525.Az

Baş nefroloq: “Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağıdır”


 

Baş nefroloq: “Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağıdır” <b style="color:red"></b> Böyrək xəstəliyi Azərbaycanda geniş yayılmış xəstəliklər sırasındadır. Bu xəstəliyin müalicəsində müasir müalicə üsulları ilə yanaşı, xalq təbabəti ilə müalicə yolunu seçən həkimlər də var.

Bəs “hansı müalicə metodu daha effektlidir, insanlar hansı müalicə üsuluna üz tutmalıdırlar” kimi suallara cavab tapmaq üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən əməkdar həkim, Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayevlə söhbətləşdik.

Professor müsahibəsində böyrək xəstəliklərinin müalicəsində dair maraqlı məqamlara toxunub.

- Azərbaycanda da geniş yayılmış böyrək xəstəliyi və böyrək çatışmazlığı ilə bağlı nə deyə bilərsiniz?

- Statistik məlumatlara görə, hazırda dünya əhalisinin 10%-də böyrəklərin xronik xəstəliyi var və əhalinin 10%-i də böyrək xəstəlikləri ilə xəstələnə biləcək risk qrupuna aiddir. Amerika Birləşmiş Ştatları əhalisinin 20 yaşdan yuxarı 14,6%-də böyrəklərin xronik xəstəliyi var və hər 1 mln. əhali sayına 1650 nəfər hemodializ müalicəsi alır. Azərbaycanda hər 1 mln. əhali sayına 300 nəfər olmaqla 3000-ə yaxın pasient hemodializ müalicəsi qəbul edir. Azərbaycanda böyrək xəstəliklərinin geniş yayılması şəkərli diabet, arterial hipertenziya, böyrəkdaşı xəstəliyi, piylənmə, böyrəklərin iltihabi-immun xəstəlikləri ilə əlaqədardır. Son illər böyrəklərin xronik xəstəliyinin müşahidə olunma tezliyi də artmaqdadır.

- Böyrək çatışmazlığını yaradan başlıca səbəblər nədir?

- Soyuqdəymələr, insanın immun sisteminin zəifləməsi, şəkərli diabet, arterial hipertenziya, piylənmə kimi problemlər bu xəstəliyin yaranmasına təkan verən əsas amillərdir. Ona görə də insanlar çox diqqətli olmalı və bu kimi problemlə üz-üzə qalmamaq üçün özlərinə düzgün nəzarət etməlidirlər.

- Bu xəstəliyə ən çox hansı yaş qrupunda rast gəlinir?

- Böyrək xəstəlikləri ən çox həyatın çiçəklənən yaş dövrlərində, 20-50 yaşlarda müşahidə edilir. Qadınlarda sidik yollarının iltihabi xəstəlikləri, piylənmə, kişilərdə arterial hipertenziya nəticəsində böyrəklər daha çox zədələnirlər.

- Bəs, böyrəkdaşı xəstəliyini yaradan başlıca faktorlar nədir və bununla necə mübarizə aparılmalıdır?

- Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağı sayılan ölkələr qrupuna aid edilir. Bunun səbəbi tam aydın olmasa da, isti iqlim, içməli suyun tərkibi və milli mətbəxin rolu olduğunu qeyd edilir. Allah xalqımıza çox xeyirli, möcüzəvi mineral sular bəxş edib. Bunlardan “Qalaaltı”, “Badamlı”, “Sirab” və digərlərini göstərmək lazımdır. Bu mədən sularının lazımi miqdarda qəbulu böyrəkaşı xəstəliyinin profilaktikası deməkdir. Böyrək daşının tərkibinə uyğun olaraq müvafiq pəhrizin saxlanması da vacib şərtlərdəndir.

- Bu problemi aradan qaldırmaq üçün əməliyyat vacibdirmi, ya müalicə yolu ilə bunun öhdəsindən gəlmək olar?

- Hələ 90 il öncə akademik Mirəsədulla Mirqasımovun və 60 il öncə akademik Cavadzadənin tədqiqatları göstərmişdir ki, diametri 0,8 mm az olan daşların sidik yollarından müalicədən sonra və ya müstəqil şəkildə xaric olması mümkündür. Bu ölçüdən böyük olan daşlar həkimlərin köməyi ilə endoskopik, yaxud əməliyyat yolu ilə xaric olunurlar.

- Bu gün bir çox insanları düşündürən suallardan biri də hər iki böyrəyin çıxarılmasından sonra onların əvvəlki həyat tərzinin yenidən eyni qaydada davam edib-etməməsi ilə bağlıdır. Sizin bu haqda fikirləriniz önəmlidir, hər iki böyrəyin çıxarılması insanların həyatı üçün təhlükəlidirmi?

- Yaradan bizə bütün orqanlar kimi, böyrəkləri də 4 qat ehtiyatla verib. Bu o deməkdir ki, bir böyrəyin çıxarılması həyat üçün heç bir təhlükə yaratmır. Bədəndə qalan tək böyrəyin də yarısı kəsilib götürüldükdən sonra insan yenə normal yaşaya bilər. Son zamanlar müəyyən xəstəliklərdən sonra hər iki böyrəyi çıxarılmış xəstələrimiz də olur. Onların həyatı süni böyrək cihazının köməyi ilə (Hemodializ) saxlanılır və imkan olan kimi böyrək transplantasiya olunur. Bundan sonra da onlar tam normal bir həyat yaşayırlar.

- Böyrək transplantasiyasından danışdınız, bu gün Azərbaycandakı mövcud vəziyyət necədir?

- Öncə onu qeyd edim ki, Azərbaycanda ilk böyrək transplantasiyasına 1971-ci ilin noyabrında akademik Cavadzadənin rəhbərliyi ilə başlanılıb. Bu əməliyyatlarda ilk iştirak edənlərdən biri də mən olmuşam.

Yadımda qalan maraqlı bir prosesi sizlə bölüşmək istəyirəm. O zaman avtomobil qəzasında həyatını itirən bir nəfərin böyrəyini sağlam insana köçürdük. Həmin insan 10 ildən çox yaşadı. Amma bu gün təəssüflər olsun ki, belə hallara ölkəmizdə çox az-az rast gəlinir. Həyatını itirmiş insanın böyrəyini sağlam birinə köçürmək istədiyimizi bildirəndə, ölü yaxınları buna çox sərt şəkildə reaksiya verirlər. Ona görə də mən düşünürəm ki, ölkəmizdə bu istiqamətdə maarifləndirmə işləri aparılmalı və insanlara bu yöndə məlumatlar vermək lazımdır.
Son illər isə Azərbaycanda böyrək transplantasiyası inkişaf edib. Cavadzadə adına Uroloji xəstəxanada, Neftçilər xəstəxanasında və Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında böyrək transplantasiyası geniş şəkildə həyata keçirilir. Təkcə 2015-ci il ərzində Azərbaycanda 130-dan çox böyrək transplantasiyası əməliyyatı yerinə yetirilib.

- Bəzi insanlar xalq təbabəti ilə bir çox xəstəliklərin, eləcə də böyrək xəstəliyində bəzi problemləri aradan qaldıra biləcəkləri düşüncəsindədirlər. Siz necə düşünürsünüz, xalq təbabətinin böyrək xəstəliklərinin müalicəsində nə kimi əhəmiyyəti var?

- Xalq təbabətində istifadə olunan vasitələrin, xüsusən də fitoterapiyanın böyrək xəstəlikləri zamanı, ilk növbədə böyrəkdaşı diatezlərində və xəstəliyində, böyrək və sidik yollarının iltihabi xəstəliklərində tətbiqi çox yaxşı nəticələr verir. Ən əsası da odur ki, şəfalı bitkiləri uşaqlara, hamilə qadınlara, qocalara da vermək olur. Digər tərəfdən, düzgün göstərişə görə istıfadə edilmədikdə dərman bitkilərinin də bəzən xəstələrə ziyanı ola bilər. Odur ki, bütün istifadə olunan fitoterapevtik tədbirlər həkim nəzarəti altında aparılmalıdır.

- Maye qəbulunun böyrək xəstəliyinin müalicəsində nə kimi rolu var?

- Gün ərzində sağlam insan 1600-2000 ml su içməlidir. Ancaq bəzi böyrək xəstəliklərində ehtiyac olduqda həkimin göstərişi ilə bu miqdar azaldıla və ya artırıla bilər. Nizami Gəncəvinin yazdığını heç zaman yaddan çıxartmaq lazım deyil: “Bir inci saflığı olsa da suda, artıq içildikdə dərd verir o da”.

Vəfa MƏMMƏDLİ
 





04.04.2016    çap et  çap et