525.Az

Kölndə Lilonun ayaq izləri


 

Kölndə Lilonun ayaq izləri

Səhərdən yerimdə dinc oturammıram. Daha payıza girmədik, amma içimdə payız duyğularıyla bir sağa, bir sola dönüb dururam. Köln dümdüz, qarışıq bir şəhərdir. Dağı yox ki, qaça-qaça bu canımı sıxan şəhərdən qurtarıb zirvələrə atım özümü. Dolu küçələrdə insan ürəyini də dinləyəmmir. Halbuki ürəyimdə Lilo var. Sarı saçlı, mavi gözlü, incə bir alman qızı...Ürəyimi bir dinləyə bilsəm, onunla dərdləşəcəm! Otura biləcək sakit bir künc axtarıram. Prospektlər, küçələr, binalar, insanlar, maşınlar başımı döndürür. Bir anlıq bunlardan sıyrılıb bir ağacın önündə dayanıram. Qocaman bir şabalıd ağacı... Başımı qaldırıb ən üst budaqlarına baxıram. Bu budaqlar Lilonu gördülərmi görəsən? Kürəyimi ağaca yaslayıb, gözlərimi gəlib-keçən insanlara dikirəm. Bəlkə buradan Lilo da keçib. Sadəcə, Lilo deyil, ona könül verən Ağa Mirzəli də... Harada tanış oldular görəsən? Hansı dildə danışdılar? Ən çox da bu mənə maraqlıdır. Almancamı, ruscamı, yoxsa ingiliscəmi? Sonra öz özümü qınamağa başlayıram. Sevginin dili olarmı? Gözlər ən gözəl dil deyilmi?

Ağacın önündən ayrılıb şəhərin mərkəzinə doğru yeriyirəm. Vağzala gəlincə addımlarımı yavaşladıram. Tər içində boğuluram, amma vecimə deyil. Rütubətin, yorğunluğun fərqində belə deyiləm! Yetər ki, Lilonun ayaq izlərini tapım. Amma harada? Vağzal hər zamankı kimi yenə dolub-daşır. Çeşid-çeşid, rəng-rəng, yüzlərcə insan gəlir, gedir. Ağlıma Lilonu tanıdığım an gəlir. 

İsti bir yay axşamı Köln vağzalında Azərbaycandan gəlmiş qonağım professor Çingiz Abdullayevlə birgə tələsə-tələsə yeriyirdik. Çingiz bəy qatarla Frankfurta gedəcəkdi. Qatarın tərpənməsinə on beş dəqiqə qalmışdı. Qatara minmədən öncə: “Yanıma bir şüşə su alım” dedi və biz  vağzalın yaxınlığındakı “Anadolu” restoranından bir şüşə su almağa qaçdıq. Restoranın önündə aramızda danışarkən sağ tərəfdən bir kişi səsi duydum və başımı döndərib yan tərəfə baxdım. Gülərüzlü, ağbəniz, bəyaz saçlı və saqqallı bir bəy gülərək mənə  səslənirdi:

- Buyurun - dedim.
- Azərbaycanlısınızmı? - deyə soruşdu.
- Bəli.
- Mən də azərbaycanlıyam -, dedi və sonra ardından əlavə etdi:
- Daha doğrusu, atam azərbaycanlıdır.

Bizim söhbətimizi duymuş və azərbaycanlı olduğumuzu anlamışdı.
Böyük bir maraqla üzümə baxırdı. Dipdiri gözləri, gülüşü və insana rahatlıq verən çənəsindəki bəyaz saqqalı içimdə xoş duyğular oyandırmışdı. “Bu adam fərqli birisi” deyə düşünmüşdüm həmən.
Vaxtım yoxdu. Çingiz bəyin qatarının tərpənməsinə çox az bir zaman qalmışdı.

- Məni beş dəqiqə gözləyin, gəlirəm, söhbət edərik - dedim.
- Gözləyərəm - dedi.

Tez qatara doğru getdik. Qatarı qaçırdarıq deyə  düşünərkən baxdım ki daha on beş dəqiqəlik gecikmə varmış. Çarəsiz gözləməyə başladıq. Oradakı bəy əfəndi gedər deyə təlaşlanırdım. Çingiz bəy halımdan anladı və israrla adamın yanına getməmi rica etdi. Çingiz bəylə vidalaşdıq və tələsik ayrıldım. Kişi hələ oradaydı.

Məni görən kimi gedərəm qorxusuyla bir kağız uzatdı mənə. Kağıza atası doktor Ağa Mirzalının, özünün və Bakıda yaşayan ögey bacı-qardaşı - Afət ilə Ənvərin adlarını yazmışdı. Kağızı oxuyub cibimə qoydum və ofisianta iki çay sifariş etdim.

Adamın adı Bahadırdı. Yanında Tarıkhan isimli bir yoldaşı da vardı. Qısa bir müddət üçün Türkiyədən gəlmişdilər.

Tarıkhan bəy səyahətlərinin səbəbini söyləyərkən Bahadır Mirzalı araya girdi və:
- Mən əslində Kölndənəm - dedi.
- Eləmi? Bəs, necə həm kölnlü, həm də azərbaycanlı oldunuz? - deyə soruşdum.
Güldü.
- Məhəbbət olunca ikisi də olur - dedi.
Və başladı bir eşq hekayəsini, Lilonu, gəncəli Ağa Mirzalını danışmağa.
 O an yüzlərcə insanın sağa-sola qaçdığı, hər dəqiqə bir neçə qatarın girib-çıxdığı Kölnün böyük vağzalı sanki dərin bir səssizliyə gömüldü. Qulaqlarımda gəncəcik iki insanın səsi, baxışı, gülüşü əks səda verdi... Anladım ki, keçmişə dönüş ancaq və ancaq məhəbbətlə mümkünmüş. Vağzalın dəmirlərlə  hörülmüş tavanı açıldı, yanı başımızdakı tarixi Dom Kilsəsinin xaç çiçəkli qüllələri göründü və sanki ayaqlarımızın altından gurultuyla Reyn çayı axmağa başladı. Lilo burada -  yanımızdaydı.

- Atam Azərbaycanda həkimmiş. Savaş başlayanda onu da cəbhəyə göndərmişlər. Gənc həyat yoldaşını və iki körpəsini geridə qoyub Avropanın ortasındakı atəşin içinə atılmış. Geridə qanlı Stalin, qarşıda isə acgöz və qəddar Hitler... Atam o iki odun arasından necə sağ çıxmış, bilmirəm. Həm müharibə mövzusunda bizimlə heç danışmazdı. Savaş bitincə Münihdə izini itirərək dərhal Kölnə qaçmış. Anam Lilo zəngin, mühafizəkar bir ailənin qızıymış. Öncə gizli-gizli görüşmüşlər atamla, sonra isə evlənməyə qərar vermişlər. Ailə məsələni duyunca şiddətlə qarşı çıxmış. Hələ Lilonun müsəlman olmağa qərar verdiyini öyrəndiklərində onu övladlıqdan rədd etmişlər. O ziddiyyətlər arasında mən doğulmuşam.

- Sonra?
- Sonrası qaçış... Anam Leyla olmuş və babamla Ankaraya getmişlər. Tapın görüm kimin yanına?
- Kimin?
- Məmməd Əmin Rəsulzadənin...
- Eləmi?
- Bəli, elə... Atam onunla çox yaxın dost idi. Mən də onunla və çox dəyərli xanımı ilə tanış olmaq şərəfinə nail oldum.
Azərbaycan tarixinin ən önəmli insanlarından biri olan Məmməd Əmin Rəsulzadə haqqında daha çox bilgi əldə etmək məqsədi ilə dalbadal suallar verdim. Amma təəssüf ki, Bahadır bəy elə də çox bilmirdi.
- Atamın yazdığı xatirələr var, amma nə yazıq ki, ögey anamın yanındadır - deməklə kifayətləndi.

Onların yanından ayrıldığımda gecə yarısını çoxdan keçmişdi, amma hər yer işıl işıldı. Köln vağzalından qaçaraq çıxdım. Reyn çayı məndən yüz addım uzaqdaydı. O zamanda sahildə kimsə olurmu deyə maraqdan çayın sahilinə endim. Parıltılı gecə işıqlarının yanı başındakı skamyalarda oturub işıldayan sulara baxanlar vardı. Lilo da bu yerlərdə olmalı deyə düşündüm və bir qaraltının ardınca düşüb yeridim, yeridim...  

 





01.09.2012    çap et  çap et