525.Az

“Neftin qiymətinin düşməsi islahatlarla bağlı daha çox iş görülməsini aktuallaşdırıb”


 

“Neftin qiymətinin düşməsi islahatlarla bağlı daha çox iş görülməsini aktuallaşdırıb”<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb.
 
Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlət başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib.
 
Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayıb.
 
Prezident İlham Əliyev bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. “İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər”.
 
İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlət başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu vurğulayıb.
 
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, “Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva, “Holcim” şirkətinin nümayəndəsi Rosen Papazov, “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, “PWC” şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel isə çıxış edərək müxtəlif təkliflər irəli sürüblər.
 
Prezident İlham Əliyev yekun nitqində səslənən bütün təkliflərin ümumiləşdiriləcəyini bildirib. Dövlət başçısı kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib.
 
Prezident İlham Əliyev çıxışında maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib. “ASAN xidmət”in fəaliyyətinə toxunan dövlət başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırdı. “Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”, - deyən prezident İlham Əliyev “ASAN”ın Azərbaycan brendi olduğunu da vurğulayıb.
 





12.04.2016    çap et  çap et