525.Az

Dağ çəkən Təpə


 

Dağ çəkən Təpə <b style="color:red"></b>

Aprel ayıdı... Amma  elə  bir  aprel ki... Elə yaz kimi aprel... Ağaclar çiçəkləyib, yağış da  yağır  hərdən...

Xəbərləri dinləyən kimiyəm televizorun qarşısında. Qulağım bəzi sözləri çalır... Folklend-Malvin adaları deyir aparıcı... Hardasa  okeandakı arxipelaq... Nəyimə  lazımdı? “Cəhənnəmə  olsun”- deyib keçəcək vaxtımdı. Özüm də yaz kimiyəm - 82-ci  ilin aprelidi axı...

lll

Bəşərin qardaşıdı müharibə. Lap əkiz  qardaşı... Birlikdə doğulub-böyüyüblər .... ... İnsan gəlib dünyaya - sevmək, yaratmaq, harmoniyada olmaq üçün dünya ilə... Amma  doğulandan ağrıyla, itkiylə dostdu...

Yaşadığı məkanı çəpərləyəndən, kandarını bəlli edəndən savaşır insan . Bunu yaşasa da dərk  edə  bilmir. Məşhur  şeirdə  deyildiyi  kimi: əvvəl daş atıb yarıçılpaq, qədim insan... Niyə atıb? Sərhədi geniş olsun deyə? Bu  gen dünyada bir az o yan-bir  az  bu yan  artıq  olacaq? Bu bir  az  üçün 100 illik müharibələr də olub, üç gün çəkəni də....

Hərbdə blits-kriq  termini var. Sürətli müharibə... İldırım sürətli müharibə. İlk dəfə almanlar  istifadə edib bu termindən. Anlamı budur ki, düşmən zərbələrdən özünə gələnəcən, səfərbər olanacan sən vurub keçirsən bütün maneələri... Günlər, həftələr, aylar  ərzində olmalıdı... İkinci Dünya Müharibəsində Fransanın işğalı 44 gün, Polşanın işğalı 36 sutka çəkmişdi... Uğurlu əməliyyatlar...

lll

82-ci ilin aprelində Britaniya öz  sahillərindən 13 min kilometr uzaqda yerləşən, Argentinaya isə 400 kilometr məsafədə olan Folklend adalarına  desant çıxarır. Səbəb isə Argentinanın adalara iddia  edərək ora qoşun tökməsidi. Konfliktin tarixi bir  əsr  əvvələ dayansa da savaş məhz 1982-ci ilin aprelində başlayır. Tarixi ədalətsizliyə  son vermək istəyir Argentina. Axı onlarındı bu adalar... Təbii ki, ingilislər belə  düşünmür... Dünya iqtisadi  böhran içindədi. Hər iki ölkədə narazılıq artmaqdadı və sadalamadığım bir  çox səbəblər də  var bunun  içində. İlk günlər dünya konflikti  sakit  izləyir - BMT həmişəki  kimi qətnamə  qəbul edir, tərəfləri sülhə  dəvət edir. Amma tərəf deyəndə Böyük Britaniyanı  fikirləşsək, onda  BMT qətnaməsinin nə qədər  dəyəri ola  bilər ki?!

lll

Adanı Britaniya qarnizonunun əlindən alan argentinalılar ilk günlər eyforiyaya qapılırlar. Güman edirlər ki, artıq Britaniyanın dünya siyasətində əvvəlki nüfuzu  yoxdu... Amma unutdum deyəm ki, həmin vaxt baş  nazir Marqaret Tetçer idi axı... Hikkəli  xanım öz  ölkəsinin prestijini yerə vura bilməzdi. Donanma və  aviasiya artıq adalara yaxınlaşmaqda  idi. Adaların blokadası başlayırdı. İlk olaraq ingilislərin sualtı qayığı Argentinanın kreyserini batırır - 323 dənizçi  həlak olur gəmidə. Bu şərtlər daxilində dənizdə uğur  qazana  bilməyəcəyini anlayan argentinalılar aviasiyaya üstünlük verirlər. Elə  fikirləşirlər ki, aviasiya  zərbələri, insan itkisinin çoxluğu Britaniyanı  geri çəkilməyə  məcbur  edəcək... Bu  düşüncəyə ancaq  gülmək olar. İnsan  itkisi  haqqında  düşünən ölkə dünyanın yarısını fəth edə  bilməzdi... İyunun sonuna  qədər davam edir bu qeyri-bərabər savaş...74 gün ... Nəticə  isə...

lll

Adalar üzərində Böyük Britaniyanın hakimiyyəti qeyd-şərtsiz təsdiq olunur (qarşı tərəf  narazı  olsa da ).

lll

İtkilər - Böyük Britaniya: 248 əsgər həlak olur, 2 freqat, 2 esminets, 1 desant gəmisi, 1 desant kateri, 1 konteyner daşıyan batırılır, 34 təyyarə və vertolyot vurulur.

lll

Argentina: 649 nəfər həlak olur (19 pilot), 11 minə  yaxın əsir düşür (minalanmış sahələri təmizləmək üçün əsirlərdən istifadə  olunur), 1  kreyser, 1 sualtı qayıq, 1 gözətçi qayığı, 4 nəqliyyat  gəmisi, 1balıqçı trauleri batırılır, 22 hücumçu, 11 qırıcı təyyarə vurulur (ümumilikdə 100-dən çox təyyarə və vertolyot. Demək olar ki aviaparkın hamısı).

lll

1982-ci ilin oktyabrında Londonda parad  keçirilir. Tetçer qələbəsini qeyd  edir. O, öz  yüksəkliyini  vətənindən 13 min kilometr uzaqlıqda  olan bir  adada fəth  etmişdi. Özü  orda  olmasa da... Argentinalıların isə mənliyi  tapdanır.... 2014-cü ilin oktyabrında Argentinada  çəkiliş edən Britaniya televiziya proqramı qrupuna Folklend müharibəsi veteranları hücum edirlər, əzilmiş heysiyyətlərinə  toxunduqları üçün. Jurnalistləri polis  konvoyu  ilə ölkədən çıxarıb Çili  sərhədinə ötürürlər...

lll

Tarixçilərin yazdığına inansaq, İkinci Dünya  Müharibəsindən sonra yeganə  savaşdi ki , hərbi-dəniz qüvvələrinin irimiqyaslı hücumu savaşın nəticəsini həll edib.Və  burda  bir  çox  hərbi  ilklər də olub...

Və yaxşı  yadımdadı, 1982-ci  ilin iyununda İspaniyada dünya çempionatı keçirilirdi futbol üzrə. Həmin çempionat Maradonanın ulduz  saatının başlanğıcı  idi. Və  Argentina  millisinin futbolçularından birinin qardaşı Folklend adalarında  həlak  olmuşdu. Çıxdı amma  meydana, öz  oyununu oynadı... Tale başqa  oyun oynasa da...

1986-cı ilin iyununda Maradona “əsrin qolu”  adlanan bir  qol vurur yumruğuyla ingilis  komandasının qapısına - əl  ilə  vurulsa da qolu sayırlar. Maradona “bu  Tanrının  əliydi”- deyir... Çox  illər  sonra isə Folklend məğlubiyyətinin  revanşı adlandırır....

lll

Müharibə  haqqında söz  demək haqqını  qanlı  səngərlərdə  qazanmış  savaş müxbirlərinin yazdıqlarını oxudum təkrar.Tolstoyun, Heminqueyin, Ekzüperinin... Tolstoy deyir ki, insanlar görüşəndə bir-birinə “salam olsun “ (mir  vam) deyirlər. Müharibə yaranışa, insan təbiətinə  zidd bir  şeydi... Ekzüperi  deyir ki, ev  üçün ölmək olar, içindəki  əşyalar və divarlara görə  yox... Məbəd üçün ölmək olar, daşlar  üçün yox... Xalq uğrunda ölmək olar, kütlə  uğrunda  yox... Heminquey  isə  deyir ki, savaş  vaxtı yalan danışmaq  ehtiyacı yaranır... Yaranıbsa, bunu tez və  gözəl təqdim eləmək lazımdı...    Yenə Heminqueydən: “O zaman ki insanlar öz torpaqlarını işğalçılardan azad etmək üçün döyüşürlər, o zaman ki həmin insanlar sənin dostlarındı -  köhnə, ya da təzə  və sən bilirsən ki, hücum hardan olub, cavab hardan gəlib, silahsız, əliyalın insanların ölüm-qalım savaşı necə olub - anlayırsan. Anlayırsan ki, müharibədən dəhşətli də nəsə var. Qorxaqlıq daha dəhşətlidi, xəyanət daha dəhşətlidi, eqoizm daha dəhşətlidi”.

lll

Yazıçı kimi  deyiblər bu  sözləri, amma vətəndaş kimi döyüşüblər... Gündəlik yazarlar savaşı banal  hadisəyə çevirməyə cəhd  edir  bəzən. 19  yaşlı bir  gəncin taleyüklü məqamlarda məsuliyyət  hissini anlaya  bilmir. Ordunu, ordakı insanları, ordu  həyatını  sevməyi bacarmır... 1941-1945-ci  il müharibəsində orduya  gedən yüz nəfərdən  ancaq  üçü salamat  qayıda  bilmişdi...Mən də istərdim ki, güllələr  yox,  güllər açılsın... Aprel aprel  kimi  gəlsin.... İnsanlar da öz  yaşlarının  baharını  yaşasın...Əgər  buna imkan  vermirlərsə, necə  olsun bəs? Əcəl zəngi  çalınırsa, necə  olsun?  Əlvida, silah- deməyə  tələsməyək, irəlidə  yeni döyüşlər  gözləyir  bizi...   Bitməmiş müharibə və formalaşmamış insan cəmiyyəti.

... Sevmədim mən bu uzun illəri. Yəni illər onsuz da uzun olur da, amma fevral ki, 29 gün oldu - mən əzəl gündən itkilər haqqında düşünməyə başlayıram. Belə bir takıntım var.....

lll

...Bir  Təpə hamımızın üstündən yüksəlib Dağa  dönür... Dağ çəkir Təpə... Və savaşı Vətən müharibəsinə döndərə bilir...

 





18.04.2016    çap et  çap et