525.Az

“Hırıldayan adam”ın "zarafatları"


 

“Hırıldayan adam”ın "zarafatları"<b style="color:red"></b>

Viktor Hüqonun "Gülən adam» romanı yadınızdadır? Demə, bir "adam" növü də varmış - "hırıldayan adam".

Kimsə bu "hırıldayan" biçarəni inandırıb ki, "səndə güclü yumor hissi var, yaman zarafatcılsan, xatakar, adamların adının yanına "əkə" sözünü əlavə edəndə hamı gülməkdən qırılır".

Bu zavallı da inanıb ki, yəqin belədir, "yəqin həqiqətən böyük gülüş ustasıyam. Bundan sonra nə yazsam, zarafatımdan qalmayacam". Amma hər həftə köşəsini zarafatla doldurmağı asan iş bilməyin ha. Tək bir "əkə" deməklə iş aşmır axı.. Dəxli oldu olmadı, hər köşəsində mütləq "gülməli" bir şey yazmalıdır. Vaxtilə qapısından qovulduğu Yazıçılar Birliyindən heyfini də məhz doyunca irişə-irişə ala bilər.

Amma zarafat axı zəriflik sözündəndir, zəriflik isə "hırıldayan adamın" yanından da ötməyib. Onun üslubu yalnız tərbiyəsiz küçə uşaqlarının leksikonudur. Yazır ki, Yazıçılar Birliyinin işi gənc şair və yazıçılar qayırmaqdır (məhz bu ifadələri işlədir) və təəssüf edir ki, vaxtında onu da şair və yazıçı qayırmayıblar.

Bugünlər damarlarında azərbaycanlı qanı axan hər bir insan ordumuzun təcavüzkar düşmənlərə tutarlı cavab verməsindən, azğın işğalçıları yerində oturtmasından qürur duyur. Amma "hırıldayan adamçün" bu da yalnız şit məzələnmə mövzusudur. Hərbi uğurlarımızı Kukla teatrına bağlayır. Yazı müəllifinin, ağıl, mərifət və yumor səviyyəsini müəyyənləşdirmək üçün bir cümləsi bəsdir: "Kukla teatrı erməni ordusunun kuklalarını düzəldib əsgərlərimiz qarşısında sındıra, yandıra bilər, bununla vətənpərvərlik və döyüş ruhu yüksələr" ("Yeni Müsavat" qəzeti 6 aprel 2016). Belə yerdə deyirlər ki: "Ağlıva keçə yamayım".

Kuklalar haqqında bir ağız hırıldayandan sonra yenidən daima içini göynədən mövzuya - Yazıçılar Birliyinə keçir, ayrı-ayrı tanınmış yazıçılara gic-gic atmacalar atır. Görünür, "hırıldayan adamın" zəngin mənəvi aləminin yetişməsində Anarın əsərlərinin o qədər mühüm rolu olub ki, hər cızma-qarasında onun romanının adını müxtəlif cür "gülməli" şəkildə oynadır. "Beş mərtəbəli postun altıncı mərtəbəsindəki Sərkisyan"... Çox gülməlidir, deyilmi? Yəqin psixiatrik müalicəxanalarda dəlilərin xəstəlik dərəcəsini məhz belə testlərlə müəyyənləşdirirlər. Əlbəttə ağlı, qanacağı və təfəkkürü bu səviyyədə olan adamın səfeh atmacalarına cavab verməmək də olardı. Amma belələrinə cavab verməyəndə qudurub cızıqlarını aşırlar. Anara səbəbsiz nifrətini heç cür soyuda bilməyən "yumorist" hətta Rəsul Rzanın ruhuna sataşmaq kimi tərbiyəsizliyə də əl atır. "O vaxt da yazıq Səməd Vurğun cəbhədə can qoyurdu, bəzilərinin ataları isə arxa cəbhədə sərbəst yaşayıb sərbəst şeir yazırdılar".

Yetənə yetən, yetməyənə daş atan «hırıldayan adam» bununla da qurdunu öldürmür, yazır ki, bu barədə Cəmil Həsənlinin Anar müəllimin kitabına yazdığı növbəti ön sözdə oxuyarıq. Yaxşı olar ki, "hırıladayan adam" mütaliəsini tək Anarın kitabları və onlara yazılmış ön sözlərlə məhdudlaşdırmasın. Başqa kitablarlala da tanış olsa bilərdi ki, (əslində bunu lap əla bilir, hikkəsini boğa bilmir) sərbəst şeir yazan Rəsul Rza müharibə illərində arxada yox, ən qızğın döyüşlər gedən Krım yarımadasında hərbi qəzetin müxbiri kimi vuruşurdu və belə "hırıldayanlardan" fərqli olaraq kuklalardan yox, qanlı savaşlardan yazırdı, Azərbaycan oğullarının cəbhədə igidliklərini tərənnüm edirdi.

Güman ki, "hırıldayanın" belə yazısının məhz bu günlərdə üzə çıxması təsadüfi deyil. Qatı millətçi ermənilərin daima hədəfində olan, haqlarında ən çox böhtan və danos yazdıqları Azərbaycan yazıçıları Rəsul Rza və Anardır. Bu gün də erməni təəssübkeşləri ordumuzun uğurlarının "qisasını" belə "hırıldayan adamların" hərzə yazılarıyla alır.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

 





07.04.2016    çap et  çap et