525.Az

Azərbaycanın ilk uşaq telekanalı bir yaşında


 

Azərbaycanın ilk uşaq telekanalı bir yaşında<b style="color:red"></b>

Aprelin 1-də Azərbaycanın ilk uşaq telekanalı “Günəş TV”nin bir yaşı tamam olur. Televiziya ilk vaxtlar 16 saat yayımlansa da, 2015-ci il iyunun 1-dən 24 saatlıq yayıma keçib.

Efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”nin baş redaktoru Əfsanə Məmmədyarova AZƏRTAC-a müsahibəsində televiziyanın azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim etdiyini bildirib. Bildirib ki, ölkəmizin şimal bölgəsində yayıma başlayan “Günəş TV”nin efir proqramında müxtəlif cizgi filmləri ilə yanaşı, 15-ə yaxın uşaq verilişinə yer verilib. Bir neçə əməkdaşla işə başlayan televiziya qısa zaman çərçivəsində kollektivi ilə yanaşı, efir proqramlarını da genişləndirə bilib.

"REGİON TV" şəbəkəsinə daxil olan “Günəş TV” teleşəbəkədəki digər kanallarla sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində həmin kanalların istehsalı olan və regionda maraqla izlənən verilişlər “Günəş TV”nin efirində də yayımlanır. Bunlara azyaşlı uşaqlar üçün nəzərdə tutulan tərbiyəvi əhəmiyyətə malik, davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq vərdişləri aşılanan, eləcə də məktəblilərin intellektual yarışma verilişləri aiddir.

Yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirən "Günəş TV”də şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir.

Bir yaşını qeyd edən televiziya qısa müddətdə balaca tamaşaçılarda böyük maraq oyatmağı bacarıb. Hazırda televiziya texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işləri davam etdirir. “Günəş TV” gələcəkdə maarifləndirici verilişlərin sayını artırmaq niyyətindədir.

 





01.04.2016    çap et  çap et