525.Az

İnqilabdan sonrakı Misirdə - Birinci yazı


 

İnqilabdan sonrakı Misirdə - <b style="color:red">Birinci yazı </b>

Misiri dünya tarixinin mərkəzi adlandıranlar yanılmayıblar. Bu ölkənin hər daşı, divarı  bir tarixdir.

Burda insanı təəccübləndirən, sirli-sehrli, möcüzələrlə zəngin olan o qədər tarixi abidələr, məkanlar var ki,  bir dəfə səfər etməklə onların hamısı ilə tanış olmaq mümkün deyil.  Məhz buna görə də ölkəyə gələn turistlər Misirin baş şəhəri Qahirədəki  ən qiymətli, bütün dünyada məşhur olan abidələrlə, maraqlı yerlərlə tanış olurlar.

Bu yaxınlarda Misirin turizm imkanları ilə tanış olmaq üçün Azərbaycandan bir qrup jurnalist bu ölkəyə səfər etdi.  Səfərimiz Misirin paytaxtı Qahirədən başladı. Qahirə Misirin ən böyük şəhəri, dördüncü paytaxtıdır. Fironlar dövründə Memfis, daha sonra Luksor, Makedoniyalı İsgəndərin dövründə Aralıq dənizi sahilində  saldırdığı İskəndəriyyə, ərəblər Misirə gələndən sonra  isə Qahirə ölkənin  paytaxtı olur. Qahirə sözünün mənası zəfər deməkdir, ərəblər məhz buna görə bu şəhəri paytaxt elan edir. Hazırda Qahirədə 20 milyondan artıq insan yaşayır. Şəhərdə həyat çox qaynardır, çoxsaylı körpülər, geniş yollar, şəhərdəki yeni müasir tikililər diqqəti cəlb edir.

Misir dünyada turizm məkanlarından biri olaraq tanınır. Dünyanın yeddi möcüzəsindən biri olan piramidalar, tarixin dərin qatlarının sirlərini özündə yaşadan eksponatların saxlandığı muzey, ölülərlə canlıların birgə yaşadığı "Ölülər şəhəri",  Səlahəddin qalası, tarixi Xan əl Xəlil bazarı və daha nələr nələr....  Bu məkanları görmək hər kəsin arzusudur.

Amma ölkədə 2011-ci ildə başlayan hadisələr təbii ki, turizm sektoruna da öz təsirini göstərdi. Misir iqtisadiyyatında əsas rol oynayan turizm sahəsi çökməyə başladı. Son bir neçə ildə turizm yenidən canlanmağa başlasa da, ötən il Rusiyaya məxsus təyyarənin Sinay yarmadasında qəzaya uğraması ölkə turizminə yeni bir zərbə oldu. Rusiya, Böyük Britaniya məşhur turizm məkanı olan Şarm əl Şeyxə uçuşları dayandırdı. Digər ölkələrin vətəndaşları da səfər etməkdən çəkindilər. Onu da qeyd edək ki, Misirə səfər edən turistlər arasında Rusiya birinci, Böyük  Britaniya ikinci yerdə dayanır. Almaniya vətəndaşları da ön yerdədir. Turizmin Misirin ÜDM-də payı təxminən 11 faizdir. İndi ölkəyə turistləri cəlb etmək üçün yeni addımlar atılır. Onu da qeyd edək ki, Misirdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Həm hava limanlarında, həm şəhərlərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri diqqəti cəlb edir. Otellərin giriş-çıxışında hər kəs yoxlanılır, tarixi yerlərdə xüsusi yoxlamalar həyata keçirilir.

İndi Misirdə daha çox Asiya ölkələrindən, o cümlədən, Yaponiya, Çindən olan turistləri görmək olar. Rusiya, Ukrayna, Türkiyədən olan turistlərə də rast gəlinsə də, sayları o qədər də çox deyil.

Qahirənin tarixi Xan əl Xəlil bazarında satıcılar da turistlərin sayının azaldığını, alış-verişin aşağı düşdüyünü deyirlər. Onların sözlərinə görə, Yaponiya, Çindən gələn turistlər pul xərcləməyə xəsislik edirlər, alış-verişə o qədər də maraq göstərmirlər. Qrup halında gələn turistlərin bir neçəsi ucuz suvenerlər almaqla kifayətlənirlər. Amma ruslar daha çox alış-verişə meyllidirlər.

Tarixi Xan əl Xəlil bazarı

Xan əl Xəlil demişkən, bura sadəcə olaraq bir bazar deyil, həm də tarixi məkandır. Qahirənin mərkəzində yerləşən və ən böyük bazar olan Xan əl Xəlil  1382-ci ildə Məmlüki sultanı Bərkükün əmiri Carkas Əl Xəlili tərəfindən inşa etdirilib. Uzun illər Misirin əsas ticarət mərkəzi olub. Bazarda mağazalarla bərabər restoranlar da var. Misirli yazar Nəcib Məhfuza Nobel mükafatını qazandıran "Midak küçəsi" romanındakı Midak küçəsi də burada yerləşir. Ölkəyə gələn turistlər mütləq bu məkana baş çəkir, Misirin tarixinə aid olan suvenerlər, əl işləri, tekstil malları alırlar. Yaxınlıqda yerləşən Misirin ən böyük tarixi məscidlərindən olan Hüseyniyyə və Əl-Əzhər məscidi turistlərin buranı ziyarət etməsinin digər səbəblərindən biridir. 

7 ildə dəyişən Misir 

Misirdə ilk dəfə 2009-cu ildə Hüsni Mübarək prezidentliyi dövründə  olmuşdum. Ötən təxminən 7 ildə ölkədə çox şey dəyişib. "Ərəb inqilabı"  baş verib, üç  hakimiyyət dəyişib- Hüsnü Mübarək, Məhəmməd Mursi və hazırkı prezident Əbdül Fəttah əl-Sisi. İnsanlar indiki hakimiyyətdən razı görünürlər. Söhbət etdiyimiz sadə misirlilər deyirlər ki, ölkədə islahatlara başlanılıb. İnsanların güzaranı düzəlib, hər kəs, hətta küçə süpürən belə  dolana bilir. Yerli istehsal artıb və  qiymətləri də əhalinin cibinə uyğundur. Misirdə bol-meyvə tərəvəz, ədviyyatlar və digər məhsullar yeyişdirilməklə bərabər, qiymətli daşlar da çıxarılır. Belə ki, qızılı amerikalılar çıxararaq onu emal edib yenidən baha qiymətə ölkəyə satırlar. Qızıldan başqa, Qırmızı dənizdə yetişən mərcan, füruzə, əqiq, lazuri, mərmər, qranit, əhəngdaşı çıxarılır.

Ölkənin əsas problemlərindən birinə çevrilmiş çoxuşaqlılıq da aradan qalxmaqdadır.  Əvvəllər bir ailədə ən azı 5- 7 uçaq olurdusa, indi onların sayı 2, ən çox halda 3 olur. Amma kənd yerlərində nisbətən çoxuşaqlılıq yenə qalmaqdadır. Yeri gəlmişkən, Misirdə çoxuşaqlılıq problemi həm də elə çoxarvadlıqdan irəli gəlir. Yəni ölkədə kişilər 4 dəfə evlənə bilərlər, amma bunun üçün birinci həyat yoldaşının icazəsi olmalıdır. Kişinin birinci xanımı icazə verməyəndə kişilər gizlin evlənirlər.  

Tarixi Təhrir meydanı 

Təhrir meydanı tarixə həm də misirlilərin Azadlıq  simvolu,  mübarizə meydanı kimi düşdü. 2011-ci il inqilabı zamanı nümayişçilərin ən fəal olduğu məkan məhz Qahirənin mərkəzindəki Təhrir meydanı olub. 17 günlük mübarizənin nəticəsi olaraq Misiri 30 ildən artıq bir müddətdə idarə edən  Hüsnü Mübarək  istefa verdi.

Ölkəyə gələn əcnəbilər bu meydana mütləq baş çəkir. Elə biz meydanda gəzişərkən də xeyli turistlə rastlaşdıq.  Amma Təhriri sadəcə turistlər deyil, ölkəyə gələn rəsmilər də ziyarət edir. 2011-ci il inqilabından sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron,  Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Ketrin Eşton, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, Amerika senatının xarici əlaqələr komitəsinin sədri, indiki dövlət katibi Con Kerri və amerikalı Hollivud ulduzu Sean Penn burada olub.

Dövlət tərəfindən həyata keçirilən "Nilin Parisi" adlı layihə çərçivəsində Təhrir meydanı demək olar ki, yenidən qurulub. Əvvəllər bu meydan 19-cu əsrdə yaşamış Hidivi İsmayıl Paşanın adını daşıyıb. Misirin Milli muzeyi, Milli Demokrat Partiyasının mərkəzi qərargahı, hökumət binası, Ərəb Liqasının baş iqamətgahı, Qəsr əd-Dobara kilsəsi və Qahirə Amerikan Universiteti Təhrir meydanının ətrafında yerləşməkdədir.

Təhrir meydanında hər il "Demokratiyanın ildönümü" günü bayram şənlikləri keçirilir. Bir sözlə bu meydan misirlilər üçün müqəddəs bir məkandır.

Qahirə Milli Muzeyində

Misirə gedib, Qahirə Milli Muzeyini görmədinsə, deməli, heç bu ölkədə olmamısan. İki mərtəbəli bu binada Misirin zəngin tarix nümunələri, fironların şəxsi əşyaları, Tutanxamonun üzərinə taxdığı 12 kq-lıq maska, 5 minillik tarixi olan mumyalanmış cəsədlər, insanı təəccübləndirən, minilliklər əvvələ aparan o qədər qiymətli əşyalar var ki... 

Qahirə Milli Muzeyi təkcə Misirin deyil, bəşəriyyətin ən qiymətli sivilizasiya nümunələrinin qorunduğu bir məkandır. Avropalıların qədim Misirə və onun mədəniyyət incilərinə marağı 17-18-ci əsrlərdən başlayır. Daha dürüstü bu marağın təməli Napaleonun 1798-ci ildə Misirə yürüşündən sonra geniş vüsət alır. Bu ölkəyə gələn avropalılar qədim mədəniyyət incilərini Misirdən çıxarmağa başlayırlar. Vəziyyətin qarşısını almaq üçün Misiri idarə edən alban əsilli Məhəmməd Əli 1834-cü ildə muzey yaradaraq, bütün qiymətli eksponatları bir yerə yığır. Təəssüf ki, muzeyə toplanmış qiymətli eksponatların bir qismi Avstriya hersoqu Maksimilyana hədiyyə edilir və bu gün həmin eksponatlar Vyana muzeyində saxlanılır. Həmçinin, Luvrda,  Britaniya muzeylərində,  Ermitajda da saxlanılan eksponatlar  var.

1902-ci ildə Misirin qiymətli incilərinin qalıqları qorunmaq üçün fransız arxitektoru Marsel Durnon tərəfindən ərsəyə gətirilmiş möhtəşəm muzeyə gətirilir.  Muzeyin  birinci mərtəbəsində adətən, çox böyük daş sarkofaqlar, nəhəng heykəllər, fironlara məxsus qədim çay gəmilərinin qalıqları və digər əşyalar yerləşdirilib. İkinci mərtəbədə isə yaşı minillərlə olan fironlara və ailələrinə məxsus  daş, eləcə də qızıl üzlüklü və hətta xalis qızılla işlənmiş sarkofaqda saxlanılan mumiyalar, onlara məxsus məişət avadanlıqları. Muzeyin ən qiymətli eksponat şübhəsiz ki, eramızdan əvvəl 1332 - 1323-cü illərdə Misirdə hökmranlıq eləmiş firon Tutanxamona aid əşyalardır. Bu əşyaların saxlandığı otaq da ciddi mühafizə olunur. Burda foto, video çəkmək qəti qadağandır. Nadir hallarda gizlin çəkmək olar, amma mühafizəçilər gördüsə, mütləq alıb silirlər.

Tutanxamonun sarkofaqı 1922-ci ildə tapılıb. 19  yaşında ölmüş firon Tutanxamonun mumiyalanmış meyitinin saxlandığı sarkofaqın bu günədək heç bir dağıntıya məruz qalmaması çox sirli və möcüzəlidir. Arxeoloji sensasiya sayılan bu tapıntı zamanı eksponatlar o qədər çox idi ki, Qahirə Milli Muzeyi onu daşımaq üçün düz beş il zaman sərf edib. 110 kiloqram xalis qızıldan olan sarkofaq, gənc Tutanxamonun qızıl maskası və üstü qiymətli daş-qaşla bəzədilmiş qızıl tacı muzeyin ən qiymətli eksponatları sayılır. Onun mumiyalanmış bədəni zamanəmizə qədər heç bir zədə almadan qalıb. Son araşdırmalar 19 yaşlı fironun sümük xəstəliyindən öldüyünü üzə çıxarıb. Bu xəstəlikdən onun atası da əziyyət çəkib.

Onu da qeyd edək ki, hazırda Misirdə dünyanın ən böyük muzeyi tikilir, muzeyin girişində isə firon II Ramzesin abidəsi qoyulacaq.

Pərvanə SULTANOVA
Bakı-Qahirə-Bakı

 





12.04.2016    çap et  çap et