525.Az

İnqilabdan sonrakı Misirdə - Üçüncü yazı


 

İnqilabdan sonrakı Misirdə - <b style="color:red">Üçüncü yazı </b>

Qahirə həm də müxtəlif  dinlərin, mədəniyyətlərin birləşdiyi bir məkandır. Paytaxtın Mısrül-Kadimə ("əski Qahirə) adlandırılan hissəsində iudaizm, xristianlıq və İslamın vəhdət yaratdığı məkanı ziyarət etdikdən sonra bu qənaətə gəlirsən.

Mısrül-Kadimə multikulturalizmə,  dini bərabərliyə bir nümunədir.  Misirin ilk kilsəsi, ilk sinaqoqu, ilk camesi məhz  birada yerləşir. Elə buna görə də həmin məkan ölkəyə gələn turistlərin  böyük marağına səbəb olub. Biz həmin ərazidə olan zaman çoxsaylı turistlərə rast gəldik.

Qipti xristianların, Misir yəhudilərinin məbədləri ilə yanaşı, İslamı bu ölkəyə gətirən fateh Əmir İbn As-ın Afrika qitəsində ilk tikdirdiyi came də buradadır. Təxminən, 640-cı illərdə çiy kərpicdən tikilən  və palçıqla suvanmış Misirin ilk  məscidi 200-dən çox sütun üzərində dayanır. Amma sonradan bura ibadətə gələn fateh və əyanları, eləcə də Misirə təşrif buyurmuş müsəlmanların hesabına camedə yerindən başqa hər şey dəyişib və indiki görkəmini alıb.

Ərazidə Margirgis kilsəsi və monastırı, Sarkan kilsəsi, müqəddəs Barbara kilsəsi, qapalı şəhərciyin sonunda isə Ben Ezra sinaqoqu və Qipti muzeyi yerləşir. Bu dini məkanda yeddi kilsə mövcuddur ki, onların bir hissəsi ibadətə açıq olsa da, digər qismi ancaq turistlərin baxması üçündür. Bundan əlavə, burada əvvəldən ancaq xristianlar yaşadığı halda, hazırda mənzillərin bir hissəsi müsəlmanlar tərəfindən alınıb və hər iki dinin nümayəndələri mehriban şəkildə yaşayırlar. Margirgis kilsəsi çox maraqlı görkəmi ilə diqqəti çəkir. Girgis adı bura müqəddəs Georgesdən gəlir. Divarda onun at belində, əjdahanı öldürdüyü yerdə çəkilmiş tablosu sərgilənir.  

Peyğəmbərin sığındığı məkan

Yeri gəlmişkən Misirdə 150 sinaqoq var. İlk sinaqoq sayılan Ben Ezra əvvəllər  qipti kilsəsi olub,  amma 882-ci ildə Qüdsdən Qahirəyə gələn yəhudi Abraham ibn Ezra 20 min dinar ödəyərək, tikilinin olduğu ərazini satın alır. Sinaqoq isə indki son şəklinə 1892-ci ildə aparılan təmir-yenidənqurma işlərindən sonra düşüb.  Burda da foto və video çəkmək qəti qadağandır və ciddi nəzarət olunur.

Salonun yuxarı başında - sağda bir qapı var və ordan xeyli dərinlikdə su quyusu yerləşir. Hazırda ərazidə təmir getdiyi üçün turistləri o quyunu görməkdən məhrumdur. Qeyd edək ki, bu quyu həm də İsa peyğəmbər quyusu adlandırılır. Həzrəti Məryəm Qüdsdə İsanı dünyaya gətirdikdən sonra tənələrə məruz qalır və o, övladını xilas etmək üçün Misirə qaçır. Bir müddət həmin quyuda qalır.

Burada daha bir əsrarəngiz tarixi tikili Qipti muzeyidir. Hər kəsin görməsi lazım olan yerdir. İçində Misir xristianlarının ən füsunkar əsərləri sərgilənir. Muzeydə ən qiymətli əsər 1 600 il əvvəl yazılmış Davudun "Məzmurlar" kitabıdır.  Onu da deyək ki, 19-cu əsrdə sinaqoqun ərazisində qiyməti milyonlarla dollar olan dini və müasir ibrani yazılı əsərlər, rəsmlər və sair tapılıb. Amma həmin vaxt Misir ingilislərin müstəmləkəsi olduğu üçün işğalçılar bu əsərləri Kembric muzeyinə aparırlar. 

Səlahəddin qalası, Məhəmməd Əli məscidi 

Qahirənin coğrafi mənada ən hündür məkanı Səlahəddin qalası, Məhəmməd Əli paşa məscidinin yerləşdiyi ərazidir. Buradan demək olar ki, bütün Qahirə görünür və həm də çox gözəl mənzərə insanı heyran edir.

Qədim fironlar özlərinə piramidalar tikdirərkən istifadə etdikləri daşların gətirildiyi karxananın qarşısındakı hündür təpədə yerləşən Səlahəddin qalası 1183-cü ildə Səlahəddin Əyyubinin əmri ilə müdafiə məqsədilə tikilib və inşası yeddi ilə başa çatdırılıb. Səlahəddin dövlət başçısından əvvəl, çox güclü və taktikalı hərbçi olub. O, dümdüz ərazidə yerləşən Qahirədə istehkamın olmasını labüd hesab edib və əlbəttə, şəhər ərazisində yeganə olan bu təpəni - Mukattəmi diqqəti çəkir. Təxminən, 7 əsr boyunca Misir dövləti məhz bu qaladan idarə edilib.

Zamanının ən iri islam qalası sayılan bu müdafiə divarlarının içində - giriş darvazasından içəridə, solda inzibati bina yerləşir ki, hökmdarlar orada qalarmışlar. Üstəlik, divar qalıqları indiyədək qalan hündür sütunlar üzərində tikilmiş daş kəmərlə bura Nildən su da çəkilib. Qalanın qərbində - ən hündür yerində Məhəmməd Əli Paşa məscidi yerləşir.

Maraqlıdır ki, yüzillər boyunca bu qaladan Səlahəddin kimi məmlüklər və Osmanlılar da istifadə edib. Hər gələn də qalada özünə uyğun nəsə tikdiyindən, indiki mövcud şəklini alıb. Onu da qeyd edək qala onu tikdirən Səlahəddin Əyyubinin adını daşısa da, daha çox kavalalı Məhəmməd Əli Paşanın adıyla tanınır. Bu da güman ki, əslən Albaniyadan gəlmiş türk paşası haqqında daha çox məlumatın olması ilə bağlıdır.

Kavalalı Məhəmməd Əli Paşa Osmanlı sultanı tərəfindən Misirə paşa təyin olunandan sonra, de-fakto burada özünü hökmdar kimi aparıb.  Yeri gəlmişkən, o, hətta Anadolu ərazisində Osmanlı Ordusu ilə döyüşərək uğur qazanıb. Məhəmməd Əli paşa 1830-1848-ci illərdə qalada öz adını daşıyan məscid tikdirib və iqamətgah kimi istifadə edib. Ölkənin mədəni həyatındakı bir sıra yeniliklər müasir Misirin qurucusu alban əsilli Məhəmməd Əlinin adı ilə bağlıdır. Onun dövründə Qahirə xeyli inkişaf edir, abadlaşır və dünyada şöhrət qazanır.

1798-ci ildə Napoleon Misirə yürüş edərkən, bu ölkənin idarəçiliyi məmlüklərdə idi və onlar fransızlara qarşı vuruşdan imtina etdilər. Məhəmməd Əli misirliləri səfərbər etməyi bacardı və 1802-ci ildə Napoleonun əsgərlərini geri çəkilməyə vadar etdi. Fransızlar geri döndükdən sonra məmlüklər Misirə döndülər. Məhəmməd Əli onlara barışıq vəd etdi. Məmlüklərin başçılarını bu qalaya topladı. Xəncərlərini və atlarını təhvil verən məmlüklər qalaya daxil olub Məhəmməd Əli ilə görüşmək istəyirlər. Qaladan bir az aralı yüksəklikdə qoyulmuş toplardan açılan atəş məmlüklərin məhvi ilə nəticələnir. Sonradan başçılarını itirmiş sıravi məmlüklərin hamısı Məhəmməd Əlinin tərəfinə keçir. Qalanın ortasında inşa edilmiş möhtəşəm məscid İstanbuldakı Sultan Həmid məscidinin tam oxşarıdır. Ümumiyyətlə, Osmanlı imperiyası dövründə Misirdə məscidlərin əksəriyyəti türk memarlığı üslubunda - böyük, yarımdairəvi günbəzlər, şişuclu minarələrlə inşa edilirdi. Məscid memarlığı və oyma bəzəklərinin zənginliyi ilə fərqlənir. 

"Ölülər şəhəri" 

Yəqin ki, dünyanın iknci bir yeri yoxdur ki, orda "Ölülər şəhəri" olsun, ölülərlə canlılar eyni evdə yaşasın.

Məhz Misirdə belə bir qədim şəhər var. Bura baş çəkməyə ölkəyə gələn hər bir turist ürək etmir. Bəziləri üçün bura çox qorxuludur, amma maraq güc gələndə, əlbəttə ki, görmək istəyirsən. Əsasən ikiqatlı evlərdən ibarət ərazidə yan-yana xeyli məzarlar var. Daha doğrusu, üstü ev, altı məzar. Məhəllədəki tikililərin əksəriyyətinin çox qədim olduğunu görünüşündən hiss etmək olar. Hətta bir neçə yerdə yarıuçuq vəziyyətdə qədim came günbəzlərini də aydın görmək olar. Tikililərin arasında darısqal küçələr, çox kiçik həyətlərdə isə xurma palması, fikus və digər ağaclar görünür.  Bura nisbətən aşağıda olduğu üçün hündür yerdən seyr edilir və dərəaşağı düşüb daha yaxından baxmaq, foto çəkmək olur. Əsasən, kvadratşəkilli, yastı yer evlərinin, təxminən, yarısının eni-uzunu bir neçə metr olan həyətləri vardı. Evlərdə qədimdə olduğu kimi indi də yaşayış var. Bura hətta işıq, su xətləri də çəkilib.

Bələdçinin sözlərinə görə, burada ölüləri dəfn edilmiş əksər ailələr özləri yaşamır. Belə ki, onlar məzarlara baxılması üçün adamlar tuturlar. Məsələn, Dalya adlı bələdçimizin ailəsi ailə məzarlığına baxmaq üçün ayda təxminən 100 dollar ödəyir. Həmin insanlar isə əsasən kənd yerlərindən olduqları üçün ailələri ilə birlikdə köçərək məzarlıqda yaşayırlar.

Qəbirlər adətən, evin içində qazılır. Ona görə də evlərə girəndə xoşagəlməz qoxunu da hiss eləmək olur. Təxminən, 1 milyon misirlinin yaşadığı "Ölülər şəhəri"ndə nə xəstəxana var, nə də məktəb. 

"Ölülər şəhəri" deyilən bu yer tarixi prizmadan baxanda, əslində, qədim Məmlük məzarlığıdır. Elmi baxımdan, ölülərin torpağa basdırılmamasının səbəbi yerin tamamilə qum süxurlarından ibarət olmasıdır. Qum isə bir qayda olaraq hərəkətdədir, yəni sovurulur və ya çökür. Ona görə də insanlar məcburən iki qatdan ibarət məzar evlər inşa edərək ölülərini dəfn edirlər. Bu şəhərdə ölülər üçün məzarlar, adətən, evin alt qatında - zirzəmisində tikilir, üst qat - otaqlar isə boş qalır. Çünki burada, adətən, Qahirənin kasıb sakinləri yaşamalıdır. Amma bir milyonluq "Ölülər şəhəri"nin sökülüb, yerində müasir şəhərin salınması nəzərdə tutulub. Bu gün bir çox hökumət mənsubları yeni doğulan körpələrin sənədlərinə yaşadıqları ünvan kimi, məzarlığın yazılmasını qəbulolunmaz hesab edir.

Yeri gəlmişkən, "Ölülər şəhəri"nin sökülməsi planında məzarların Qahirənin ətrafında salınacaq qəbiristanlığa köçürülməsi, yerində isə dördqatlı müasir binaların tikilməsi nəzərdə tutulub. 

Nil

Nil çayı olmasaydı, indi Misirdə həyatı təsəvvür etmək də çətin olardı. Misirə il ərzində ən çoxu 7 dəfə yağış yağır, damcılar yerə düşməmiş quruyur. Əbəs yerə deyil ki, dünyanın ən uzun çayı olan Nili qədimdən Misirin həyat mənbəyi adlandırıblar. Misirin əsas su mənbəyi məhz Nil çayıdır.  Nil olmasaydı, Misirdə bol məhsul yetişdirmək də mümkün olmazdı.  Bu çayın hesabına kənd təsərrüfatı ilə məşğul olan əhali ildə bir neçə dəfə məhsul götürür. Qahirəyə getdinsə, Nili təkcə kənarında durub seyr etməklə kifayətlənməməli, həm də gəmi gəzintisinə çıxmalısan. Gəmi gəzintisi zamanı həm nəhəng Nili seyr etməkdən, həm də musiqilərini, rəqslərini dinləməkdən zövq alırsan.

Bununla da Qahirə ilə vidalaşırıq, növbədə isə bütün dünyada bənzərsiz turizm məkanı kimi tanınan Şarm əl Şeyx var...

Pərvanə Sultanova
Bakı-Qahirə-Bakı

 





19.04.2016    çap et  çap et