525.Az

QMİ-də şəhidlərin xatirəsi yad edildi


 

QMİ-də şəhidlərin xatirəsi yad edildi<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə şəhid yaxınları iştirak ediblər.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqların azad ediləcəyimizə əmin olduğunu söyləyib.
 
Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib ki, QMİ sədri Azərbaycanın mənəvi qələbəsi üçün çox böyük işlər görüb:

“Din xadimlərimiz Azərbaycanın böyük qələbəyə yaxınlaşmasını bir az da intensivləşdirdilər. İnşallah, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik. Ruhanilər çox böyük qüvvədir, onlar qələbənin ruhu üçün böyük xidmət göstərdilər və göstərirlər”.
 
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, artıq düşmən Azərbaycan dövlətinin və ordusunun nəyə qadir olduğunu bilir:
 
“Bu gün evlərdə Azərbaycan bayraqlarının dalğalanması, dövlət başçısının portretlərinin asılması hər şeyi göstərir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz hökmən qalib gələcəyik, qaçqın və məcburi köçkünlərimiz torpaqlarımıza qayıdacaq”.
 
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bir neçə gün ərzində Azərbaycan xalqı qüdrətli xalq olduğunu ortaya qoydu:

“Azərbaycan xalqı Ali Baş Komandan və ordumuzla bir yerdədir. Bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə xalqda böyük ruh yüksəkliyi olduğunu vurğulayıb və şəhidlərə rəhmət diləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu, şəhid anaları qarşısında baş əydiyini deyib. Millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan xalqı birinci Qarabağ savaşında olduğundan 10 dəfə çox şəhid verməyə hazırdır, təki torpaqlar işğaldan azad edilsin.
 
Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata xüsusən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğuna diqqət çəkib:
 
“Bizim vəzifəmiz vətənpərvərlik ruhunu dəstəkləməkdir. Bu münaqişə həll olunmalıdır və Azərbaycan sülh və əmin-amanlıqda yaşamalıdır”.
 
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev şəhidlərin Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçdiklərini söyləyib:
 
“Şəhidlik ölümün üzünə dik baxanlara qismət olur. Dövlət başçısı dedi ki, mən tək Azərbaycan analarının deyil, erməni analarının da göz yaşlarını istəmirəm. Çünki hər atılan güllə bir ananın övladına dəyir. Ay erməni, sənin Azərbaycan torpağında nə işin var ki, meyitin də burada qalır?! Torpağın yoxdu?! Elə indiki torpağın da bizim torpağımızdır. Azərbaycan xalqı silahsız da Qarabağa getsəydi, qarşısında heç kim dura bilməzdi, çünki böyük ruh yüksəkliyi var. Bizim bu dünyada ən uca bayrağımız Qarabağ səmalarında dalğalanacaq”.
 
Millət vəkili Bəxtiyar Sadıxov bu gün xalqın gözünün birinin güldüyünü, birinin ağladığını deyib: “Sevinci bizə Azərbaycan ordusu, Ali Baş  Komandan yaşatdı. Bizi ağladan isə itkilərimizdir”.
 
Şəhid atası Nadirşah Axundov bəyan edib ki, işğal altındakı torpaqlar tarixi Azərbaycan torpaqlarıdır: “O torpaqlar bizimdir və bizim olacaq. Bir şəhid atası kimi mən buna inanıram. Vətən sağ olsun!”
 
Digər şəhid yaxınları da Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılacağına, Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına inandıqlarını vurğulayıblar.
 
Tədbirin sonunda  Azərbaycandakı dini konfessiyaların rəhbərləri adından Ermənistanın təmas xəttində törətdiyi son təxribatla bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.
 





13.04.2016    çap et  çap et