525.Az

“Hamı şahid oldu ki, düşməni yerində oturtmağa qadir ordumuz var”


 

BU FİKİR YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN HƏRBİ VƏTƏNPƏRVƏRLİK MÖVZULU TƏDBİRDƏ SƏSLƏNDİRİLİB

“Hamı şahid oldu ki, düşməni yerində oturtmağa qadir ordumuz var”<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq bugünlərdə ordumuzun cəbhədə qazandığı nailiyyətlərdən danışıb:

“Bu gün biz xoş bir məram üçün buraya toplaşmışıq. Ordumuzun qazandığı uğurlar hər birimizin qəlbini qürurla doldurur. Dünya da, xalqımız da şahidi oldu ki, bizim düşməni yerində oturtmağa qadir ordumuz var.
Bu, əlbəttə, başlanğıcdır, tam qələbə deyil. Ancaq uğurlu bir başlanğıcdır. Böyük qələbə hələ qabaqdadır”.

AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə ədəbiyyat xadimlərimizin də ordumuza dəstək olduğunu vurğulayıb: “Mən yaralı əsgərlərlə görüşdüm. Onlarda böyük ruh

yüksəkliyi gördüm. Son hadisələr xalqımızın birliyindən xəbər verdi. İnsanlarda böyük bir inam, ümid yaranıb”.

AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca çıxış edərək şəhidlərin unudulmazlığını önə çəkib: “Şəhidlər heç vaxt unudulmur, unudulmayacaq da. Onlar əbədiyyət qazanıblar. Bu gün biz itkilərə görə üzgün də olsaq, daha artıq qürurluyuq”.

Birliyin katibi Rəşad Məcid xalqımızdakı ruh yüksəkliyindən, nikbin ovqatdan söz açıb: “İnsanlarımızda, xüsusən gənclərdə özünü göstərən enerji, ruh yüksəkliyi, torpaqları azad etmək şövqü, cəmiyyətimizin birliyi, bütövlüyü də birmənalı olaraq göstərir ki, Azərbaycan öz torpaqlarını azad edəcək, Qarabağ işğaldan qurtulacaq”.

AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, şair-bəstəkar Şahin Musaoğlunun fikrincə, aprelin ilk günlərində Azərbaycan ordusu düşməni layiqincə cəzalandıraraq öz gücünü nümayiş etdirdi.

Sonda tədbir iştirakçıları - professor Tofiq Məlikli, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, şairlər Ramiz Məmmədzadə, Yusif Həsənbəy, Oqtay Rza, Qəşəm Nəcəfzadə, Gülxani Pənah, Etibar Vəliyev, Şahinə Könül, Mahcamal, Gəray Göyyurd və başqaları çıxış edərək vətənpərvərlik mövsuzunda şeirlər səsləndiriblər.

Müşfiq ŞÜKÜRLÜ

 





09.04.2016    çap et  çap et