525.Az

Şəhid hərbi pilotlar və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimi


 

Şəhid hərbi pilotlar və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimi <b style="color:red"></b> Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
 
APA-nın məlumatına görə, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
 
Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
 
Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxışında cəbhədə baş verən son hadisələrə toxunaraq bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatınım qarşısını alıb, düşmənə xeyli itki verib: "Qələbə qurbansız olmaz. Biz bu yolda şəhidlər də verdik. Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edildi və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də "Vətən sağ olsun!" deyirlər".
 
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra şəhidlərin həyatı və xidmətləri haqqında məlumat verilib.
 
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.
 
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.
 





11.04.2016    çap et  çap et