525.Az

Ürəklərdə yerin var, “Cazibədar şeytan”...


 

Ürəklərdə yerin var, “Cazibədar şeytan”...<b style="color:red"></b>

Fazil Rəhmanzadə

Bəri başdan deyim ki, başlıqda dırnağa alınmış ifadələr adı Azərbaycan voleybol idmanının salnaməsinə qızıl hərflərlə həkk edilmiş Oqtay Ağayevə ünvanlanıb və bu, keçmiş SSRİ yığma komandasının əsas üzvü olan məşhur soydaşımızın oyunundan vəcdə gələn pərəstişkarlarının qəlbdən qopan şirin duyğularının ifadəsidir. Sonradan həmin kəlmələr dillər əzbəri olacaq. Ölkədən-ölkəyə, eldən-elə dolaşacaq və dünya şöhrətli idmançıya olan sonsuz sevginin sinoniminə çevriləcək.

Oqtay Ağayevin 77 yaşı tamamlanır. Əlamətdar gün ərəfəsində onu bir daha andım, fikirləşdim ki, böyük voleybol ustası barədə bildiklərimi, eşitdiklərimi, yazılanları çözələyim, şahidi olduğum unudulmaz matçlardan aldığım zəngin təəssüratlarımı oxucularla bölüşüm. İstədim ki, bu ötəri, qısa qeydlər Oqtay Ağayevin ad gününə gül dəməti qismində hədiyyə olsun.

... Oqtay Ağayevin idman zirvəsinə qalxdığı, yaşayıb fəaliyyət göstərdiyi o çağlarda Bakımızın özünəməxsus aurası vardı. Qədim tikililər, abidələr, qalalar, məhəllələrlə bir sırada yaradıcı sənətkarlar və idmançılar arasında da elələri vardı ki, rəmzlərə çevrilmişdi və bunlarsız gözəl şəhərimizin tam mənzərəsini bütün çalarları ilə təsəvvür etmək mümkünsüz idi.  Doğrudan da Bakı anılanda dərhal “arşınmalçı” Rəşid Behbudov, “Yeddi gözəl”ə həyat verən Qara Qarayev, təkrarsız cazmen Vaqif Mustafazadə, səsi ilə bütün planeti məftun edən Müslüm Maqomayev ... öncə göz önündə dururdu.

Bakı deyəndə şöhrətli idmançılarımız İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, sevilən futbolçularımız Ələkbər Məmmədov, Anatoli Banişevski də  anılırdı. Məhz  bu sırada Oqtay Ağayev xüsusi yer tuturdu.

Tanrı ondan heç nəyi əsirgəməmişdi-hündür boyu, gözəl qədd-qaməti, cazibəli sifəti ilə o, min cavanın içində seçilirdi. O çağlarda – şəhərimizin  içində “Torqovı” kimi tanınan Nizami küçəsində ilin bütün fəsillərində axşamlar xüsusi qələbəlik olurdu. Səliqə-səhmanlı gənclər, dəstə-dəstə küçənin o başından bu başına var-gəl edirdilər. Bakının müxtəlif nöqtələrindən olan cavanların özlərinə məxsus “dayanacaq sahələri” vardı. Məsələn, İçərişəhərdən və ona yaxın olan yerlərdən olanlar “Azərbaycan” kinoteatrının yanında, “Beşmərtəbə” tərəflərdəkilər “Fəvvarələr” meydanında, Bayıl uşaqları “Zoomağaza” qarşısında, Montini (indiki N.Nərimanov rayonundakı yaşayış sahəsini) təmsil edənlər Dövlət Bankının yanında “qərarlaşırdılar”... Beləliklə, bakılı cavanlar vizual olsa da, bir-birlərini tanıyırdılar. Gəzintiyə çıxanlar arasında məşhurları da tez-tez görmək mümkün idi. Onları hamı ehtiramla salamlayırdı. Voleybolumuzun canlı əfsanəsi Oqtay Ağayev də salamlananlar arasında idi. O, bir axşam gəzintisində on dəfə o baş-bu başa addımlasaydı hər dəfə rəğbət və sevgi dolu  baxışlarla qarşılaşırdı. Mənim onunla şəxsi tanışlığım da elə ötən əsrin qaynar 60-cı illərinin əvvəllərinə təsadüf edir.

lll

... Azərbaycanın özünəməxsus voleybol ənənələri vardı. Yeri gəlmişkən yada salım ki, məmləkətimizdə bu idman növünün təşəkkül tapıb kütləviləşməsində- həm kişi və həm də qadın voleybol komandalarımızın o zamankı SSRİ məkanında möhtəşəm yarışlardakı misilsiz qələbələrində, xüsusən milli usta voleybolçu kadrlarımızın yetişməsində İosif Kiblitski, Samir Şamxalov, Feliks Məmmədov, Lev Milman kimi görkəmli məşqçilərin əvəzsiz xidmətləri danılmazdır. Məhz bu adları çəkilən mütəxəssislərin məqsədyönlü, dolğun fəaliyyətlərinin nəticəsi idi ki, o zamankı sovet voleybolçularının parlaq ulduzları – Q.Qaykova, A.Şirkov, Y.Vengerovski, V.Mixalçuk, V.Teressuk, V.Vinoqradov və başqaları ilə bir sırada Azərbaycan voleybolunun yetirmələri – Oqtay Ağayev, İnna Rıskal, Vera Lantratova kimi dünya şöhrətli oyunçuların da adları ehtiramla çəkilirdi. Bakının öz olimpiya çempionları, dünya və SSRİ  kubokunun sahibləri olan voleybolçuları vardı və bu da, əlbəttə, təsadüfi deyildi. İftixarla deyə bilərəm ki, Azərbaycan o zamankı SSRİ məkanında ən güclü yığma komandaya, “Burevestnik”, “Neftçi” kimi çox qüvvətli voleybol klublarına malik idi.

Əlbəttə, bir idman növü kimi voleybol o qədər də qədim tarixə malik deyil. Buna baxmayaraq XX əsrdə “vətəndaşlıq hüququ” qazanan voleybol az zaman içərisində Azərbaycanda geniş yayılaraq  sürətlə inkişaf etdi. Dünyanın bir sıra kütləvi informasiya vasitələri Oqtay Ağayevi Azərbaycan voleybolunun kralı, İnna Rıskalı isə qadın voleybolunun “Pelesi” kimi səciyyələndirmişdi.

SSRİ voleybol  yığmasının üzvü, iki dəfə olimpiya çempionu Georgi Mondrolevski Oqtay Ağayevi “voleybolda bütöv bir əfsanə” kimi səciyyələndirməkdə haqlıydı. Onun yeniyetmə çağlarından tutmuş SSRİ yığma komandasındakı misilsiz çıxışlarını birər-birər araşdırsaq, həmin fikrin doğruluğu  bir daha təsdiqlənir.

Oqtay da bir çox həmyaşıdı kimi idman aləminə futbol oynamaqla gəlmişdi. Məsələ burasındadır ki, futbol digər kollektiv idman növləri ilə müqayisədə daha kütləvi hal daşıyır. Vaxtı ilə Bakıda da küçə futbolu mövcud idi və orta məktəblərin həyətində, bağça-bağlardakı sahələrdə, məhəllələrdə səhərdən axşamadək top qovan uşaqlar gözə dəyirdi. Əgər bir qədər diqqət etsək, aydınlaşar ki, Azərbaycanda ən məşhur futbolçular elə küçələrdə “kəşf olunaraq” böyük idmana gəliblər.

Beləliklə, bir gün o, yenə məhəllə uşaqları ilə küçədə “top qovanda” tanımadığı bir adam Oqtaya yaxınlaşdı. Onunla xeyli söhbət elədi, yenyetiməni inandırdı ki, boyuna, qamətinə görə voleybolla məşğul olsa daha faydalı nəticə verər. Və Oqtayı aparıb voleybol bölməsinə yazdırdı. Həmin məqamda futbolçu dostlarından heç biri zənn etməzdi ki, qısa müddət keçəcək və Oqtay Ağayev özünün tükənməz enerjisi, misilsiz oyunu, böyük istedadı ilə dünya şöhrətli idmançıların sırasına yüksələcək.

Voleybol – ağır zəhmət, mütəmadi məşq, universallıq tələb edir və yalnız bu zəhmətə qatlaşanlar arzularına çatırlar. Oqtay Ağayev yüksək idman zirvəsinə beləcə qalxmışdı.

Rəhmətlik atam voleybol azarkeşi idi. Bakının “Burevestnik” komandası SSRİ çempionatının növbəti turunda Tbilisidən olan həmklubları ilə görüşürdü. Oyun Respublika stadionunun idman salonunda keçirilirdi. Atamla həmin oyunu izləyən tamaşaçılar arasındaydıq. Bakı komandası rəqibindən xeyli güclü olsa da, yarış çox gərgin idi. Tbilisililərin heyətində Vaya Kacarava kimi çox güclü oyunçu vardı və o, bütün gücünü ortaya qoymuşdu. Hesab arasındakı fərqlər tez-tez dəyişirdi. Ancaq azarkeşlərin, hətta qonaqların belə əsas diqqəti Oqtay Ağayev “möcüzəsinə” yönəlmişdi. İlahi, həmin oyunda o, nələr etmədi? Akrobatik tullanışlarla topa yiyələnmək, ən çətin vəziyyətlərdə belə topu həmkarına dəqiq ötürmək bacarığı, xüsusən qəbul etdiyi topa güclü zərbələrilə tbilisililəri elə çaş-baş salırdı ki, rəqiblər nə edəcəklərini bilmirdilər. Meydanda sanki əsl dramatik tamaşa göstərilirdi. Oyun 3:0 hesabı ilə həmyerlilərimizin xeyrinə başa çatdı. Bu məqamda gürcü voleybolçular, onların məşqçiləri ənənəvi olaraq rəqib komanda üzvlərinə əl verib təbriklərini yetirdilər. Oqtay Ağayevi isə dövrəyə alıb fantastik oyununa görə  xüsusi minnətdarlıqlarını bildirdilər. Qonaqların məşqçisi isə öz yetirmələrinə ürək-dirək verərək dedi: “Uşaqlar, dilxor olmayın. Siz öz bacarığınızı ortaya qoydunuz. Ancaq nə edək, Oqtay Ağayevlə bacarmaq mümkün deyildi”.  Bu, 1957-ci ildə baş tutmuşdu. Artıq həmin dövrə qədər Azərbaycan komandası 1955-ci ildə SSRİ birinciliyində ilk dəfə olaraq yüksək yerlərdən birində 5-ci pillədə qərar tutmuşdu. Yarış indiki Sankt-Peterburq şəhərində təşkil olunmuşdu. Elə bundan sonra  Azərbaycan voleybol komandası barədə yüksək fikirlər söyləyir, ayrı-ayrı idmançıların ustalığını dəyərləndirir, Oqtay Ağayevi isə xüsusilə qeyd edirdilər. Məşhur “Sovetski sport” qəzeti komandamıza bütöv bir səhifə həsr etmişdi. Ümumi başlıqda isə yazılmışdı: “Afərin, azərbaycanlılar!”

1957-ci ildə isə SSRİ Kuboku uğrunda gərgin yarışlar keçirildi. Bax, elə bu zaman İosif Kiblitskinin rəhbərliyi altında Azərbaycan voleybolunun gücü özünü göstərdi. Oqtay Ağayevlə bir sırada Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Qennadi Rudnov, Xəyyam Zülfüqarov, Həsən Ələkbərov, Tofiq Kazımov, Fazil Rzayev və başqaları misilsiz ustalıq və əla texnika ilə meydanda əsl möcüzələrə imza atdılar. Hər bir top uğrunda amansız mübarizə aparan komandamız özünün temperamenti, şücaəti, dəqiqliyi, böyük ruh yüksəkliyi, fiziki hazırlığı, çevikliyi ilə fərqlənirdi. Artıq bakılı idmançıların qarşısını almaq mümkün deyildi. “Azərbaycan qartalları” (“Komsomolski pravda” qəzetinin yazdığı kimi)  dağ zirvəsinə qalxmaqda idilər. Bir sözlə, SSRİ Kuboku Bakıya gətirildi. Şəhərimiz bayram büsatına bürünmüşdü, bütün şəhər sakinlərinin, xüsusən də voleybol azarkeşlərinin sevincinin həddi-hüdudu yox idi.

Qəhrəmanları doğma şəhərdə təntənə ilə qarşıladılar. O.Ağayev fenomeni haqqında geniş dairədə söhbətlər getdi. Yığma komanda tərkibində o, dünyanın ən möhtəşəm idman salonlarında çıxışları ilə saysız-hesabsız pərəstişkarın qəlbini ovsunladı. 1958-ci ildə Avropa birinciliyinin mükafatçısı oldu, bir il sonra isə üç dəfə dalbadal qeyri-rəsmi dünya çempionatında  fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Oqtay turnirin ən yaxşı müdafiəçisi adına layiq görüldü. Xüsusi mükafatlar aldı. Elə Parisdəcə qəzetlərdən biri bu yaraşıqlı voleybolçuya həsr etdiyi məqaləsində ona “Cazibədar şeytan” adını vermişdi. Rusiya mətbuatında isə o, “Krasavets Oqtay” – deyə tez-tez anılırdı.

Oqtay Ağayev SSRİ yığma komandası tərkibində dünyanın 20-dən çox ölkəsindəki yarış meydanlarında  möcüzələrə imza atıb. Hər yerdə də bir idmançı, bir azərbaycanlı olaraq Vətəninin imicini, şöhrətini ucaltmağa çalışıb.

Dünya şöhrətli bu voleybolçu karyerasını başa vuran məqama qədər saysız-hesabsız mükafatlara, ödüllərə, diplomlara, ən yüksək fəxri adlara layiq görülüb. Onun bir sıra xarici ölkələrdəki məşqçilik fəaliyyəti də məhsuldar və təqdirəlayiq olub. Doğma Azərbaycanda bu idman növünün tərəqqisi naminə də bir pedaqoq kimi o, az iş görməyib. Ali məktəblərdə uzun müddətdir dərs deyir. Əməkdar idman ustası, əməkdar məşqçi, “Şöhrət” ordenli bu böyük idmançı, professor Oqtay Ağayev hazırda  Azərbaycan İdman Akademiyasında fakültə dekanıdır.

Xalqımızın fəxri, dünya voleybolunun parlaq ulduzlarından biri, Azərbaycan voleybolunun canlı əfsanəsi, “Cazibədar şeytan” ləqəbli Oqtay  77  yaşında da şux  görkəmini saxlayıb. Onunla hər bir görüş şəxsən məni voleybol meydançalarındakı o unudulmaz məqamlara qovuşdurur. Bunun üçün də Oqtaya çox minnətdaram.

 





08.02.2013    çap et  çap et