525.Az

Azərbaycanda yeni masaüstü oyun ixtira olunub


 

Azərbaycanda yeni masaüstü oyun ixtira olunub <b style="color:red"></b>

Azərbaycanlı alim bir neçə masaüstü oyun ixtira edərək patentlər alıb.

Nəticədə Azərbaycan İdman aləminə masaüstü oyun vermiş azsaylı ölkələrdən birinə çevrilib.

Oyunun ixtiraçısı Rəsul Əhmədovla bu mövzuda söhbət etdik. 

- Neçə masaüstü oyun ixtira etmisiniz?

- 6 masaüstü oyun dəsti və onların vasitəsilə oynamaq üçün daha çox sayda oyun ixtira etmək nəsib olub.

- Həmin oyunların və oyun dəstlərinin ixtirası hər hansı rəsmi sənədlə təsdiqlənibmi?

- Bəli, ixtiralara görə Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsi tərəfindən 4 patent verilib.

- Yeni oyunlar nə ilə fərqlənirlər?

- Oyun dəstləri və oyunlar mövcud olanlardan keyfiyyətcə fərqlənirlər. Əks halda patent verilməzdi. Oyunların arasında analoqu olmayanı da, analoqundan yüksək göstərici­ləri ilə fərqlənəni də, yeni təyinatlısı  da var. Bütün oyunlar üzrə ölkə,  qitə və  Dünya çempionatları, eləcə də respublika və beynəlxalq turnirlərin keçirilməsi mümkündür. Oyunlar yaradılarkən qarşıya belə məqsəd qoyulub. Onlar məhz masaüstü idman oyunları kimi yaradılıb. Qeyd edək ki, patentlərin verilməsi nəticəsində Azərbaycan idman aləminə masaüstü oyun vermiş barmaqla sayıla bilinəcən azsaylı ölkələrdən birinə çevrilib. Lakin de yure. Bu oyunlardan təkcə  biri üzrə yarış keçiriləcəyi halda Azərbaycan de fakto  idman aləminə masaüstü oyun vermiş ölkə olacaqdır. Məsələn, Misir (dama), Hindistan (şahmat),  İran (nərd), Cin (domino) kimi. Sadalanan bu oyunların hər biri üzrə çümpionatlar, turnirlər keçirilir.

-Oyunlar haqda məlumat verə bilərsinizmi?

- Analoqu olmayan oyun dəsti 36 ədəd üçguşəlioyun daşından ibarətdir. Daşların guşələrində bəzi rəqəmlər müəyyən qayda üzrə düzülüb. 6 ədəd üçguşəli daşla  1 ədəd altıbucaqlı fiqur yaratmağı baçarmaq lazımdır.

İndiyədək zəif intellektli adamlar və azyaşlı uşaqlar üçün məxsusi intellektual masaüstü idman oyunları olmayıb. Elə oyunlar ki, sadalanan qəbildən olan adamlar da doğma şəhər və ölkə, habelə qirə və dünya çempionu adı uğrunda yarışlara qoşula bilsinlər. Belə oyunları  idman aləminə məhz Azərbaycan hədiyyə etmişdir. Məsələn, 3-dək və 4-dək saya bilən zəif intellektli adamlar və azyaşlı uşaqların yarışlara  qoşula  bilmələri reallaşa bilər.

- Oyunlar necə oynanılır?

- 3-dək  saya bilənlər 18 ədəd daşlar dəsti ilə oynaya bilər. Daşların üz tərəfi 3 xanaya bölünüb. Xanalarda 1, 2 və ya 3 sayda xallar müxtəlif kombinasiyalarda düzülüb. Həmin daşlar bir-birinə paralel qoyulmaqla, başqa sözlə, yan-yana düzülməklə  gedişlər edilir və oyun oynanılır.4-dək saya bilməklə olan oyun fərqlidir.

- Bəs analoqundan yüksək imkanlara malik oyunlar hansılardır?

- 5000 ildir ki, nərd ixtira edilib. Klassik nərd adlanan həmin nərdlə oynamaq üçün  100-dək oyun yaradılsa da, indiyədək yeni nərd (bəzən ona nərdtaxta da deyilir) yaradılmamışdı. Azərbaycan ilk dəfə olaraq idman aləminə 2 yeni nərd hədiyyə edib. Normal intellektli adamlar üçün nəzərdə tutulmuş nərddə zərlər 8 üzlü, xanalar 32 və daşlar 40 ədəddir. Dünya çempionatı və beynəlxalq turnirlər keçirilən “backgammon” və “longgammon”  idman nərd oyunları seriyasından olan , lakin fərqli qaydalarla oynanılan “Azəri backqammon” və “Azəri longgammon” oyunları yaradılıb. Qeyd edək ki, Azərbaycan nərdlərində oynanılan Azərbaycan oyunları daha maraqlı və səviyyəlidir. Bizim oyunların imkanları daha genişdir. Belə ki, hücumda oynamağa üstünlük verən oyunçu daha güclü hücuma keçmək imkanına malik olur. Müdafiədə oynamağı xoşlayan isə daha etibarlı surətdə qoruna bilər. Nəticədə Azərbaycan nərd oyunları klassik oyunlara nisbətən xeyli gərgin və cazibədar xarakterli alınır.

4-dək saya bilən azyaşlı uşaqlar vəzəif intellektli adamlar üçün də nərd və nərd oyunları hazırlanıb. Nərdin zərləri 4 üzlü, xanaları 16 və daşları 20 ədəddir. “Mini backgammon” və “Mini longgammon”  oyunları üzrə də şəhər, ölkə, qitə və Dünya çempionatı keçirilə bilər. Artıq bu kateqoriyadan olan adamlar da yarışlarda özlərini sınaya biləcəklər.

- Yeni  nərdlər və oyunlar nə dərəcədə etibarlı sayıla bilər? Yəni onlara ixtiraçıdan  başqa zəmanət verənlər varmı?

- Ən yüksək səviyyədə etibarlı sayıla bilinər. Belə ki, onlarla Ümumdünya İdman Nərd Federasiyasının (ÜİNF) baş katibi Marko Fornasir və ÜİNF-nin Türkiyə üzrə təmsilçisi Arda Fındıkoğlu tanış olublar. Dünya idman nərdçiləri arasında nüfuza malik bu şəxslər müsbət rəylər söyləyiblər. Azərbaycan nərdlərinin perspektivi, onlar üzrə yarışların keçirilməsi imkanlarını müzakirə etmək məqsədiylə adları çəkilən şəxslər Bakıya gəlmək, respublikamızda idman məsələlərinə rəhbərlik edən şəxslərlə görüşməyə razıdırlar. Təbii ki, dəvət olunacaqları halda. Beynəlxalq turnirdə də nərdlərimiz və oyunlarımız nümayiş etdirilib. Dünyanın tanınmış idman nərdçiləri də - Dünya və Avropa çempionları, medalcıları - tanış olublar. Onlar bizim  oyunlar üzrə yarışlarda iştirak etməkdə maraqlı olduqlarını etiraf ediblər.

Yeri gəlmişkən daha bir məqamı – konfranslardakı çıxışlarımı xatırlayım. 2008-ci ilin martında Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransında oyunlarımız haqda çıxış etdim. Konfrans iştirakçısı nərdlərimizin fərqliliyini və beynəlxalq idman aləmində idman nərd oyunlarının nüfuzluluğunu nəzərə alaraq tezliklə Azərbaycan idman nərd oyunları üzrə yarışların təşkili, onların fünya idman nərdçilərinə və ÜİNF-na tanıdılması üzrə işlər görülməsini təklif etmişdi. 2009-cu ilin oktyabında “Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci Konqresi”ndə yeniliklərimizdən danışdım. Hər bir yeni oyunun idman yarışları keçirilməsi üçün yararlı olması açıqlandı. Əcnəbilər tərəfindən maraq böyük idi. Bu oyunlar üzrə yarışların nə vaxt keçiriləcəyi ilə əlaqədar suallar verilirdi.

- Bu bizə nə verə bilər?

- Çox şey. Adları çəkilən şəxslərin dəstəyi nəticəsində Azərbaycanda  məhz  idmannərd oyunları üzrə dünya çempionatı və beynəlxalq turnirlər keçirilə bilər. ÜİNF rəhbərliyi,  artıq qeyd etdiyim kimi dünya idman nərdçiləri arasında böyük nüfuza malikdirlər. ÜİNF-nin təklifi ilə digər ölkələrdə  də bizim nərd oyunları üzrə çempionat və turnirlər təşkil olunar. Şəhərimizdə nərdlərimizin istehsalı sahmana salınar. Ustalarımız əl işləri olaraq suvenir variantlrını yarada bilər. Xariçdə nərdlər bir neçə yüz dollardan bir neçə min dollara qədər satış qiymətinə malikdir. İş yerləri açılar. Beynəlxalq aləmdə Bakı  idman nərd oyunları keçirilən yeni mərkəzə çevrilə bilər. Bu da gəlirlidir.Ümumiyyətlə, diğər oyun dəstlərimizin istehsalı da təşkil olunarsa əlavə işyerləri açılar. Onların istehsalı texnologiyası sadə, materiallar – plastika, taxta, üzvi şüşə - asan tapılandır. Maya dəyəri ucuz alınır.Onları gözəl dizaynla və yüksək keyfiyyətlə “Made in Azerbaijan” markası ilə bred məhsul kimi Dünyaya təqdim etmək mümkündür. Onların suvenir  variantlarını da hazırlamaq maraqlı olardı. Nəticədə Azərbaycan beynəlxalq aləmdə yeni imic - idman aləminə intellektual oyun vermiş ölkə imici qazanacaq. 2 və dana çox oyunumuz üzrə yarışlar keçiriləcəyi halda Bakı Ginnesin Rekordlar Kitabına  idman aləminə daha çox masaüstü idman oyunu vermiş şəhər nominasiyası üzrə düşə bilər.

- İstehsalın təşkili və yarışların keçirilməsi ilə bağlı kimlərəsə müraciət etmisinizmi?

- Əlbəttə. Respiblikamızda idmanın inkişafına rəhbərlik edən şəxslərə müraciətlərim olub. Bəziləri ilə şəxsən görüşmüşəm, digərləri ilə telefonla söhbətləşmişəm, kimlərləsə qarşılıqlı razılaşma ilə görüş təyin olunmasına baxmayaraq baş tutmayıb. Məlumat vermişəm, nümayiş eləmişəm, sualları cavablandırmışam.

- Nəticəsi necə olub?

- Ən yaxşı halda bəzilərindən ixtiralara görə təbriklər eşitmişəm.Mən isə həmin oyunlardan heç olmasa biri üzrə yarışlar keçirilməsini arzulayıram. Çünki məhz belə olduğu halda Azərbaycan da idman aləminə masaüstü oyun vermiş azsaylı ölkələrdən biri kimi fəxri ad qazanacaq.

 





12.04.2016    çap et  çap et