525.Az

“Kitabi-Dədə Qorqud” dastanının poetikasina giriş”


 

ÖN SÖZ ƏVƏZİ, YAXUD POETİKANIN DANSÖKÜLƏNİNDƏ

“Kitabi-Dədə Qorqud” dastanının poetikasina giriş”<b style="color:red"></b>

Akademik Kamal Abdulla uzun illərdən bəri qələmə aldığı “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlı tədqiqat əsərini tamamlayıb.

Əsər qədim dastan poetikasının özəl, immanent xüsusiyyətlərini öyrənməklə yanaşı, onların yaranma səbəblərini, yaranma mühitini tədqiq edir. Əsərdə bənzətmə və müqayisələrin, təkrar və şişirtmələrin, digər poetik elementlərin ilkin, ibtidai məqamları müəyyənləşdirilir, onların sonradan klassik formalara keçid perspektivləri öyrənilir.

Monoqrafiyada müxtəlif yaranış mərkəzlərinə məxsus olan qədim dastanların bir-birilə səsləşdiyi məqamlar ciddi elmi təhlilə cəlb edilir. Poetik təzahür, onun bazası və qaynaqları, o cümlədən, mifoloji energiya, poetik potensial, poetik şərait, poetik məqam monoqrafiyanın əsas çıxış nöqtələri kimi özünü göstərir.

Qədim mifoloji təfəkkürdən yazının klassik mədəniyyət nümunəsi kimi özünü göstərdiyi vaxta qədər Dastan təcrübəsinin yığdığı ilkin, ibtidai poetik energiya saf-çürük edilir və bütün bunlar psixoloji, ədəbi, linqvistik, kulturoloji yanaşmalarla zəngin olan bir sistem daxilində nəzərdən keçirilir.

Monoqrafiyanın “Giriş”ini ixtisarla təqdim edirik.

1. Bu kitab nə üçün “Kitabi-Dədə Qorqud” dastanının poetikası” deyil, “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlanır?! Bu suala bir neçə istiqamətdən cavab vermək olar.

Birinci, ona görə bu belə oldu ki, təqdim edilən ad, bizcə, daha iddiasızdır və səmimi desək, belə güman etmək olar ki, bizi bəzi haqsız hücumlardan qoruya biləcək.

İkinci, “Kitabi-Dədə Qorqud” kimi mətnlər, irəlidə bu barədə daha ətraflı danışacağımız kimi, anaxronik mətnlərdir. Bu mətnləri konkret bir zaman kəsiyinə bağlamaq, onlarda müəyyən konkret bir dövrün ədəbi-bədii özəllik və səciyyəsini axtarmaq düzgün deyil. Tarixi amplituda burada kifayət qədər böyükdür: antik dövrdən orta çağlara qədər ən müxtəlif estetik-bədii, ictimai-psixoloji meyar və nümunələr bu tipli mətnlərdə ya sıxılmış şəkildə, ya da açıq-aydın tərzdə, obrazlı desək, açılmış yelpazə kimi üzə çıxır. Hətta bəzi məqamlar bizə imkan verir ki, zaman kəsiyi kimi antik dövrü belə ən dərindəki son nöqtə olaraq qəbul etməyək. Çünki bizə belə gəlir ki, Dastandakı bəzi məqamlar bizi daha qədim zamanlara aparır. Hətta primitiv cəmiyyətlərə xas bir sıra əlamətlər, səciyyələr özünün ilkin ibtidai formasını bu tipli dastanlarda sonrakı ümumiləşdirmələr, gizlinlər şəklində qoruyub saxlayır. Primitiv insanın tarixin dansökülənində təbiətin qoynundan aralanıb öz “müstəqil” inkişaf yoluna qədəm qoymağa başladığı o ilkin “insanlaşma” məqamı belə, bu tipli dastanlarda öz bədii əksini tapa bilir. “Dədə Qorqud” dastanlarında belə hala açıq-aşkar işarə var.

“Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” hekayətində belə bir məqam özünü göstərir. Basatın təbiətin qoynunda, meşədə aslan yatağında böyüdülüb boya-başa çatmasının təsiri elə güclüdür ki, onu atası evinə (cəmiyyətə) qaytarıb gətirsələr də, o burada dözmür, neçə dəfə yenidən aslan yatağına, böyüyüb boya-başa çatdığı meşəyə (təbiətə) qayıdır. Təbiətdən mədəniyyətə keçidin əzablı yolu bir ədəbi model kimi Dastanda bu cür təqdim edilir. Bu da, öz növbəsində, Dastandakı qədimliyin hansı dərəcədə olduğunu aydın şəkildə nümayiş etdirir.

Deməli, “Kitabi-Dədə Qorqud” dastanı qədimlik göstəricisi baxımından yekrəng deyil və onun quruluşunda həm ilkin, ibtidai (immanent) poetik element və imkanlar (hər hansı ümumiləşdirmə öz-özlüyündə artıq poetikləşmədən xəbər verir), həm də bununla yanaşı,daha müasir, artıq ədəbi-bədii şüurumuza tanış olan klassik poetik nümunələr özünü göstərir. Bu yöndən yanaşdıqda Dastanın quruluşunda özünü göstərən poetik və kvazipoetik nümunələri ilkin sadə bölgü olaraq ən ümumi şəkildə iki qismə ayırmaq olar. Bunun birincisi, mifoloji təsəvvürə söykənən elementləri (poetik enerji, kvazipoetiklik) yaşadan mif dövrünü, ikincisi isə yazı mədəniyyətinə xas klassik məqamları özündə saxlayan yazı dövrünü təcəssüm edir.

Qeyd etmək vacibdir ki, bu iki dövrün hər biri Dastanda öz zəngin ədəbi-bədii potensialı ilə çıxış edir. Mif dövrünə aid poetik arsenal daha çox “səssiz”, sükunət halındadır.Amma orası da var ki, bu sükunət mənalı, “danışan” sükunətdir. Ən vacibi isə odur ki, bu qata, bu qatdakı “arxeoloji” dərinliyə qədəm qoymadan, bu potensialı işarələmədən, öyrənmədən yazı mədəniyyətinin verdiyi, süslü, bəzəkli, “qədd-qamətli”, rəngbərəng və donu göz qamaşdıran bədii dəyərlərin “qədrini bilmək”, dastan quruluşundakı rolunu müəyyənləşdirmək mümkün deyil. Çünki onlar öz qədim “əcdadlarından” ayrılıqda tamamilə yad, dəyərsiz ünsürlər kimi görünürlər.

Aydın məsələdir ki, bu iki möhtəşəm qatı “birnəfəsə” təhlilə cəlb etmək xeyli çətinliklərlə bağlıdır. Qədim, mifoloji qatda daha çox Qərb və dünya təcrübəsi, yeni yazı qatında isə daha çox Şərq təcrübəsi gizlənib. Aydındır ki, ardıcıl, bir-birini tamamlayan, bir-birinin içindən bəzən çıxan və bəzən çıxmayan, bir-birini bəzən inkar edən və bəzən etməyən dəyərlər sistemləri ilə qarşı-qarşıya durmuşuq. Hər birini ayrı-ayrılıqda öyrənməkdə fayda var düşüncəsindəyik.

Qədim mifoloji dövrə məxsus həm kvazipoetik, həm də poetik enerji daşıyan nümunələr, əslində, Dastanın təkcə poetik sistemi üçün deyil, bütün quruluşu üçün bünövrədir. Bu bünövrəni qurmadan (öyrənmədən) möhtəşəm binanın mərtəbələrini, otaqlarını tikmək olmaz. Biz isə bəzən nəinki belə (bünövrəsi olmayan) mərtəbə tikililərinə rast gəlirik, hətta mərtəbədəki otaqların “süslənməsinin” də şahidi oluruq. Təəssüf ki, “Kitabi-Dədə Qorqud” dastanının poetikası ilə bağlı bu cür tədqiqat işləri bu gün də ortaya çıxır. Onlar bünövrəni nəzərə almadan, yəni, qədim mifoloji təsəvvürün izlərinə, ibtidai poetik düşüncənin əlamətlərinə heç cür fikir vermədən “göydəndüşmə” şəkildə, yəni, klassik poeziyanın ştamplarının bir çox halda əsassız olaraq “Dədə Qorqud” müstəvisinə köçürülməsindən ibarət olur.

Birdən-birə Dastan mətnindəki bənzətmələrdən, təşbeh və məcazlardan, digər bədii süsləmələrdən danışmaq ən azından metodoloji-fəlsəfi baxımdan doğru deyil. Çünki yalnız onlar özləri, yaxud onların (Dastan səthində) yaxınlığında yerləşən bəzi dəyərlər qədim mifoloji təsəvvürün bir sıra sirlərini aça bilər. Eyni zamanda bu təsəvvürün Dastan müstəvisinə əks olunmasının səbəblərini öyrənməyə imkan verər. “Qarşı yatan Ala Dağ...” ifadəsindəki təsəvvürün poetik ilkin, primitiv “oxunuşu” insan tərəfindən dağın həqiqətən yatmış olduğuna, müstəqim dərkinə inamdır.Belə bir inancın (hilezoizm) Dastanda yer almasını nəzərdən qaçırsaq sonrakı süsləmə və bənzətmələrin, məcazların immanent təbiətini də hərtərəfli öyrənə bilmərik.

Bu səbəbdən biz ilkin olaraq “Kitabi-Dədə Qorqud” dastanının qədim, primitiv, poetik dansöküləndə yenicə yaranmış, bəlkə də bəzi hallarda üzə çıxmayıb gizlində qalaraq susan, potensialda mövcud olan mif dövrünün məhsulu kimi ayıracağımız və özündə poetik enerji daşıyan (açıq, ya gizli) nümunələrini mümkün dərəcədə bir sistem kimi öyrənməyi qarşıya məqsəd qoyuruq. Onların öyrənilməsi, əslində, sonrakı mərhələlərdə yaranan və Dastan mətnində sıx-sıx özünə yer tapan klassik poetizmlərin də daha dərindən dərk və izah edilməsinə doğru yol göstərər inancındayıq.

Bu səbəbdən biz bu kitabda təqdim etdiyimiz təhlili əvvəlki qədim mifoloji dövrə xas məqamların öyrənilməsilə tamamlamaq və burdakıları sonrakı dövrün - yazı mədəniyyətinin nümunələrinin öyrənilməsinin ancaq astanasına qədər gətirmək niyyətindəyik. Bizcə, kitabın adının”Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” kimi verilməsi problemin əhatəsini bu metodoloji çərçivə daxilində dəqiq cızır. “Kitabi-Dədə Qorqud” dastanının poetikası”, əlbəttə ki, daha geniş təhlil üfüqlərinə iddia edir, klassik poetik dövr nümunələrinin də tədqiqə cəlb olunmasını tələb edir. Və təbii ki, daha ümumi tədqiqat sahəsi kimi öz hərtərəfli və mükəmməl araşdırmasını səbrlə gözləməkdədir. Ümid edirik ki, bizim hələlik təklif etdiyimiz sərhədlər çərçivəsində burada irəli sürəcəyimiz fikirlər həmin araşdırmanın meydana gəlməsinə yüngülcə də olsa təkan verə biləcək.

lll

2. Tədqiqatın önsözündə “poetikanın dansöküləni” ifadəsi işlənir. “Poetikanın dansöküləni” deyərkən nəzərdə tuturuq ki, mətn quruluşunun elə bir dövrü olur ki, onun səthində heç bir poetik işartı, əlamət özünü göstərmir. Bunu mətnin “ştil” məqamı kimi qeyd edə bilərik. Bu məqamı daha aydın təqdim etmək üçün əvvəlcə mətnin yaradıcıları barədə müəyyən təsəvvürə malik olmaq vacibdir.

Hər bir mətnin müxtəlif yaradıcısı, yaxud müxtəlif ötürücüləri var. “Müəllif” - ən klassik mətn ötürücüsüdür. Bu halda tam olaraq konkret şəxs nəzərdə tutulur. Və müəllifi olan mətn valideyni olan uşaq kimi ya müəllifin özü tərəfindən, ya onun ardıcılları tərəfindən, ya da ideya tərəfdaşları (onlar isə müxtəlif zaman kəsiklərinə səpələnə bilərlər) tərəfindən qorunur.

Başqa bir mətn ötürücüsü kimi “xalq” anlayışından istifadə edilir. Bu daha yayğın və qeyri-konkret bir ünvandır. Yaradıcısı xalq olan mətnlər, əslində, bir, yaxud bir neçə nəfər tərəfindən “yazılır”, və yaxud “oxunur”, “nəql edilir”. Ərsəyə gəlmə dövründə belə mətnlərə “əl gəzdirənlər” çox olur. Bir-birini tamamlaya-tamamlaya “xalq” adında ümumiləşən bu yaradıcı şəxslər, əslində, mətnə yeni-yeni özəl ştrixlər və əlamətlər əlavə edirlər. Xalq mətnləri bu şəkildə ağızdan-ağıza, deyimdən-deyimə, yazıya alındıqdan sonra isə əlyazmadan-əlyazmaya müxtəlif əlavələrlə zənginləşir. Onu da qeyd etmək istərdik ki, bu zənginləşmə məqamları heç də həmişə mətnin xeyrinə olmur. Əlavə “zənginləşdirici” məqamların belə mətnlərə cəsarətlə yerləşdirilməsi onların qoruyucusu məsələsini, daha dəqiq desək, qoruyucusuzluğu məsələsini üzə çıxarır. Başqa sözlə,müxtəlif müdaxilələr mətnin konkret müəllifinin olmamasından irəli gəlir. Belə mətnlər adətən daha canlı və yeni süsləmələrə daha açıq olurlar.

Nəhayət, bizim fikrimizcə, ədəbi müstəvidə daha bir yaradıcı ünvan ayırmaq mümkündür. Həm də bu ünvanın ilkinlik funksiyası var. Bu ünvanı da ayrıca və lokal şəkildə götürmək mümkün deyil. Bu ünvanda bilavasitə mahiyyətin özü ilə bağlıdır. Mifoloji keçmişdən qopub gələn yaradıcı ruhun mətndən mətnə gəzişməsidir. Məchul və son dərəcə ələkeçməz bir ruhi qüvvədir. Əslində, o da bir müəllifdir. Amma dərindəki mənəvi  müəllifdir. Mifoloji təsəvvürün müəllifidir. Bu müəllif xalq mətnlərində özünü daha aşkar göstərir, müəllif mətnlərində isə dərin qatda gizlənir. Amma hər bir müstəvisi olan, yəni, sağı-solu, aşağısı-yuxarısı olan, başqa sözlə, semiotik bütövlüyünü qoruyan, yaxud, qorumaq istəyən mətnlərə xasdır. Onu da MÜƏLLİF kimi ayırmaq olar. O biri müəllifdən fərqli olaraq bu yaradıcını böyük hərflə qeyd edirik: MÜƏLLİF kimi.

Beləliklə, tarixi ardıcıllığı nəzərə alaraq mətnlərin üç yaradıcı ünvanını bu şəkildə qeyd edə bilərik: MÜƏLLİF-xalq-müəllif.

Hər hansı mətnin konkret ötürücülərini müəyyənləşdirdikdən sonra biz onun müstəvisinin ilkin mənzərəsini cıza bilərik. Başqa sözlə, dansöküləninin əlamətlərindən danışa bilərik. Bizim halda Dastanın “poetik dansöküləni” elə bir müstəvidir ki, orada poetizmləri görmək mümkün deyildir, onları orada  yalnız aramaq mümkündür. Poetik dansökülən potensialda mövcud olan müxtəlif növ və nümunələri “tanımaq” üçün ilk növbədə onların yaranma mühit və şəraiti öyrənmək lazımdır. Bu şərait təmiz, bədii işartısı olmayan şəraitdir. Tam ştil şəraitidir. Poetik dansökülən potensialların reallaşmadığı, altını cızaraq qeyd edirəm, hələlik reallaşmadığı bir mərhələdir. İbtidai poetizmlərin belə hələlik özünü göstərmədiyi, amma hər an üzə çıxa biləcəkləri bir məkandır.

(ardı var)

 





04.04.2016    çap et  çap et