525.Az

Milli orduya dəstək tədbiri keçirilib


 

Milli orduya dəstək tədbiri keçirilib<b style="color:red"></b>

Dünən Milli Kitabxanada cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov aprelin 2-dən etibarən gecə və gün ərzində Ermənistan Silahlı Qüvvələrinin  bütün cəbhə boyu Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini  intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçərək mühüm əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsindən, həmin gün işğalçıların təxribatını dəf edən Azərbaycan ordusunun 12 hərbçisinin həlak olduğundan, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfərindən geri qayıdaraq aprelin 2-də  Təhlükəsizlik Şurasının iclasını keçirməsindən danışıb. O, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafinda sıx birləşdiyini, onun bütün əmr və göstərişlərini dərhal yerinə yetirməyə hazır olduqlarını bildiribr.

K.Tahirov azadlığa gedən yolun  şəhidsiz mümkün olmadığını söyləyib, şəhidlərin doğmalarına səbr diləyib. 

O, haqq-ədalət uğrunda vuruşan xalqımızın səbrinin artıq tükəndiyini, 20 ildən artıqdır ki, atəşkəs elan olunmasına baxmayaraq qarşı tərəfin tez-tez atəşkəsi pozaraq dinc əhaliyə və orduya atəş açdığını, bu müddətdə vətənimizin şəhidlər verdiyini söyləyib. Ermənilərin  informasiya məkanındakı təxribatından danışan direktor hər kəsi ayıq olmağa çağırıb: "Bu gün hətta ATƏT, Avropa Şurası və BMT-nin erməni təcavüzkarlarının zəbt etdikləri Azərbaycan torpaqlarını boşaltmalı olduqlarını söyləməsi qələbənin çox yaxında olduğuna işarədir". K.Tahirov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan ordusunun zəfərinə inandığını söyləyib, hamını birliyə çağırıb.

Digər çıxışçılar da Azərbaycan ordusunun gücünə inandıqlarını bildirib, ilk çağırışda xalqın Ali Baş Komandanın səsinə səs verməyə hazır olduqlarını söyləyib, Azərbaycan əsgərinə uğurlar arzulayıblar.

 





06.04.2016    çap et  çap et