525.Az

Müəllimlə Tələbənin kitabı


 

Müəllimlə Tələbənin kitabı<b style="color:red"></b>

Bu günlərdə, akademik Tofiq Hacıyevlə professor Nizami Cəfərovun birgə yazdıqları məqalələrdən ibarət kitab çapdan çıxıb.

Kitaba "Azərbaycan dilində sadə cümlənin struktur-semantik təkamülü", Aydın Məmmədovun "Türk samitləri: anlaut və kombinatorika" monoqrafiyasından bəhs edən  "Dilçiliyə dəyərli hədiyyə", Vasim Məmmədəliyevin "Kufə qrammatika məktəbi" kitabından danışan "Kufə məktəbi: mübahisə davam edir", Türküstan Milli Azadlıq Hərəkatının fədailərindən olmuş İsa Yusif Alptəkinə həsr edilən "Türklük mücahidi" və görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfərə aid "Ədəbiyyatşünasın dilçilik görüşləri" məqalələri daxildir.

Professor Nizami Cəfərov kitab üçün qələmə aldığı "Bir neçə söz"də yazır:

"Akademik Tofiq Hacıyev mənim, sözün geniş mənasında, müəllimim, elmi rəhbərim olub. Və mən bu böyük alimin tələbəsi, yetirməsi olmağımla həmişə fəxr etmişəm.

Tofiq müəllimin elmi rəhbərliyinin bir üsulu da aspirantları ilə  yaradıcılıq əməkdaşlığı idi. Bu kitabda təqdim olunan məqalələr həmin əməkdaşlığın məhsullarıdır.

Mövzunu Tofiq müəllimin özü seçir, ilkin tövsiyələrini verirdi. Məqaləni yazıb qurtardıqdan sonra ona oxuyurdum. Elə həmin prosesdə qeydlərini, düzəlişlərini, əlavələrini edirdi. Və bundan sonra çapa göndərirdik.

Bu yazılar (eləcə də müştərək işlərimiz olan orta ümumtəhsil məktəblərinin  yuxarı sinifləri üçün "Azərbaycan dili" proqramları, dərslikləri) mənə çox əzizdir. Yəqin ki, səbəbini izah etməyə ehtiyac yoxdur... Ancaq ona təəssüflənirəm ki, Tofiq müəllim dünyadan,  heç gözləmədiyim halda,  tez getdi. Biz birlikdə daha dəyərli əsərlər yarada bilərdik.

Yazıya pozu yoxdur.

Allah Tofiq müəllimə rəhmət eləsin!.."

 





14.04.2016    çap et  çap et