əsərlər qədim tariximizdən, zəngin ənənələrimizdən, xalqımızın nəcib və incə hisslərindən müasir incəsənətin dili ilə söhbət açır”.
Sərgidə həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, “Kəpənək”, “Bizim keçmişimiz”, “Biri var idi, biri yox idi”, “Yalan”, “Tənhalıq” və digər əsərləri, tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri nümayiş etdirilir.
Sərgidə ziyarətçilərə Heydər Əliyev Fondunun hazırladığı rəssamların əsərləri əks olunan açıqcalar və kitabçalar paylanıb.
Sevinc HƏMİDLİ
çap et