525.Az

Ulu Babəkin adını haqq edən igid - Fotolar


 

ŞABRANIN ZEYVƏ KƏNDİNDƏ ŞƏHİD BABƏK ABİDOVUN İZDİHAMLI DƏFN MƏRASİMİ KEÇİRİLİB

Ulu Babəkin adını haqq edən igid - <b style="color:red">Fotolar</b>

Dilimizin ilk düyünü “ana” kəlməsiylə açılıb. Ağlımız kəsəndəsə burasını da bilmişik ki, “ana” qədər əziz, doğma, müqəddəs bir söz də var: Vətən!

Sonralar bu iki kəlməni bir-birindən ayırmamışıq; elə adlarını da qoşa çəkmişik: Ana Vətən...

“Anadır hər kişiyə öz Vətəni” deyibən həm də ürəyimizdə bir övlad andı da içmişik ki, “kim bu cənnət Vətənin uğrunda olmaz ki, fəda?..”

Ananın, Vətənin yolunda fədakarlığı özünə şərəf bilən igid oğullarımız dillərində “Azərbaycan”, damarlarında Vətən eşqi ilə kükrəyən qan ilə “dava günü” “müxənnət ölkəsini” “talamaq” hayı-harayı ilə Koroğlu nərəsinə qoşulub düşmən üstünə yürüməyə həmişə hazır olublar.

Bu gün düşmənin, erməni qəsbkarlarının cəbhədəki təxribatına layiqli cavab verən Azərbaycan əsgərləri də öz rəşadətləri, hünərləri ilə xalqımızın ulu və şanlı tarixinə yeni bir qəhrəmanlıq səhifəsi yazdılar.

Atəşkəsdən bəri torpaqlarımızın sülh, danışıqlar yolu ilə yağı düşməndən azad edilməsinə çalışan dövlət başçımızın siyasətini dəstəkləyən Azərbaycan əsgəri həm də sübut etdi ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə, bu yolda şəhid də, qazi də olmağa hazırdır.

Şabranın ucqar dağ kəndlərindən birində - Zeyvədə doğulub boya-başa çatan 24 yaşlı Babək adlı igid bir oğul da əsgər yoldaşları ilə döyüş meydanında mənfur düşmənə qan uddurdu, öz ulu babasının - cəsur Babəkin adını haqq etdi. Ata-ana 1992-ci ilin bir yaz günündə, mayın 3-də dünyaya gələn sonbeşik oğullarına Babək adını verəndə heç ağıllarına da gətirməzdilər ki, müharibə belə uzun çəkəcək. Və onların ciyərparaları, ata-anasının sevə-sevə oxşadıqları Babək də adına layiq olduğunu qanı bahasına sübut edəcək.

... Şəhid Babək Abidovun dəfninə bir el, bir oba toplaşmışdı. Onu şəhid adına layiq hörmətlə, ehtiramla torpağa tapşırdılar.

Yazın bu ilk günlərində balaca bağçalarında ağaclar çiçək açıb. Dünyadan xəbərsiz bal arıları ağacları çiçəkləmiş o bağçada güldən-gülə qonsalar da, nədənsə çiçəkləri çəhrayı bir gilas ağacına yaxınlaşmırdılar. Bəlkə də Babək hərbi xidmətdə bağlarındakı çiçəkləri çəhrayı açmış elə o gilas ağacı üçün qəribsəyibmiş...

İgid əsgəri, Zeyvənin yeddinci şəhidini səngər yoldaşlarının yaylım atəşləri altında torpağa tapşıranda qəbiristanlıqda hüznlü, amma qürurlu bir izdiham vardı. Qədim Zeyvə kəndində bəlkə də indiyə kimi belə bir dəfn mərasimi görünməmişdi. Bu, bir evdən, bir ocaqdan yox, bir eldən-obadan, doğma Azərbaycanımızdan gedən bir oğulun itkisinin şivəni idi...

O müqəddəs məqamdakı anları yəqin ki, təkcə mən yox, o mərasimdə iştirak edən minlərlə şabranlı da unutmayacaq, hayı-harayı, ağısı-oxşaması sinə dağlayan, oğlunun tabutundan ayrıla bilməyən şəhid anasını Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, axır ki, ata kimi, qardaş kimi sakitləşdirib toxtada bildi...

Və qəbristanlıqda dua verilib ayrılma məqamında kənd ağsaqqalı şəhid atası ilə birgə rayon rəhbərinə də başsağlığı verdi. Axı, şabranlı şəhid təkcə Zeyvədəki bir ailənin, öz ata-anasının, əzizlərinin yox, Şabranın, Azərbaycanın itkisi idi.

Babəkin komandiri, polkovnik-leytenant öz igid əsgərinin döyüş qəhrəmanlığından qürurla, iftixarla danışıb:

- Əvvəllər öz yalançı məğlubedilməzliyi ilə lovğalanan düşmən ordumuzun nəyə qadir olduğunu axır ki, gördü, - dedi, - bu, düşmən üçün hələ sonun başlanğıcıdır...

İtkilərini gizlətməyə nə qədər çalışsalar da, erməni qəsbkarları yəqin ki, sonun bu başlanğıcını hələ çox xatırlayacaqlar...

 





18.04.2016    çap et  çap et