525.Az

Həyatın gerçəyi Yalan


 

Həyatın gerçəyi Yalan<b style="color:red"></b>

İlk dəfə filmi gördüm. Gənc idim və bu oyunların mənə qarışacağı olmadığını zənn  edirdim. Bəlli sərhədlər, prinsiplər, maneələr  vardı. Həyat sərhədin bir tərəfində mövcud idi. Gerçəyin orda olduğu mənim o zamankı həqiqətim  idi. Amma film tutdu məni. İndiyə qədər həmin  yazıçı niyə gözümdən  yayınıbmış?.. Aradım onu, aradım və bəzi gerçəkləri də qəbul etməyə  çalışdım...Əzabla, əziyyətlə, amma çalışdım. Film öz ulduz yağışı ilə məni də işıqlı bir  cığıra itələdi və bu günə qədər məni tərk etməyən  minnətdarlıq duyğusu ilə o cığırı yola döndərdim. Sonralar illərin hökmüylə yoldan cığıra, cığırdan yola keçdikcə hər şeyin bir-birinə qarışdığını anladığım zaman da gəldi.  Həyat nədi? – sualı – oyunmu, gerçəklərmi?.. Ya  da  gerçəklərin oyun variantımı?

Və bu günə qədər də Teatr deyəndə  Raymond Paulsun  melodiyası qulaqlarımda səslənir. Və bu günə  qədər də hansı rolda, hansı oyunda oynasam, möhtəşəm Culiyanın təsirindən çıxa bilmirəm. Somerset Moemin “Teatr” əsərinin qəhrəmanı və  mənim  həyat  qəhrəmanım  Culiya  Lembert...

HƏYATIN OYUN OLDUĞUNU DƏRK ETMƏK... 

Somerset Moem mənim yazıçımdı – sarkazmı, ironiyası, ağrıları, həyatdan bezgin qəhrəmanları, bir gün hər şeydən üz döndərib, hər şeydən vaz keçə biləcək  qədər cəsur obrazları ilə  mənim  yazıçımdı. Və mən, onun sadiq oxucusu,  onun mənə təklif etdiyi həyat düsturunu həll edə-edə bu günlərimə gəlib çıxdım. İlk gənclik  illərində insan o qədər cahil olur ki, İlahi... Eyforik arzuları, xülyaları, ideyaları ilə... Amma sonra bu axarın içində palçığa, çirkaba  bulaşa-bulaşa müdrik bir insana dönüşürsən və  düsturun cavabı onda  gəlir. Nə vaxtsa, dünyanın hansısa Tanrının yadından çıxmış bir nöqtəsində bir qadının sənin yazdıqlarını oxuyacaq  fikri düşündürübmü yazarı? Yekəxana, soyuqqanlı  bir ingilis bunu düşünə bilərmi? Moem öz yurddaşlarına da yuxarıdan baxan biri idi. Orientasiyasına görə də qadınlara nifrət edirdi. Oxucunu düşünüb yazdığı fikri doğma gəlmir mənə... Amma o, mənim  doğmamdı. Həm də  fikirləşirəm ki, bu ədəbiyyat adlanan əbədiyyətin  içində nə qədər qohum –əqrəbam var mənim. Onların içində rahatam, onların içində tənha deyiləm, onların içində oynamağa məhkum deyiləm... Oyun... Həyat... Oyun... O, yəni Moem,  mənim oynadığım bu tamaşada həm də rejissor oldu deyəsən... Sən həyatının hər mərhələsində yeni obraz olmağa məhkum idin və hər dəfə uğurlu  səhnə həllini tapması üçün yeni mizanlar  düşünməliydin. Anlaşılan bu ki, oyunun  şərtlərinə şərtsiz əməl etməyə başlayanda uğur  gəldi. Sən bu səhnənin parlaq Aktrisası oldun .... 

TAMAŞA 

Yaşı əlliyə yaxınlaşmaqda olan Culiya Lembert   İngiltərənin ən sevimli aktrisasıdı – gözəldi, zəngindi, ideal ailəsi var, sayılır, öz teatrının  sahibəsidi və bu teatrı o, əriylə  birlikdə  yönətir. Maykl İngiltərədə ən uğurlu teatr prodüsseridi. Yetkin yaşlı Rocer adlı oğulları bu səadət tablosunu tamamlayır.

Günlərin bir günü teatra gənc bir mühasib gəlir və vergi söhbətində yeni ideyaları ilə Mayklın diqqətin çəkə bilir. Evinə nahara dəvət edir gənci, hətta Culiyadan oğlana diqqət göstərməyini  xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Olanlar da bundan sonra  cərəyan etməyə  başlayır... Culiya şəkilə baxaraq həyatını  xatırlayır...

Sadə bir ailədə doğulub böyüyən bu qızın istedadı  və içindəki əzmi onu hər zaman irəliyə dartır. Əyalət truppasında oynayanda gələcək əriylə  tanış olur və yaraşığı ilə hamının diqqətini çəkən bu gəncə aşiq olur. Maykl Culiyanı sevmir, amma gələcəyi gözəl proqnozlaşdırdığından bu  izdivac ona lazımdı. Hər halda ikisi də bu  ittifaqdan razıdılar. Laqeyd ərinin zəhməti də öz  bəhrəsini verir – az keçmir ki, Culiya da ərinə  olan dəli eşqin söndüyünü anlayır. Təsir əks  təsirə  bərabərdi – indi onlar ruhən bir-birindən azaddılar. Öz teatrlarını açırlar – Culiyanın parlaq istedadı, Mayklın  təşkilatçılıq bacarığı onları yüksək cəmiyyətdə  tanıda bilir. Tamaşaçının onu unutmayacağından əmin olan aktrisa ana olmaq üçün səhnədən uzaqlaşmağı da rəva bilir özünə. Bir sözlə, ilk baxışda həyat çox gözəl görünür. Amma şəkilə incik baxır qadın – ona elə gəlir ki, həyat yan keçib. Səhnə, şöhrət və tamaşaçı alqışı olsa da, qadın səadəti, sevgi yoxdu həyatında... Aha, deməli, teatra gələn gəncin  ulduz  saatıdı. Tom Fennel səhəri gün tamaşadan çıxan aktrisanı çaya dəvət edir. “Pərəstişkarı incik salmaq olmaz” prinsipi var Culiya üçün. Dəvəti qəbul edir və özünün guya necə sadə olduğunu nümayiş etdirmək üçün evinə gedir cavan oğlanın. Oğlanın evi ona ilk gəncliyini xatırladır... və qəfildən Tom qadını öpüşlərə qərq edir. Heyrətdən özünə gələ bilməyən qadın dərk edir ki, xoşdu ona bu zor. Daxilində öz hərəkətləri özünə  gülməli gəlsə də, birdən-birə özünü 20 il cavan  hiss edir. Və bunu da dəhşətlə düşünür ki, aşiq olub. Bəli, bəli, o, möhtəşəm Culiya Lembert, ayaqları altına bütün London bomondu döşənən  fırtına qadın bu gənc oğlana aşiq olub... İlk  vaxtlar hisslərini gizlətməyə çalışsa da, hər  vəchlə Tomu özünə bağlamağa çalışır. Ona  bahalı hədiyyələr alır, borclarını ödəyir. Culiya başını itirib – kimin onun haqqında nə düşünəcəyi də artıq onu maraqlandırmır. Həftənin üç günü Londonun ən bahalı restoranlarında, gecə klublarında görünməyə  başlayırlar. Qadın onu özünün yaşadığı bahalı  məhəlləyə köçürür, evini öz zövqü ilə bəzəyir. Aktrisa çoxdan unutduğu səadət, xoşbəxtlik  hisslərini yaşayır  və  ağlına da gətirmək  istəmir ki, haqqında söz-söhbət gəzməyə başlayıb. Sən demə, neçə illər dostluq etdiyi rəfiqəsi Dolli Maykla çatdırıb bu xəbəri və hətta onu da deyib ki, bu barədə oğlanın özü danışıb sevdiyi  qıza, qız da bütün Londona yayıb. Qıza söz verib ki, qadın onsuz da onun dediyi bir sözü iki eləmir, deməli, ona teatrda rol alacaq. Mahir  aktrisa  ərinin yanında onu çulğayan əsəb qasırğasını gizlədə bilir, amma sarsıntı onu yıxır. Deməli,  Tom onu sevmir, ona da Culiya vitrin, pul kisəsi  kimi lazımdı. Üçüncü  dərəcəli bir aktrisa gəncliyi ilə onu üstələyibmi?...

Və həqiqətən az keçmir ki, Tom Culiyanı ucuz bir teatra, həmin gənc qızın oyununa baxmağa dəvət edir. Qadın oğlanın sözünü yerə salmır guya, amma məqsədi ona rəqib olmağa iddialı bu qızı görməkdir. Tamaşa zamanı Tomun gözlərinə baxan   qadın ağrı ilə dərk edir ki, Tom bu qızcığazı sevir cani-dildən və onu Culiyanın vasitəsilə  məşhur etmək fikrindədi. Culiya teatrda qıza rol  verəcəyini vəd edir Toma, amma bu, qisas vədidi. Culiya Lembertlə bəlkə hansısa bir yerdə rəqabət  aparmaq olardı, amma SƏHNƏDƏ....

Kimsə ora əl uzada bilməz!!!  Ora ancaq ona məxsusdu!!!

...Sarsıntıdan qurtulmaq üçün Londondan uzaqlaşmaq istəyir, doğulduğu əyalətə – anasının  yanına gedir və burda da insanların heç də şəhərdəkilərdən fərqlənmədiyini görür. Anasına qonaq gəlib əxlaqi dəyərlərdən danışan, amma masanın altında onun ayaqlarını sığallamağa cəhd edən keşiş şəhər dendilərindən nə qədər başqadı ki? Onlar hər yerdə oynayırlar, sadəcə,  miqyas fərqlidi. Ancaq özünü qadın hiss etmək  istəyindən də vaz keçə bilmir. Çoxdan ondan ötrü  ah-uf edən lord Temerli ən gözəl namizəddi Culiya  üçün – ən seksi, ən parlaq libaslarını  geyinib  evinə gedir lordun. Əlindən gələni edir  ki, bu məhzun aşiq heç olmasa onun əlindən öpsün. Amma  burda da fiasko – sən demə, lord Temerli özünün kişi kimi iqtidarsızlığını illər uzunu məhz Culiyanın adıyla gizlədirmiş... Hamı onun ancaq  xanım Lembertə aşiq olduğunu düşünüb haqqında başqa bir söz deməsin... Deməli, bu da oyun imiş... Bu nədi? Doğrudanmı, onun qadın məlahəti yoxdu?  Risk etmək qərarına gəlir qadın – üz-gözünü  bayağı boyayıb London fahişələrinin yığışdığı məhəllədə gəzişmək istəyir. Görən orda ona qadın  kimi bir təklifdə bulunan olacaqmı?.. Amma... yox, burda da ona yaxınlaşan yeganə kişi avtoqraf  istəyir aktrisanı tanıdığından... Culiya özünə inamı tamam itirib – niyə O,  qadın ola  bilməsin?  Hamı onu niyə ancaq aktrisa kimi sevsin axı? Və ondan niyə ancaq oyun istəyirlər? Həqiqəti oğlu deyir qadına:

– Mən axtarıb tapa bilsəydim, sevərdim səni... Amma hardasan sən? Görəsən, səni qatbaqat soyundursaq, əynindən sənin sənətkarlığını, qeyri-səmimiliyini, oyunlarını, köhnə rollarından  olan sitatları, saxta hissiyyat qəlpələrini çıxarsaq, qəlbini görmək mümkün olacaqmı? – Rocer ona diqqət və kədərlə baxıb, zorla gülümsündü: – Ancaq  çox xoşuma gəlirsən...

... Premyera yaxınlaşır... Məşqlərdə özünü  yorğun, üzgün  və xəstə göstərir. Və  görür ki, bundan yalnız əri Maykl narahatdı – o da  teatra  tamaşaçı cəlb edən bir nömrəli aktrisa üçün narahatdı. Tom və onun gənc sevgilisi isə çox sevinirlər. Tamaşadan əvvəl Tomla səhnə arxasında rastlaşan Culiya anlayır ki, sevmir artıq bu gənci. Sevmir və ürəyi rahatdı. Ürəyi  rahatdı, amma qisas hissi ilə dolu bir rahatlıqdı bu. Tomun sevgilisini hamının gözü qarşısında məhv edəcək, üstündən keçəcək, böcək kimi əzəcək!!!! 

Tamaşa vaxtı gənc aktrisaya diqqət çəkə biləcək yeganə mizan elə dəyişdirilir ki, böyük  Aktrisanın oyunu ilə salon alqışlardan  titrəyir, Culiyanı on dəfə təkrar-təkrar çağırırlar səhnəyə. Pərdələr enir-qalxır, “BİS”,  “BRAVO” sədaları susmaq bilmir. Bu onun ZƏFƏRİDİ – AKTRİSANIN!!!

Səhnə arxasına gəlib qrim otağında güzgüyə baxır  yorğun-yorğun...

Əri Mayklın:

–Ay ləçər, sən yəni məni bu səfil qızcığaza qısqandınmı? Yəni sən düşünmədinmi ki, sənin  möhtəşəmliyin hamını sönük qoyur, kölgədə qoyur?... – sözləri onu təəccübləndirsə də, şirin  bir təbəssümlə:

– Əzizim, mən səni hamıya qısqanıram – deyir, amma  ürəyində “SƏFEH” – deyir  Maykla – Anlamadın  yenə... Tom da  gəlib onu təbrik etməyə. O yenə  Culiyanın ayaqlarına döşənməyə hazırdı, amma qadın onu əlinin arxası ilə yüngülcə itələyir (Bunu edən Aktrisamı, ya Qadınmı? İndiyə qədər də ayırd edə bilməmişəm). Və  füsünkar  baxışlarla, qalib baxışlarla heç nə demədən – GET – deyir.  Bu hay-küyün içində aradan çıxmağın  əsl vaxtıdı. “Mənim həyatımda bir daha belə anım olmayacaq və mən onu kimləsə paylaşası deyiləm” – deyir, hər  kəsdən yayınıb restorana gedir. On ildi ki, arzu edib də yeyə bilmədiyi bifşteks, qızarmış kartof, pivə sifariş edir. Ay aman, bifştekslə müqayisədə Sevgi  nədi ki?... Tanınmamaq üçün başına qoyduğu şlyapasının altından restoranın ziyarətçilərini müşahidə  edir, fikirləşir ki, aktyorlar və onların oynadığı rollar əslində həyat adlanan bu  qarışıq, məqsədsiz oyunun simvollarıdı. Sadəcə,  simvollar daha gerçəkdi. Həyatın yeganə  gerçəyidi  oyun....

GERÇƏK  TEATR

Hər zaman diqqət mərkəzində olmağa öyrəncəli və  kimsənin də sona qədər dərinliyinə vara bilmədiyi bir  qadın. Həyatda qazandığı nə varsa,  Oyuna borcludu. O, həmişə oynayır – ərinin, oğlunun, məşuqunun, rəqiblərinin, anasının, dostlarının, publikanın qarşısında...

Zəif nöqtələrini, yerlərini kimsəyə göstərmir... Ən  əsası hisslərini kimsəyə göstərmir və bir gün  anlayır ki, özü də artıq unudub nəyin doğru, nəyin  yalan  olduğunu... Həyatını  qazanıb, amma onun gerçək kimliyini üzə çıxaracaq biri olmayıb  həyatında, onu qadın kimi kəşf edən biri...

Və sonda anlayır ki, o, hamıya öz oyunlarıyla  maraqlıdı, barışmaq lazımdı bununla... Özü isə  ancaq səhnədə özü ola biləcək... Ən böyük eşq də, aşiq də SƏHNƏDİR.

Para-pul, sevimli iş, dostlar (daha doğrusu, heyranlar), sevmədiyi, amma hələ də İngiltərənin ən yaraşıqlı kişisi sayılan ər. Arzulara baxın  hələ:  “Altmış yaşım olanda özümə rahatlıq verəcəm. Ürəyim istədiyi qədər yağ-çörək yeyəcəm. Səhərlər isti bulka, günortalar qızardılmış kartof, lançda yenə kartof. VƏ PİVƏ.... Tanrım, çox sevirəm pivəni! Noxud şorbası, tomat  şorbası, pudinq, vişnə piroqu istəyirəm. Qaymaq, qaymaq, qaymaq...” İlk baxışda bəsitdi, deyilmi?  Amma gəncliyinin yoxsul günlərində bunları yeyə bilməyib, indi də kökəlib formadan düşmək  qorxusu var axı... Deməli, ən adi istəklər də onun üçün yasaqdı... Gənc deyil, amma yaşlanmayıb da və  həyatına gələn bu cavan oğlan onu yenidən aşiq olub havalarda uçmağa vadar edir. Bundan sonra  içində aktrisa ilə qadının savaşı başlayır. Qadın Sevgi istəyir, Aktrisa məğrurdu, əlçatmazdı... Aktrisaya heyranların vəcdlə “BİS” qışqırığı lazımdı, Qadına bircə  insanla görüş...

Erkən yaşlarından səhnədə olan aktrisa o qədər başqa həyatlar, başqa insanlar canlandırıb ki, özünün canı yoxa çıxıb onların arasında. Üstəlik, böyüyüb yetkinləşmiş oğluyla da dil tapa bilmir. Nədən danışsa, oğlu kinayə ilə: – Bu  hansı  tamaşadandı, hansı rolundu? – sualını  verir. Hələ  üstəlik, onu sevdiyini zənn etdiyi gənc də uzaqlaşıb ondan. Kim uduzub bu oyunda?  Kim qazanıb? Amma pərdələr enməyib hələ, enməyib... Bəli, o, həyatda başqalarının obrazını  canlandırır, amma bunu dürüstlüklə edir. Üzünə maska taxıb ətrafında yaşayan insanlardan fərqli olaraq... Kimsə yalançı eşqi oynayır, kimsə gəncliyini ön sıraya çəkir, kimsə fədakar dostdu, kimsə nəvazişkar ər... – amma oynayırlar. Kim yaxşı oynasa, həyat onundu, kim yaxşı oynasa, “BİS, BRAVO” hayqırtıları onun olacaq, kimsə də  kölgədə qalacaq. Ona görə  yox ki, oynamaq  istəmədi, bacarmadı, sadəcə... Culiya monoloqun  deyəcək!!!! 

HƏYAT 

Oxuduğun və sənə ədəbiyyat deyə təqdim olunan hər  nümunə yadında qalmır. Əvvəl beynində saf-çürük  olunur, sonra qəlbində yer tutur. Burda oyun elementləri yoxdu – sən varsan və sənin doğmaların var. Lap ruh əkizlərin də ola bilər. Sənin onlarla söhbətin alınır. Dinləyə də bilirsən, onlar da sənə qulaq asır. Onlardan  öyrənirsən – burda paxıllıq da yoxdu. Nə varsa  açıqdı, gizli-saxlı da yoxdu. Və zamanla hiss  edirsən ki, sənin əsl həyatın burdadı. Burda  kimsə səni aldatmayacaq, xəyanət etməyəcək, arzuların  əliuzalı qalmayacaq.

Somerset Moemin “Teatr” romanı janrın bütün  tələblərinə cavab verə bilir. Amma mənimçün bu deyildi əsas. Çox romanlar var bilirsən, bəli, gözəl yazılıb, bəli, bütün parametrlərə cavab  verir – ancaq sənin deyil. Deyil, vəssalam. Vitrindəki gözəl libas kimidi, lap əyninə geyinib-soyuna da bilərsən, sənin olmayacaq. Doğma  idi bu əsər mənə. Əvvəl filmi gördüm, indiyə  qədər də, az qala, hər kadrını xatırlayıram. Sovet  kinosunun ulduzları ilə – möhtəşəm Viya Artmane və  yeni-yeni kinoya qədəm basan İvar Kalnınışla. Çox sonralar, məşhur aktrisanın ölümündən sonra İ.Kalnınışın müsahibəsini oxudum – aktyor  etiraf etmişdi ki, filmə onu Viya çəkdirmişdi  və həmin vaxt onların arasında böyük sevgi vardı. Deməli, film deyilən bu oyunun içində gerçək  hisslər yaşanıb, yansıyıb ekranın bu üzünə. Deməli, yenə oyunla gerçəyin sərhədini ayırmaq  olmayacaq. Sonra əsərin özün oxudum...

Moem mənim romançımdı – bunu anladım... Amma  qadınlara bu qədər nifrət edən birinin belə obraz yaratması yenə sirrdi, mənə görə.

...Ətrafınıza baxın, cənablar!!!  Hansı  teatrın  tamaşasındasınız?  Hansı roldasınız? Bu oyuna özünüz inanırsınızmı? Gerçəklər sizi qorxutmur ki? Nəyin harda olduğunu ayırd edə bilirsinizmi? Və elə burda, bu sözlərin içində nəyin oyun, nəyin  gerçək olduğunu ayıra bildinizmi?

İnsanların əksəriyyəti kölgə tamaşasında  roldadı. İşığa çıxmaq cəsarət tələb edir. Bəs işıqların altında yaşamaq necə? Bunu hər kəs bacararmı? Hansı rakursdan necə görünəcəyin, hansı rəngin sənə daha çox uyğun olacağın əvvəldən müəyyən etmək necə???

Hələlik isə pərdə qalxır. O çıxır səhnəyə – işıqların və alqışların altında. Qadın artıq  anlayıb bütün gerçəklər burdadı, həyatının ən böyük eşqi də burdadı – SƏNƏT deyilən oyunun  içində...

 





11.02.2013    çap et  çap et