525.Az

Pərviz Heydərov: “Birinci rüb islahatlar dövrü kimi yadda qaldı”


 

Pərviz Heydərov: “Birinci rüb islahatlar dövrü kimi yadda qaldı”<b style="color:red"></b>

“Cari ilin birinci rübünün iqtisadi nəticələri o qədər də yaxşı olmayıb. Bunu Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev də qeyd edib. Məsələ bundadır ki, sözügedən tendensiya gözlənilən idi. Həm ölkə daxilində, həm də qlobal iqtisadiyyatda yaranmış vəziyyət bunu əvvəldən diqtə edirdi”.

Bu sözləri iqtisadçı ekspert Pərvzi Heydərov  Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, baş verən mənfi proseslərə baxmayaraq birinci rüb bütövlükdə islahatlar dövrü kimi yadda qalıb:
 
“Dövlət başçısı bildirib ki, ümumiyyətlə, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. Bu, özünü ilk aydan əyani şəkildə göstərdi. İlin əvvəlindən bir çox sərəncamlar, qanunlar imzalandı və qəbul edildi. Bütün bunlar biznes mühitini yaxşılaşdırmaq, ixrac potensialını artırmaq, ölkəyə xarici sərmayəni cəlb etmək, yerli istehsalı genişləndirmək - qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə edildi. Ancaq ən ümdə məsələ maliyyə nizam-intizamının yaradılması, birinci növbədə məhz bu sahədə şəffaflığı təmin etməkdən ibarət idi ki, məqsəd bilavasitə milli valyutanın dəyərini qorumaqdır. Çünki keçən ilin dekabr ayının 21-i tarixində ikinci devalvasiya nəticəsində manatın məzənnəsi üçün yaranmış mənfi təsirlər ciddi təhlükələr vəd edirdi.

Ölkədə kəskin dollarizasiya prosesi hökm sürməkdə idi. Ancaq həm hökumətin gördüyü bir sıra tədbirlər, həm də qlobal iqtisadiyyatda yaranmış nisbi sabitlik nəticəsində bunu xeyli dərəcədə aradan götürmək mümkün oldu. Hazırda maliyyə bazarında sabitlik müşahidə edilməkdədir. Bu isə iqtisadi geriləmənin qarşının alınacağı şansı yaradır”.

Ekspert qeyd edib ki, hazırda manatın xarici valyutalara nəzərən məzənnəsində sabitlikdir: “Məlumdur ki, Mərkəzi Bank demək olar, hər həftə müvafiq hərraclar keçirir və alqı-satqı nəticəsində kurs müəyyən olunur. Əsas məqsəd isə ondan ibarət idi ki, dollarizasiya prosesinin qarşısı alınsın. Bu baxımdan, ölkədə banklarda yerləşdirilən əmanətlərin qarşıdakı 3 il ərzində tam olaraq sığortalanmasının qərara alınması və bu zaman manatla olan əmanətlərin sığortalanan faiz dərəcəsinin 12  faizdə saxlanıldığı halda, xarici valyuta üzrə bunun 3 faizə endirilməsi xüsusən mühüm addım oldu. Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsini qaldırması da manatın möhkəmlənməsi istiqamətində vacib addım sayılır”.

P.Heydərov hesab edir ki, bütün deyilənlərə əsasən ölkə iqtisadiyyatı artıq yeni vəziyyətə uyğunlaşmaq üzrədir: “Lakin qarşıda hələ tam olaraq tələb olunan sistemə keçid vəzifəsi dayanır. Odur ki, islahatlar davam edəcək”.

Ceyhun ABASOV

 





13.04.2016    çap et  çap et