525.Az

İnqilabdan sonrakı Misir


 

İnqilabdan sonrakı Misir<b style="color:red"></b>

Misir ehramları dünyanın yeddi möcüzəsindən biridir. Qahirənin  Giza rayonunda yerləşən, bu günə qədər necə tikilməsi sirr olaraq qalan piramidaları görmək üçün səhər lap tez yola çıxırıq.

Nil üzərindəki körpü ilə qərb sahillərinə - Giza istiqamətinə hərəkət etdikcə, yaşıllıq,  böyük xurma bağları diqqəti cəlb edir. Ancaq yol boyu  8-10 mərtəbəli səliqəsiz, necə gəldi inşa edilmiş çoxsaylı tikili də gözdən yayınmır. Binaların bəzilərində ümumiyyətlə yaşayış yoxdu, bir qismində isə çox az məskunlaşma müşahidə olunur. Bəlli olur ki, bunlar qanunsuz tikililərdir.  Yəni inqilab illərində ölkədəki vəziyyətdən istifadə edən bəziləri burada qanunsuz olaraq çox sayda bina tikib. Amma ölkədə vəziyyətin sabitləşməsindən, dövlətin işə qarışmasından sonra alıcı tapmaq da mümkün olmayıb.  Böyük şəhər planına əsasən bütün bu binaların söküləcəyi  gözlənilir. Onu da qeyd etmək yerinə düşər ki,  misirlilər kiçik ölçülü mənzilləri sevmirlər. Ona görə də mənzillər daha geniş tikilir. Qiymətlərə gəlincə, məsələn, 120 km-lik mənzili 40 min dollara almaq mümkündür. İndi hökumət insanların mənzil problemini həll etmək üçün binaların tikintisinə başlayıb və həmin mənzillər ucuz qiymətə təqdim olunacaq. 

Yeddi möcüzədən biri - Misir ehramları 

Nəhayət, uzaqdan görünüşü ilə belə möhtəşəm olan piramidalara yaxınlaşırıq. Ümumiyyətlə, Misirdə 110-a qədər piramida var. Amma bunların arasında ən məşhurları Xeops , Xefren və Mikerin ehramlarıdır.

Ən böyük piramida 137 metr olan  Xeops piramidasıdır. Əvvəl bu piramida 147 metr olub, ancaq 10 metrlik hissəsi yoxa çıxıb.  Araşdırmalar göstərir ki, həmin 10 metr  qızıldan ibarət olduğu üçün işğalçılar tərəfindən sökülərək oğurlanıb. Firon Senefronun oğlu, dördüncü sülalədən ikinci hökmdar olan Xeops taxta çıxan kimi gələcəkdə dəfn edilməsi üçün belə bir ehramın tikilməsinə göstəriş verib. Xeops 23 il taxtda oturub, ehramın tikintisi də 20 ilə tamamlanıb.

Bu piramidanın tikintisi zamanı, rəvayətə görə, Nil çayına sel gəlir və dörd ay suyun səviyyəsi enmir. Amma Xeopsun mühəndisləri nəinki işi dayandırmır, əksinə sürətləndirir. Çünki sel suları sürətlə axdığı üçün qayalardan yonulan iri sal daşlarını tikinti meydançasına çatdırmaq xeyli asanlaşırmış.

Piramidaların necə tikildiyinə dair müxtəlif hekayələr var.  Amma alimlər hələ də bu piramidaların yardım olmadan necə tikilməsi  sirrini  tam şəkildə aça bilməyiblər.  Xeops piramidasının tikintisində hər biri minimum 2,5 ton ağırlığında olan 2,3 milyon daşdan istifadə edilib. Hətta ehramın aşağı qatlarındakı bəzi daşların 40 ton ağırlığında olduğu məlumdur.  Daşlar Gizaya Qahirənin cənubundakı mədənlərdən iribuynuzlu heyvanların yardımı ilə Nil çayına, ordan isə Gizaya gəmilərlə daşıyırlarmış. Piramidanı 100 min insan 40 ilə tikib.  Belə ki, 20 il daşların hazırlanmasına,  20 il isə tikintiyə sərf olunub.

Xeops ehramının yanında isə əlavə üç kiçik piramida diqqətimizi çəkdi. Bələdçi dedi ki, bunlardan birində fironun anası, ikincisində arvadı, digərində isə başqa bir ailə üzvü dəfn edilib. Sərdabəyə fironun mumiyası ilə yanaşı o biri dünyada istifadə edə biləcəyi ən qiymətli və bahalı əşyalar qoyulurdu. Ümumiyyətlə,  fironlarda o biri dünyaya inam çox güclü olub. Onlar hesab ediblər ki, bu həyat önəmli deyil, əsas axirətdir.

Mumiyalama zamanı ölmüş fironun cəsədini məbədə gətirir, sonra onun daxili orqanlarını - qaraciyər, mədə, ürəyini çıxarıb ayrı-ayrı qablara yerləşdirirdilər. Ölmüş fironun beynini isə qədim kahinlər burnundan çıxarırdı, çünki onu balzamlamaq qeyri-mümkün görünürdü.

İkinci böyük ehram  Xeopsun oğlu  Xefren tərəfindən tikilib.  Tarixi mənbələrə əsasən, Xefren 26 il Misirdə hökmranlıq edib. Bu piramida ilk vaxtlar 143 metr olsa da, hazırda onun hündürlüyü dağılmalar və aşınmalar nəticəsində 136 metrə qədər enib.

Üçüncü və ən kiçik ehram isə firon Xefrenin oğlu Mikerin  piramidasıdır. Mənbələrə əsasən firon Mikerin 18 illik hakimiyyəti dövründə Misirdə dini azadlıq daha geniş olub. Mikerin piramidası 65,5 metr yüksəkliyində tikilsə də, günümüzə 62 metri gəlib çatıb.

Ehramların içərisi yayda soyuq, qışda isə isti olur. Ordakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmayıblar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

Sirri açılmayan Sfinks  

Piramidalarının şərqində tarixi dəqiq bilinməyən və müxtəlif sirləri özündə daşıyan əhəngdaşından yonulmuş nəhəng bir abidə var - Sfinks yerləşir. Üzü insan, bədəni aslan olan bu abidə dünyada məşhurdur. Arxeoloqlara görə, Xefren piramidasını Vadi məbədinə bağlayan yolun sonunda yerləşən insan başlı, aslan bədənli bu heykəlin təxminən 4,7 min il əvvəl məhz firon Xefren tərəfindən tikildiyini güman edirlər. Deyilənə görə, bu fironu sərdabə qane etməyib və onu  yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı əmr edib. "Keşikçi" insan başlı və aslan bədənli Sfinksdir. Amma bu rəvayətlərə rəğmən, Misirin heç bir yerində Sfinksin tikilməsinə dair hansısa işıqucu tapılmadığından onun tarixi də dəqiq sayılmır. Yeri gəlmişkən, aslanlar günəşlə bağlılıqları səbəbindən müqəddəs sayılıblar. 73 metr uzunluğu, 20 metr hündürlüyü və 5 metr eni olan Sfinksin digər adı da "Harmakis"dir. Heykəl doğan günəşi və firon üçün yenidən dirilişi təmsil edir. Üzünün şərqə olması isə onun hər səhər günəş allahı Ranı görməsi üçündür.

Qədim dövrlərdə Nil çayının suları düz Sfinksin qarşısından axarmış. Xəritələrə əsasən, hətta 100 il öncə də sular buraları yuyarmış. Sfinksin qarşısında isə gəmilərin lövbər saldığı liman varmış və ehramların tikintisində istifadə olunan daşlar məhz bura qədər çay yolu ilə daşınarmış. Amma keçmiş SSRİ-nin maliyyə-texniki yardımı ilə Nilin Əsvandan keçən hissəsində tikilən eyniadlı torpaq bənd suyun axınını nizamladığı üçün çay indiki sabit məcrasında axır və ehramlardan xeyli uzaqlaşıb. Amma təəssüf ki, piramidalar kimi, bu abidə də günümüzə ilk vəziyyətindəki kimi gəlib çatmayıb. Belə ki, 1798-ci ildə misirlilərlə fransızlar arasındakı müharibədə fransızların atdığı top mərmisi Sfinksin burnunu zədələyib. Abidəyə daha bir ziyan britaniyalıların "çənəaltı saqqalı" sadəcə özününküləşdirib Londona aparılmasıyla vurulub.

Hava qaralanda isə turistlərə abidələrin tarixi ilə bağlı xüsusi lazer və işıq şüaları ilə şou təqdim olunur. Beş min ilə yaxındır  ki, sirrini saxlayan bu abidələr indi də insanı heyrətləndirməkdə davam edir. Bəzi fərziyyələrə görə isə guya misirlilər sehrli eliksir düzəldib və bu eliksirləri içib, onun köməyi ilə insanda ola bilməyəcək dərəcədə güc alıblar. Misirlilərin sehrli üsullardan istifadə etməsi də fərziyyələr sırasındadır.

Misirdə olanlar artıq bilirlər, piramidaların ətrafında  çoxlu insanlar dolaşır və onlar da gələn turistlər hesabına güzəran pulu qazanırlar. Onlar turistlərə müxtəlif növ antik təsvirləri özündə əks etdirən suvenirlər satmaq üçün dəridən-qabıqdan çıxır, həm də dəvəyə minməyi təklif edirlər. Əgər nəsə almaq istəsəniz, əmin olun ki, qiyməti nəinki 50, 70 faiz belə endirə bilərsiniz. Dəvəyə minməksə məsləhət görülmür. Sizi pulsuz, yaxud kiçik məbləğə dəvəyə mindirib, endirmək üçün isə 100 dollar belə istəyə bilərlər.Təbii ki, dəvədən düşmək mümkün deyil. Ona görə də məbləği vermək məcburiyyətində qalacaqsınız. 

Misirin rəmzi - Papirus

Misirin rəmzlərindən biri də papirusdur. Ölkəyə gələn hər kəs mütləq papirusdan hazırlanmış tablolar alırlar. Ancaq ucuz qiymətə təklif olunan papirus tabloları heç də əsl papirus bitkisindən hazırlanmır. Qahirədəki Papirus salonunda olarkən bu barədə məlumat verildi. Salonda Misirin qədim dövrünün təsvirləri olan zövqlə hazırlanmış papirus taplolar sərgilənir. Burda həm də papirus kağızlarının hazırlanma qaydası barədə məlumat verildi. Bildirildi ki, papirusun gövdəsi müxtəlif ölçülərdə kəsilir və bir həftəyədək suda saxlanılır. Belə olduqda ondan hazırlanan kağız da zərif olur. Tünd qonur rəngli papirus kağızlarına işarə edən mütəxəssis dedi ki, bu rəngi almaq istəsək, gərək bitkinin doğranmış gövdəsini iki dəfə artıq, yəni iki həftə suda saxlayaq. Mütəxəssislər onu da bildirdilər ki, papirus tablolar alarkən ehtiyatlı olmaq lazımdır, çünki açıq rəngli tabloların bir çoxu saxtadır - adi banan gövdəsindən hazırlanıb, papirus adına satılır.

Onu da qeyd edim ki, əsl papirus tablolar çox bahadır. Ölçüsündən asılı olaraq qiymətləri  40 dollardan 1000 dollara, hətta daha yüksəyə dəyişir. İndi bu ölkədə papirus azalıb, hətta deyilənə görə  20 il ərzində papirus tamamilə yox ola bilər.

Çoxəsrlik tarixə malik papirus bitkisi Nil çayının sahillərində yetişir. Məhz bu səbəbdən bitkini "papirus", yəni "çayın bəxşişi" adlandırıblar. Misirlilər qədim dövrlərdə papirusdan geyim, ayaqqabı, həsir, kəndir və hətta qayıq da hazırlayırdılar. Lakin ən əsası misirlilər papirusdan yazı məqsədi ilə istifadə edirdilər. Məhz papirus vasitəsi ilə misirlilər tarixlərini gələcək nəsillərə ötürə bilmək imkanını əldə ediblər.

(Ardı olacaq)

Pərvanə Sultanova
Bakı-Qahirə-Bakı

 





14.04.2016    çap et  çap et