Hərdən elə olur ki...
Öz içinə qısılıb,
özündən sıxılır adam.
Yıxıla-yıxıla böyümür,
böyüdükcə yıxılır adam.
Havalar soyuq,
ürəklər axsaq,
dərdlərə yoxdur şərik,
Bir dəfə,
çox yox,
elə bircə dəfə
ağlayanda güzgüyə baxsaq,
özümüzü görərik.
Axmaq vərdiş
Dünən bir qız gördüm küçədə.
sənə çox bənzəyirdi
ağzı,
gözü,
burnu,
qulağı.
boyu da sən qədər idi,
1.70 olardı uzağı...
Ayaqları Nazimin misraları qədər incə,
Üzü Şopenin “Ölüm marşı”
qədər qəmgin.
Saçları Bakı nefti qədər buruq.
Qəfil yolunu dəyişib sola bur uldu.
Elə o an ürəyim
saçlarına,
üzünə,
ayaqlarına,
bəlkə sənə,
bəlkə də sənə bənzəyənə
təzədən vuruldu.
Köhnə “İnqilab” küçəsiylə irəliləyirdi.
İrəlilədikcə,
kommunist ayaqları bir-birinə dəyirdi.
Bir siqaret alışdırıb düşündüm:
bu nə işdi?
gələndə müvəqqəti,
gedəndə birdəfəlik gedirsən.
Və o an anladım ki,
sevgi də axmaq vərdişdi.
Öləndə tərgidirsən.
Amma
xasiyyəti qaranlıq qaldı.
Bilmədim necə idi.
Sənə bənzəməzdi, yəqin,
sən axı o vaxt küçəyə çıxmazdın,
gec idi, gecə idi.
İndi yanımda olsaydın,
hər şey başqa cür olardı.
Adamlar başqalaşardı.
Şair qəlbi dincələrdi yer üzündə,
Yesenin də yaşardı.
Soyuq çayı qurtumlada-qurtumlada
mən şeir yazmazdım.
Balış çiyinlərində,
yorğan saçlarında
əbədi yatardım,
oyanmazdım!
Atılmışlar
İndi mənim şəhərim
adamsızlıqla dolub.
Çünki adam olanlar
atılıb, unudulub.
Hərdən saata baxıb,
uzun-uzun susuram.
Geriyə dönmək üçün,
saniyələr qusuram.
Səhər, günorta, axşam
gur səsimi qısıram.
Gecə ay işığında
kölgəmlə danışıram.
Çox insanı sevərkən,
arsız olurmuş adam.
İnsanın çoxluğundan
“yalnız” olurmuş adam.
İnsan olmaq yerinə
kaş ki, Allah olaydım.
Amma ki, göylərdə yox,
ürəklərdə qalaydım.
Heç Allah da tək deyil,
yüzlərcə mələyi var.
Yalnız adamlarınsa,
yalnızca ürəyi var.
Həmin ürək dayansa,
ona kimlər ağlayar?
Yiyəsiz itlər ilə
soyuq tinlər ağlayar.
Günəş Ayla boğuşur,
İt ulayır uzaqda.
Kölgəm itir gözümdən,
söz quruyur dodaqda.
lll
İntihar etmək çətin,
amma mən cəsuram.
Hər gün özümü
vicdanımdan asıram...
lll
Ağıllı inqilabçısan,
içdən parçaladın məni...
lll
Dağınıq adamlar yaşar,
dağınıq otaqlarda...
lll
Qəza baş verdi:
qatar relsdən çıxıb
azad oldu.
çap et