525.Az
Şəhid hərbçilər dəfn olunur
Ermənilərin hücumu zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonun Məlikqasımlı kəndində dəfn olunub.
APA-nın cənub bürosunun məlumatına görə, şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşindən sonra torpağa tapşırılıb.
Erməni hücumunu dəf edərkən şəhid olan gizir, 1994-cü il təvəllüdlü Cavadov Şahin Yaşar oğlu bu gün doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, şəhidin dəfn mərasimində Beyləqan və Xocavənd rayonlarının icra başçıları, Müdafiə Nazirliyinin hərbçiləri və rayon sakinləri iştirak edib. Şəhidin tabutuna örtülmüş döyüş bayrağı atası Yaşar Cavadova təqdim olunub. Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.
Ermənilərlə döyüşdə şəhid olan Qusar rayonunun Cağarqışlaq kənd sakini, 20 yaşlı Xeyirbəyov Əmiraslan Xəlil oğlu anadan olduğu kənddə dəfn olunub.
APA-nın şimal bürosunun xəbərinə görə, şəhidin dəfn mərasimində rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb.
09.04.2016
çap et