525.Az

Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı


 

Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı<b style="color:red"></b>

Aprelin 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəy Fondunun (KİVDF) birgə təşkil etdiyi “Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin 10 yanvar 2016-cı il tarixli sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu yaxınlarda ölkəmiz daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. 25-27 aprel tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Forumun Bakıda keçirilməsi barədə qərar 2014-cü il sentyabr ayının 26-da BMT Baş Assambleyasının 69-cu sessiyasında verilib.

Nazir qeyd etdi ki, forum ərəfəsində fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi də təsadüfi deyil. Müsabiqənin məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, bu məfhumun cəmiyyətdə təbliği, Bakıda keçiriləcək Qlobal Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır: “Biz bu yazılarla həm də bildirmək istəyirik ki, Azərbaycanın mövqeyi həm də bəşəriyyəti narahat edən problemlərdir”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, yaxın günlərdə “Multikulturalizm ili” Azərbaycana nə verdi?” mövzusunda yeni müsabiqə elan ediləcək və ilin sonuna kimi bu mövzuda yazılar müsabiqəyə təqdim edilə bilər.

Daha sonra foruma hazırlıqla bağlı tədbir iştirakçılarına məlumat verən nazir bu mötəbər beynəlxalq tədbirin geniş işıqlandırılması üçün mətbuatın göstərdiyi təşəbbüsləri yüksək qiymətləndirdi.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirdi ki, müsabiqəyə yazıların qəbulu bu il martın 4-dən aprelin 12-dək davam edib. Müsabiqəyə 34 mətbuat orqanından 50 yazı təqdim olunub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1-ci yerin qalibinə 1000, 2-ci yerin sahiblərinə (2 yer) 800, 3-cü yerə layiq görülənlərə (3 nəfər) 600 manat pul mükafatı verilir. Bundan başqa, 5 nəfər 200 manat məbləğində həvəsləndirici mükafata layiq görülüb.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov müsabiqənin aktuallığını diqqətə çatdıraraq ikinci müsabiqənin daha geniş məkanda təbliğini arzuladı. Bildirdi ki, növbəti müsabiqə beynəlxalq səviyyədə təqdim edilsə, daha yaxşı nəticələr əldə etmək mümkün olar və bu addımla biz beynəlxalq aləmin diqqətini Azərbaycana daha çox yönəldə bilərik.

Sonra mükafatlar sahiblərinə təqdim edilib.

Qeyd edək ki, mükafatçılar sırasında "525-ci qəzet"in əməkdaşı da var.

 





14.04.2016    çap et  çap et