525.Az

Bərdədə şəhid jurnalist Alı Mustafayev anıldı


 

Bərdədə şəhid jurnalist Alı Mustafayev anıldı<b style="color:red"></b>

Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbin direktoru Teymur Həmidov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynov, gənclər və idman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək, A.Mustafayevin həyat və yaradıcılıq yoluna nəzər salıblar. Bildirilib ki, Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək fəaliyyətinə Bakı elektrik maşınqayırma zavodunda başlayıb, 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib.

Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayan A.Mustafayev dövri mətbuatda müntəzəm olaraq lirik şeirlər və publisistik yazılarla çıxış edib. Erməni hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək, Dağlıq Qarabağda qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb.

Alı Mustafayev 1991-ci ilin noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tədbir məktəblərin ifasında kompozisiya ilə davam edib. Şagirdlər Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılan şeirlərini söyləyiblər.

 





15.04.2016    çap et  çap et