525.Az

Prezident "Sosial mənzil" layihəsinə start verdi


 

VÜQAR BAYRAMOV: "SOSİAL MƏNZİL FONDUNUN FORMALAŞMASI HESABINA AYDA 150 MANAT ÖDƏMƏKLƏ MƏNZİLƏ SAHİB OLMAQ MÜMKÜN OLACAQ"

Prezident "Sosial mənzil" layihəsinə start verdi<b style="color:red"></b>

"Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir".

Bu sözləri prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərkən deyib.

Müşavirədə ölkə başçısı ölkədə aparılan iqtisadi islahatlar, icra olunan sosial proqramlar barədə ətraflı məlumat verərək, bu istiqamətdə aparılan fəaliyyətin davamlı xətlə inkişaf etdiriləcəyini, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələrin icra olunacağını bildirib.

İqtisadi islahatların davam etdiriləcəyini deyən ölkə başçısı bildirib ki, Biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılıb: "İlin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. Halbuki 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilib. Görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək".

Prezident söyləyib ki, gələcəkdə dollarlaşma meyllərinin qarşısı alınacaq: "Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Maliyyə nəzarəti haqqında, əmanətlərin tam sığortalanması haqqında qəbul edilmiş qərarlar həm sosial xarakter daşıyır, həm də bank sektoruna əhali tərəfindən inamı artırır. Əmanətlərin böyük hissəsinin dollarla saxlanması ölkə iqtisadiyyatı üçün müsbət hal deyil.

Manatın məzənnəsi sabitləşib. Yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Elə addımlar atılmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar".

Ölkədə sosial mənzillərin tikiləcəyini deyən İlham Əliyev qeyd edib ki, Azərbaycanda ilk dəfə sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək: "Bakı da daxil olmaqla, bütün şəhərlərdə, rayon mərkəzlərində maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün sosial mənzillərin tikintisinə başlanacaq. Sosial Mənzil Fondu mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim edəcək. Sosial mənzillərin tikintisi paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək".

Bakı şəhərində qəzalı vəziyyətdə binaların kifayət qədər çox olduğunu deyən Prezident bildirib ki, birinci pilot layihə əsasında Sabunçu rayonunda o evlər sökülür, onların yerində gözəl, müasir binalar tikiləcək: "Qəzalı vəziyyətdəki evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək".

Vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələrin bərpa edilməli olunduğunu deyən dövlət başçısı hesab edir ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, üzümçülük və digər sahələrin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçiriləcək: "İri fermer təsərrüfatlarının fəaliyyəti taxılçılıq sahəsində dönüşə gətirib çıxaracaq ki, taxıl idxalından asılı olmayaq. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır".

Məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, cari ilin birinci rübünün iqtisadi nəticələri o qədər də yaxşı olmayıb: "Bunu Nazirlər Kabinetinin iclasında dövlət başçısı da qeyd edib. Məsələ bundadır ki, sözügedən tendensiya gözlənilən idi. Həm ölkə daxilində, həm də qlobal iqtisadiyyatda yaranmış vəziyyət bunu əvvəldən diqtə edirdi. Lakin buna rəğmən, birinci rüb bütövlükdə islahatlar dövrü kimi yadda qaldı. Dövlət başçısı bildirib ki, ümumiyyətlə, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. Bu, özünü ilk aydan əyani şəkildə göstərdi. İlin əvvəlindən bir çox sərəncamlar, qanunlar imzalandı, qəbul edildi. Bütün bunlar biznes mühitini yaxşılaşdırmaq, ixrac potensialını artırmaq, ölkəyə xarici sərmayəni cəlb etmək, yerli istehsalı genişləndirmək - qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə edildi. Ancaq ən ümdə məsələ maliyyə nizam-intizamının yaradılması, birinci növbədə məhz bu sahədə şəffaflığı təmin etməkdən ibarət idi ki, məqsəd bilavasitə milli valyutanın dəyərini qorumaqdır. Çünki keçən ilin dekabr ayının 21-i tarixində ikinci devalvasiya nəticəsində manatın məzənnəsi üçün yaranmış mənfi təsirlər ciddi təhlükələr vəd edirdi. Ölkədə kəskin dollarizasiya prosesi hökm sürməkdə idi. Ancaq həm hökumətin gördüyü bir sıra tədbirlər, həm də qlobal iqtisadiyyatda yaranmış nisbi sabitlik nəticəsində bunu xeyli dərəcədə aradan götürmək mümkün oldu. Hazırda maliyyə bazarında sabitlik müşahidə edilməkdədir. Bu isə iqtisadi geriləmənin qarşının alınacağı şansı yaradır".

Ekspert qeyd edib ki, hazırda manatın xarici valyutalara nəzərən məzənnəsində sabitlikdir: "Məlumdur ki, Mərkəzi Bank demək olar, hər həftə müvafiq hərraclar keçirir və alqı-satqı nəticəsində kurs müəyyən olunur. Əsas məqsəd isə ondan ibarət idi ki, dollarizasiya prosesinin qarşısı alınsın. Bu baxımdan, ölkədə banklarda yerləşdirilən əmanətlərin qarşıdakı 3 il ərzində tam olaraq sığortalanmasının qərara alınması və bu zaman manatla olan əmanətlərin sığortalanan faiz dərəcəsinin 12  faizdə saxlanıldığı halda, xarici valyuta üzrə bunun 3 faizə endirilməsi xüsusən mühüm addım oldu. Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsini qaldırması da manatın möhkəmlənməsi istiqamətində vacib addım sayılır".

P.Heydərov hesab edir ki, bütün deyilənlərə əsasən ölkə iqtisadiyyatı artıq yeni vəziyyətə uyğunlaşmaq üzrədir: "Lakin qarşıda hələ tam olaraq tələb olunan sistemə keçid vəzifəsi dayanır. Odur ki, islahatlar davam edəcək".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki,  2016-cı ilin birinci rübündə gözlənildiyi kimi neftin qiymətinin aşağı düşməsinin təsirləri böyük olub: "Çünki Azərbaycan neft ölkəsidir. Ona görə də neftin qiymətinin sabit olması ölkəmiz üçün önəmlidir. Bu tendensiya ilin birinci rübündə ümumi daxili məhsulun artım tempinin qorunub saxlanılmasına imkan verməyib. Bu dövr ərzində qeyri-neft sektorunda 5 faiz artım qeydə alınıb. İlin birinci rübünün yekunlarını qiymətləndirən zaman ən pozitiv məqam ondan ibarətdir ki, bütün regional və qlobal çətinliklərə baxmayaraq Azərbaycanda qeyri-neft sektorunda artımı qoruyub saxlamaq mümkün olub. Bu, 5 faizlik artım praktiki olaraq ondan xəbər verir ki, qeyri-neft sektoru ümumi iqtisadiyyatda artımın qeydə alınmamasına baxmayaraq inkişaf edir. Bu o deməkdir ki, birinci rüb qeyri-neft sektorunun inkişafı ilə yadda qalıb. Eyni zamanda, bu rüb ərzində aparılan bir sıra islahatlar və atılan addımlar 2016-cı il üçün kifayət qədər həlledici olub. Bu il, xüsusən islahatların dərinləşməsi üçün ciddi bir bazanın əsasını qoyub. Birinci rüb də lisenziyaların sadələşdirilməsi, bəzilərinin isə ləğv edilməsi, müddətsiz lisenziyaların tətbiq edilməsi, bu prosedurların "ASAN Xidmət"ə həvalə olunması və eləcə də rayonlar üçün iki dəfə ucuz lisenziya tariflərinin müəyyənləşdirilməsi sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan islahatların davamı kimi qiymətləndirilməlidir".

V.Bayramov həmçinin qeyd edib ki,  2016-cı ilin birinci rübü struktur islahatlarla da yadda qalıb: "Bir sıra dövlət qurumları birləşdirilib, bəziləri isə ləğv edilib".

İqtisadçı alim bildirib ki, müşavirədə Prezident sosial əhəmiyyətli mühüm layihənin reallaşacağı ilə bağlı bəyanat verib: "Bu o deməkdir ki, Azərbaycanda artıq sosial mənzil fondunun formalaşmasına start verilib. Bu fondun formalaşması vətəndaşlarımızın aşağı ödənişlə uzunmüddətli kredit hesabına mənzillərə sahib olmasına gətirib çıxaracaq. Sosial mənzil fondunun formalaşması ölkəmizdə orta hesabla ayda 150 manat ödəməklə mənzilə sahib olmaq deməkdir. Görülən işlər yaxın vaxtlarda dövlət büdcəsindən bu istiqamətdə vəsaitin ayrılacağından xəbər verir".

Mərkəz sədri əlavə edib ki, 2016-cı il Prezidentin dediyi kimi, Dərinləşmiş iqtisadi islahatlar ili olacaq: "Birmənalı olaraq bu il aparılan islahatlar sayəsində qeyri-neft sektoru ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq mümkün olacaq".

Ceyhun ABASOV

 





14.04.2016    çap et  çap et