525.Az

Prezident: "Gəlirlərimiz artacaq"


 

Prezident: "Gəlirlərimiz artacaq"<b style="color:red"></b> “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanın və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir:  “İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik”.
 
“Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşüb. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artıb. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıb. Dövlət tərəfindən yatırılan investisiyalar azalıb. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq.
 
Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.
 





10.04.2016    çap et  çap et