Yollar
İzi yox olmuş yollarım
tük basmış üzüm kimidi,
giləsin quşlar aparan
qurumuş üzüm kimidi.
Durub səni gözlədiyim
yol ayrıcı yoxdu, itib,
mənim izim qalan yerdə
görən hansı otdu, bitib?
Yamaclar nazilib yaman
köhnə xalı tək süzülüb,
axtarma yazıq cığırı,
cığır həsrətdən üzülüb.
Təklikdən darıxan yolu
durnalar aparıb gedib,
saxlayıb biz gələn yaza
payızdan qoparıb gedib.
Zamansız şeir
Əllərim səmanın ətəklərində,
əllərim zamanın tətiklərində,
bu sonsuz yolların harasındayam?
Tapdanan izlərim yarımçıq, pozuq,
ləpirlər üstündə ləpirlər dolu,
bu köhnə evlərin tapılmır yolu.
Azman ağacların boynu kəsili,
təzə ağacların baxışı köhnə.
Buludlar tərpəşir yenə həvəssiz,
külək də yorulub, külək həvəssiz,
daha axşamlar da gəlir həvəssiz,
qaranlıq gecəni öldürür səssiz.
Qaranlıq gecənin üzü qorxulu,
o başdan duranın çoxu yuxulu,
günahsız körpələr gecələr yatmır,
əlim bu gecənin sonuna çatmır.
Qanunlar, qaydalar pozulur daha,
sən bilən, mən bilən yozulur daha.
Dəyişir yazılan, yazılmayanlar,
beyinə, qəlblərə qazılmayanlar.
Sən də dəyişirsən, mən dəyişirəm,
kimlər dəyişsə də, nə dəyişsə də,
zaman olanları yoluna qoyur,
zaman içimizi oyur, hey oyur.
Əllərim səmanın ətəklərində,
özüm bu yolların arasındayam.
Gözüm bu yolların sonuna baxır,
gözümdə zamanın yelləri axır...
Xatirə yaşadır insanı bəzən
Günlər ilə dönür, illər yox olur,
ağrılar, həsrətlər hərdən çox olur,
görənin görməzdən gözü tox olur,
gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.
Ağrıdı, acıdı, şirindi, baldı,
gəldimi, getdimi, itdimi, qaldı,
yığıb saxladığın yoldamı saldı?
Gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.
Ömürdən keçəni yaddaşa tikir,
kim deyir evini yad daşa tikir,
sinədə asılan ad daşa tikir,
gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.
Bəzən qalanından ötəni gözəl,
qəlbin dərinində bitəni gözəl,
əlindən, ovcundan itəni gözəl,
gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.
Sevdiyim payıza döndüm
bu gecə
Şaxta vurmuş gül kimi,
qanadı sınmış quş kimi,
ruhu tam ölmüş kimi,
sevdiyim payıza döndüm bu gecə.
Sevgiyə qar yağdı vaxtından qabaq,
bəxtəvər dedilər baxtından qabaq,
ümidlər qırıldı taxtından qabaq,
sevdiyim payıza döndüm bu gecə.
Bu gecə payızım, bu payız gecəm,
dedim mənim olan payızdan keçəm,
məni tanımadı öz doğma küçəm,
məni tanımadı öz doğma gecəm,
əlim ətəyimdən uzun, lap uzun
sevdiyim payıza döndüm bu gecə,
sevdiyim payızda söndüm bu gecə.
Sənin ayrılığın
Uçub gedən xəyalım
qayıdıb geri dönmür,
süzür dənizin üstə
əsən mehlər qoynunda.
Çək əlini üzümə,
sən mənim ağ yelkənim,
mən sənin dor ağacın.
Buludların kölgəsi
dalğalanır dənizdə,
könlümün yaxasını
titrəyən barmaqların
sığallayır ahəstə.
Dənizin ortasında
dalğalar layla çalır
köhnə xatirələrə.
Qollarım arasında
susur lal xəyallarım,
üfüqlər də qaralır,
sönür ümid işığı-
yoluna tutacağım.
Sənin ayrılığındı
mənim tək dar ağacım.
lll
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğa tək,
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır.
Mənə dikilən baxış
tökülər üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
bir ömürlük lal kimi.
Süzülür arzuların
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
Yol ayrıcı, məni burda saxlama
Hara getdi, harda qaldı bu yollar,
yol yeriyən yolda qaldı bu yollar,
sağda qaldı, solda qaldı bu yollar,
yol ayrıcı, məni burda saxlama.
Mən nə bilim bu yol hara dönəcək,
yoldakılar deyinəcək, döyəcək,
kimlər məni nəyə görə söyəcək,
yol ayrıcı, məni burda saxlama.
Daldalanıb duran yerim yoxdusa,
gecələyib qalan yerim yoxdusa,
bu yolları yola salan yoxdusa,
yol ayrıcı, məni burda saxlama.
Biri ötər, biri keçər bu yoldan,
öz ömrünə ömür seçər bu yoldan.
mənimkilər nələr çəkər bu yoldan,
yol ayrıcı, məni burda saxlama.
Bu qız uçar xəyalların içində
Fikirləri qanad kimi qol açıb
bu qız uçur xəyallarin içində,
gümanları bu yerləri yol bilib
bu qız uçur xəyalların içində.
O eyvandan süzüb itən baxışla,
bu şəhəri yuyub gedən yağışla,
günahımı sən özümə bağışla –
bu qız uçur xəyalların içində.
Gələn dalğa ötüb gedir, boy vermir,
əncirli bağ əncirindən pay vermir,
bakılı qız daha mənə hay vermir,
bu qız uçur xəyalların içində.
Xəyalları, arzuları sona ver,
istəyini ona yetir, ona ver.
ey yaradan, sən bu qızı yola ver,
bu qız uçur xəyalların içində.
Mən bir simurq quşuyam
Arzular uçurdacaq məni göy üzünə,
soraqlar qopacaq lələklərimdən,
sevdalar süzüləcək könlümün
süzgəcindən,
pəmbə buludlar örtəcək üstümü
ay işığında,
gəzəcəm qitələri öz rəngində,
Şimal Buzlu Okeanının,
Antarktidanın buzunu
daşıyacam Afrikaya.
Günün günorta çağı
yaşıllıqları aparacam Ərəbistan səhralığına,
Skandinaviyanın göllərini qonaq edəcəm
Saxara qumsallıqlarına.
Boş torpaqları icarəyə verəcəm Çinə, Yaponiyaya...
və nələri, nələrə, kimlərə...
Bir də
Asiyaya, Afrikaya, Amerikaya və haralara ...
elə buralara
azadlıq səpəcəyəm
buludların gözləriylə,
təzələnəcək dünya,
təmizlənəcək dünya.
Ay üzü,
bulud gözü,
tərtəmiz göy üzü,
mən bir simurq quşuyam...
gecə sənsizliyi
son ayrılıq elə iti,
son görüş elə qısa-
utancaq baxışların görüşü kimi.
sənsizlikdən alışıb-yanan üzümü
soyuq pəncərə şüşəsi soyudur,
baxışlarımı qaranlıq...
gecənin qaranlığı kölgən kimi
sərinlik səpmək istədi od tutan bədənimə...
gecədə ay da yox,
baxıb oxşadam sənə
... xəyalların azdığı gecədə
hər şey, hər şey qaranlıq...
İntihar edən paltar
Geyindiyi bədəni oxşaya-oxşaya,
öpə-öpə,
dərəli-təpəli sinəni tumarlaya-tumarlaya,
kürəyi qucaqlaya-qucaqlaya
boşaldı,
sonuncu həvəsi töküldü ətəyindən
dolabdakı asılqandan asılan paltar
çırpına-çırpına intihar etdi bu gecə
Palatada yazılan şeir
Palata pəncərəsindən bayıra boylanıram
yenə həmin bağ,
yenə həmin vədə,
oturacaqdan qalxan kölgələr
ağaclar arasından addımlayır sakitcə,
həyat davam edir ahəstə.
ilk dəfəydi baxırdım palata çarpayısından,
ilk dəfəydi baxırdım ayrılığın arxasından,
ilk dəfəydi ayrılıq özü gəlmişdi
məni görməyə...
burda yatanların hamısı müvəqqəti, köçəri,
bir sevda boylanır pəncərədən içəri
əllərində umud
söyləyir: ağrıları unut, unut,
həkim məni əməliyyata aparır,
süpürgəçi qadın ayaq izlərimi süpürür,
qulağıma addım səsləri gəlir
xəzəl qarışıq
bil, gülüm,
burdan bayırda hər şey yaraşıq
...bu da sevdiyimiz payız
Listopad
Listopad,
üzündən üzgünlük tökülür,
gözlərindən yaş,
küləklərin oynatdığı yarpağı
yağış döyür yavaş-yavaş,
yarpağın köç dövrüdü,
xatirələrin kövrələn çağı,
könüldə ilin son arzuları,
ümidlər saralır
yarpaqlar kimi,
solan ümidlər...
Noyabr ayına,
“Listopad” deyir, polyaklar,
necə də gözəl, necə də dəqiq:
“Yarpaq tökümü” ayı-
Mazurka meşələrində yarpaqlar tökülür,
ilin son günləri bükülür,
Rekviyem çalır küləklər...
Yarpaqlar tökülür payız axşamı,
saralmış yarpağı oynadır külək,
Listopad ayında
ilin son günləri tək
döyünür sinəmdə ürək.
İthaf
Səni səndən yaxşı heç kim tanımaz, deyirlər
bu qarışıq dünyada.
sükutlar pozular,
qəfil buludlar çökər yer üzünə,
qapqara buludlar.
ümidlər çaxnaşar
sakitliyini yel pozan yerin səma saatında.
çılpaq əqrəblər oynaşar,
könlündə fələklər dolaşar.
qaranlıqda heç nəyin görünmədiyini
düşünən adam,
görənçün fərqi yox
işıq, ya qaranlıq.
bir sən özün-özünü yaxşı tanıyırsan,
bir də O səni..
Pəncərə
Sıxar ürəyini, sıxar köksünü,
yenə də tənhalıq, yoxluq həsrəti.
Pəncərə önündən bir cüt göz baxar
gələn qaraltının xəyal izinə.
Soyuq pəncərələr ağlayar hərdən,
tər tökər, utanar xəcalətindən.
... Qapının ağzında ayaq səsləri,
zəngin düyməsi də sevinər bu dəm,
oynamaq istəyər çağırış səsinə.
üzünün, gözünün tərini silər
gecə növbəsini çəkən pəncərə.
Pərdələr dartılar, qaranlıq qaçar,
otağın sevinən işıq səsindən.
Əlində axşamın ad siyahısı
evə adamları daşıyır gecə,
yorğun, əldən düşmüş növbətçi gecə
sonuncu adamı ötürür evə-
yenə öz ömrünü yaşayır gecə.