525.Az

Bakı Vergilər Departamentində "Açıq qapı günü"


 

Bakı Vergilər Departamentində "Açıq qapı günü"<b style="color:red"></b>

Aprelin 6-da Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün "Açıq qapı günü" keçirilib.
 

Tədbirdə ölkənin aparıcı KİV nümayəndələri iştirak edib.

"Açıq qapı günü" tədbiri BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb. BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verib. Bildirilib ki, Xidmət Mərkəzi yenidən qurularaq genişləndirilib, onun eyni vaxtda xidmət göstərdiyi yerlərin sayı iki dəfədən çox artırılıb və lazımi maddi texniki baza ilə təmin olunaraq vergi ödəyicilərinin istifadəsinə verilib.

Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir.

Qeyd olunub ki, burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında da əməli kömək göstərilir.

Sonra Akt zalında KİV nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim edib və açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq "Açıq qapı günləri"nintəşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd edib.

S.Ələkbərov vergi sistemində aparılan islahatlar, həyata keçirilən yeniliklər və Vergilər Nazirliyində son bir neçə ayda aparılmış struktur və kadr islahatları barədə KİV nümayəndələrinə ətraflı məlumat verib. O qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb, ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla əksər operativ nəzarət tədbirləri dayandırılıb. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına da öz müsbət təsirini göstərib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Vergi Məcəlləsində mümkün dəyişikliklərlə bağlı suala cavab olaraq, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır və mümkün dəyişikliklər yerli istehsalın stimullaşdırılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına hesablanıb.

Qanunsuz olaraq valyuta dəyişdirilməsi hallarının müşahidə olunması ilə bağlı sualları cavablandıran vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov bildirib ki, cari ilin ilk rübündə Azərbaycanda valyutadəyişmə əməliyyatları ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb. H.Məmmədov qeyd edib ki, belə qanun pozuntularına təkcə hotellərdə deyil, ticarət və ictimai iaşə müəssisələrində də rast gəlinir və belə hallara qarşı müvafiq tədbirlər görülür.

 





07.04.2016    çap et  çap et