525.Az

Silahlı Qüvvələrimiz danışıqlara dinamizm gətirdi


 

“İNDİ CƏBHƏDƏ YARANMIŞ VƏZİYYƏTİN ADI ATƏŞKƏS DEYİL, ERMƏNİLƏRƏ DÜŞÜNMƏK ÜÇÜN VERİLƏN VAXTDIR”

Silahlı Qüvvələrimiz danışıqlara dinamizm gətirdi<b style="color:red"></b>

Silahlı Qüvvələrimiz qısa müddət ərzində qarşısına qoyulan strateji missiyanı qətiyyətlə yerinə yetirməyi bacarıb.

Aprelin 2-dən başlayaraq 4 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusunun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtarıb, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edib. Artıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbçilərinin hədəfində deyil. Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirib. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. Həmin ərazilərdə yaşayan ermənilər isə kəndləri boşaldır və digər yerlərə köçürlər.

Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmlədib, ona olan inamı artırıb. Hazırda Azərbaycan xalqında qalibiyyət əhval-ruhiyyəsi formalaşıb, döyüş əzmi daha da güclənib. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranıb ki, Azərbaycan ordusu istənilən vaxt qarşıya qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. Eyni zamanda, bununla beynəxlalq ictimaiyyətdə Azərbaycana məğlub ölkə yanaşma tendensiyası aradan qaldırılıb. Hazırkı dövrə kimi hesab edilirdi ki, Azərbaycan məğlub tərəfdir və bu statusda danışıqlarda iştirak edir. Ona görə də, Azərbaycanın haqlı tələbləri qulaqardına vurulurdu. 20 ildən artıqdır ki münaqişənin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. Bu dövr ərzində ATƏT-in Minsk Qrupu protokol xarakterli danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. Həttə əksər zaman həmsədrlər Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü kimi də çıxış edirdilər. İndi isə həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Ümumilikdə, danışıqlar prosesinə konstruktiv dinamizm gətirilib.

Aprelin 5-də tərəflər arasında Moskvada atəşkəs razılaşması əldə olunduqdan sonra xarici ölkələr, beynəlxalq təşkilatların rəsmi nümayəndələri bölgəyə səfər etməyə başlayıb. Əvvəlki vaxtlardan fərqli olaraq, bir sıra xarici dairələr münaqişənin tezliklə həll olunmasını vacib sayır, hətta Ermənistan qoşunlarının münaqişə ocağından dərhal çıxarılmasını tələb edirlər. Belə bir açıqlamalardan birini AŞ PA-nın fəaliyyətdə olan sədri Pedro Aqramunt verib. O Dağlıq Qarabağda zorakılıq halları və insanların ölümü ilə bağlı məlumatların onu narahat etdiyi və kədərləndirdiyini bildirərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunların işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalı olduğunu bəyan edib.

Bundan əlavə ölkəmizə səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də Rusiyanın baş naziri və xarici siyasət idarəsinin rəhbəri münaqişənin həllinin sürətləndirmək və konstruktiv nəticəyə nail olmaq üçün yollar axtarırlar.

Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, tanınmış jurnalist Sahib Alıyev bildirib ki, indi Talış kəndinin üstündə, Lələ Təpədə və bir çox başqa yüksəkliklərdə duran təkcə Azərbaycan ordusu deyil, həm də Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan diplomatiyasıdır: “Düşmən aşağılanıb, düşmən aşağıdadır. İndi şərtlərini diqtə edən tərəf bizik. Ya şərtimizə əməl edib torpaqlarımızdan rədd olub gedəcəklər, ya da üzərlərinə həmin yüksəkliklərdən onları yandırıb aparacaq atəş seli axacaq”.

S.Alıyev qeyd edib ki, indi cəbhədə yaranmış vəziyyətin adı atəşkəs deyil, ermənilərə düşünmək üçün verilən vaxtdır: “Biz gözü yaşlı analarımızn sayının artmasını istəmirik. Oğullarımızn bir tükü belə bizim üçün qiymətlidir. Ancaq şəhidin vətən etdiyi torpaqdan qiymətli heç nə yoxdur. Ermənilər bunu bilməlidirlər və bilirlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, müvəqqəti atəşkəs Ermənistan prezidenti Serj Sarkisyanla yanaşı ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ciddi təzyiq vasitəsidir: “Çünki həmsədrlərə aydındır ki, əvvəlki illərdə olduğu turist kimi bölgəyə səfərlər, uzun-uzadı mənasız danışıqlar dövrü bitdi, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmək lazım gələcək. Həmsədrlərin başqa alternativi yoxdur.

ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik təxminən il yarımdır ki, açıqlamalarında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətindən danışır. İndi onun dövrüdür. Əgər bu dediyinə rusiyalı və fransalı həmsədri də inandıra bilsə və Vaşinqton Kremlin etirazı ilə üzləşməsə, Serj Sərkisyanın qeyd-şərtsiz 5 rayonu azad etməkdən başqa çarəsi qalmayacaq. Əks halda nələrin baş verəcəyini hamı yaxşı anlayır”.

Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev isə bildirib ki, Azərbaycanın 25 ilə yaxın bir tarixdə torpaqlarını işğal etmiş, əhalisini məcburi köçkün halına salmış terroristlərin məskəni olan bir ölkə ilə müharibə etməməyi, münaqişənin sülh yolu ilə həll olmasının tərəfdarı olmasını bəyan etməsi Ermənistana ən böyük güzəştdir: “Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır və düşmənə bundan savayı heç bir güzəştə getməyəcək. Onun sözlərinə görə, bu fikirləri dəfələrlə ölkə başcısı İlham Əliyev bildirib. Atəşkəsdən sonra isə fikrimcə erməni tərəfi yenə də qara piarını aparacaq. Ölkəmizin imicinə ziyan vurmaq üçün erməni lobbisi var gücü ilə çalışacaq. Guya ki, atəşkəsi bunlar deyil Azərbaycan tərəfi pozub. Ancaq mən əminəm ki, bu cür hallar təkrar olunacaq. Yenə erməni hərbi birləşmələri atəşkəsi pozacaqlar və dinc əhaliyə ziyan vurmaq istəyəcəklər.

Politoloq hesab edir ki, cəmiyyət birmənalı olaraq Qarabağın azad olunmasını istəyir, döyüşlərin davam etdirilməsi çağırışları ilə çıxış edir: “Əhali bir daha öz dövlətinin, Ali Baş Komandanının yanında olduğunu sübut etdi, bir yumruq tək birləşdiyini nümayiş etdirdi. Mən Azərbaycan ordusunun şücaətini vurğulamaqla yanaşı, Azərbaycan əhalisini, bütün peşə sahiblərini və əsas da KİV nümayəndələrini vurğulamaq istərdim. Həqiqətən də KİV imkan vermədi ki, dezinformasiyalar yayılsın və insanlarda çaşqınlıq olsun. Hər bir azərbaycanlı cəbhə bölgəsində olub düşməni torpaqlardan çıxarmaq, vuruşaraq şəhid olmaq istəyirdi. Hər bir evin eyvanında Azərbaycan bayrağı asılmışdı. Bu anları görmək hər bir azərbaycanlının arzusudur. Bir sözlə, hər bir azərbaycanlı Ali Baş Komandanın əsgəri olaraq özünü görürdü. Bu hal hər ölkənin qismətində olmur.

Hamı kimi mən də arzulayıram ki, tez bir zamanda öz doğma torpaqlarımızı düşməndən hansı yolla olursa olsun azad edək və köçkünlərimiz öz yurd-yuvasına qayıtsın. Həm də onu istəyirəm ki, Prezidentin dediyi kimi heç bir ananın gözü yaşlı olmasın, heç bir valideyn övlad acısı yaşamasın. İnanın ki, Ermənistan əlalisi günü bu gün Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq istəyirlər. Ancaq özləri də bildirirlər ki, bu gün Ermənistana rəhbərlik edən komanda heç öz əhalisinin faciəsinə diqqət ayırmır. Təbii ki, bu hal uzun müddət davam edə bilməz. Sülh yolu ilə alınmasa, biz öz doğma torpaqlarımızı canımız, qanımızla da düşməndən azad etməyə hər an hazırıq”.

R.Alıyev vurğulayıb ki, biz cəmiyyət olaraq dövlətçilikdə möhkəm, vətənimizə, dövlətimizə sədaqətlə bağlı olmalıyıq: “Necə ki, bu atəşkəsin pozulduğu bu günlərdə biz bu birliyin şahidi olduq. Hər kəs sosial şəbəkələrdə, diaspora fəaliyyətində və öz işində dövlətçiliyi təbliğ etməli və hər kəs düşünməlidir ki, düşmən bizimlə yalnız səngərlərdə deyil, hər yerdə bizimlə müharibə aparır və biz onların qarşısında möhkəm dayanmalı, məğlub olmamalıyıq. Hər kəs üzərinə düşən işi layiqincə, dövlətinə, vətəninə sədaqətlə bağlı olaraq həyata keçirməlidir”.

Ceyhun ABASOV

 





09.04.2016    çap et  çap et