Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən mayın 16-da saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, 20-25 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş normativlər üzrə yoxlanılacaq.
Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Bu tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-in mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında iki il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Ümumilikdə qeyd edilən rayon polis orqanlarında vakant olan 32 kiçik rəis heyəti və 300 mülki işçi vəzifəsinə qəbul həyata keçiriləcək.
Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
çap et