525.Az

"Ölkədəki yeni iqtisadi mənzərənin ab-havası gündən-günə hiss olunmaqdadır"


 

QARADAĞ SƏNAYE PARKINDA REZİDENTİN FƏALİYYƏT MƏQSƏDLƏRİ ÜÇÜN BÜTÜN NÖV MALLARIN İDXALI 5 İL MÜDDƏTİNƏ GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLİR

"Ölkədəki yeni iqtisadi mənzərənin ab-havası gündən-günə hiss olunmaqdadır"<b style="color:red"></b>

"Ölkə prezidenti İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir".
 
Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında sözügedən komitənin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, elə bu məqsədlə, yəni, iqtisadi islahatların, yeni iqtisadi şəraitin tərkib hissəsi olaraq ölkə Prezidenti tərəfindən parlamentə paket şəklində 3 qanun layihəsi göndərilib.

O, bildirib ki, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və Vergi Məcəlləsinə eyni adda  dəyişikliyin edilməsi təklif olunur. Yəni, təklif olunan dəyişikliyə əsasən, müvafiq qanunlarda "tərəflərə işləyən" sözlərindən sonra "habelə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında  müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi fəaliyyətlə məşğul olunan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı ilin mayın 1-dən 5 il müddətinə)" sözləri əlavə edilir. Yəni, həmin sahə daha 5 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunur.

Komitə sədri çıxışını davam etdirərək deyib ki, MM, o cümlədən, sözügedən komitədə ötən 3-4 ay ərzində iqtisadi və hüquqi qanunvericiliyə çoxsaylı əhəmiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələrini müzakirə və qəbul edib. "İslahatların tərkib hissəsi kimi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Həm bu qurumun təşkili, həm iqtisadi islahatlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ölkənin yeni iqtisadi mənzərəsini yaradır və bu mənzərənin ab-havası gündən-günə hiss olunur. Bir sözlə, ölkə Prezidenti tərəfindən dünyadakı qlobal risklər nəzərə alınmaqla, ölkənin iqtisadi inkişafı, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi üçün əlverişli imkanlar və şərait təmin olunur. Bir daha qeyd edirəm ki. sözügedən qanunlara təklif olunan dəyişikliyin mahiyyətində də bunlar dayanır".

Qeyd edək ki, Qaradağ Sənaye Parkında rezidentin fəaliyyət məqsədləri üçün də bütün növ malların idxalı  5 il müddətinə gömrük rüsumundan azad edilir. "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Eyni zamanda, qeyd edək ki, "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Ölkəmizdə yeni sənaye sahəsi kimi fəaliyyətə başlayan gəmiqayırma sahəsinin inkişafını təmin etmək  məqsədilə qanunvericiliyə edilməsi nəzərdə tutulan bu dəyişikliklər özündə aşağıdakı məsələləri ehtiva edir: Bu fəaliyyətlə məşğul olan şəxslərin həmin fəaliyyətin məqsədləri üçün  idxal etdikləri bütün növ malların gömrük rüsumlarından və ƏDV-dən azad edilməsini, gəmiqayırma fəaliyyətinin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunmasını, bu fəaliyyətə cəlb edilmiş əcnəbilərin məcburi dövlət sığortasından azad edilməsini, bu məqsədlə ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsinin alınmasından azad olunması və müvəqqəti yaşamaq hüququnun verilməsini.

Bundan başqa, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə vergi ödəməkdən azad edilir.

Həmçinin, 2016-cı il mayın 1-dən 5 il müddətinə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən vergi 0 dərəcə tutulur. Həmçinin, "Sosial sığorta haqqında" qanununa edilən dəyişikliklərdə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər  2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Xatırladaq  ki, qanun layihələrinə və Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihələri MM-in aprelin 26-da keçiriləcək plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

 





19.04.2016    çap et  çap et