525.Az

“Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” - Fotoreportaj


 

“Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” - <b style="color:red">Fotoreportaj</b>

Aprelin 19-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ölkənin aparıcı KİV rəhbərləri və nümayəndələri, tanınmış media mütəxəssisləri, dövlət orqanlarının və ali təhsil müəssisələrinin İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətlərinin rəhbərləri, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Öncə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib, dəvəti qəbul edərək dəyirmi masada iştirak edən hər kəsə təşəkkürünü bildirib. O, ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin yarandığı gündən mütəmadi olaraq Azərbaycanın xaricidilli KİV-inin problemləri, perspektivləri, durumu barədə Mətbuat Şurası ilə birgə əməkdaşlığı çərçivəsində tədbirlər təşkil etdiyini qeyd edib, ənənəyə sadiq qalaraq bu dəyirmi masanın da eyni qəbildən olduğunu və dəyirmi masanın Departamentlə Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib.

Universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov belə bir tədbirin Dillər Universitetində təşkil edilməsini sevindirici hal kimi qiymətləndirib. O, universitetin həmişə KİV nümayəndələrinin, media mənsublarının üzünə açıq olduğunu deyərək, qış imtahan sessiyası zamanı təhsil müəssisəsinin ayrı-ayrı fakültələrində iki dəfə böyük mediatur keçirildiyini xatırladıb.

Hazırda universitetdə 22 xarici dilin tədris olunduğunu söyləyən professor, 2012-2013-cü tədris ilindən ADU-da fəaliyyətə başlayan Filologiya və jurnalistika fakültəsinin nəzdində ayrıca bir jurnalistika bölməsinin də olduğunu diqqətə çatdırıb. Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında medianın daha geniş imkanlara malik olduğunu bildirən D.Yunusov bu imkanları həyata keçirərkən dil bilgisi ilə yanaşı onun üslubu, necə təqdim edilməsi də əsas məsələlərdəndir deyə, vurğulayıb.

Sonra çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışıb. O, təqribən 5-6 il öncə də ADU-da oxşar tədbirin keçirildiyini xatırladaraq belə təşəbbüslərin Azərbaycan jurnalistikası və cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib. Azərbaycan mətbuatının tarixindən bəhs edən deputat ilk milli mətbuatımızın yaranmasının “Əkinçi” qəzetinin adı ilə bağlı olduğunu qeyd edib. O, Azərbaycan mətbuatının çoxdilli olmasını, XX əsrin əvvəllərində rus, gürcü, fars və sair dillərdə qəzetlərimizin işıq üzü gördüyünü söyləyib. Azərbaycanda fəaliyyət göstərən aparıcı informasiya agentliklərinin beşdən çox dildə məlumat yayımladığını deyən Əflatun Amaşov eyni zamanda ölkəmizdə xaricidilli mətbu orqanların da nəşr olunduğunu bildirib. O, aprel ayının ilk günlərində cəbhə xəttində baş verən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırılmasının qarşısının məhz ölkəmizin xaricidilli mətbuatının səyi nəticəsində alınmasına diqqət çəkib. Ə.Amaşov bu mənada Azərbaycanda xaricidilli kadrların və xaricidilli mətbuatın inkişafının vacibliyini önə çəkib. Sonda Əflatun Amaşov dəyirmi masanın işinə uğurlar arzulayıb, onu yüksək qiymətləndirib və gələcəkdə bu tədbirin xaricidilli mətbuatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirin çox maraqlı və aktual məsələyə həsr olunduğunu söyləyib. O, media ilə pedaqoji fəaliyyətin maarifləndirmə baxımından eyni məqsədə xidmət etdiyini deyib. Hikmət Babaoğlu dəyirmi masanın aktuallığından danışaraq qlobal informasiya məkanında xəbərin yerindən, o cümlədən Azərbaycanın milli maraqlarına xidmət edən məlumatın müxtəlif dillərdə yayılmasının vacibliyindən danışıb, konfransın işini yüksək qiymətləndirib.

“525”ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışında klassik mətbuatın öz yerini yeni mediaya verdiyini deyib. Jurnalist peşəsinə sahib olan insanın müşahidə və yazı qabiliyyətinə, həmçinin güclü intuisiyaya malik olması, etik normalara diqqət yetirməsinin əhəmiyyətindən danışan R.Məcid bu baxımdan belə tədbirlərin ənənəvi olacağına əminliyini ifadə edib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə lazımi və məqamında təşkil olunan tədbirin keçirilməsinin Azərbaycanda eyni sahədə görülən işlərə stimul verdiyini vurğulayıb. O, jurnalistika ixtisaslarında qabiliyyət imtahanlarının tətbiq edilməsinin müsbət və mənfi cəhətlərindən danışdı, alternativlər səsləndirib.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanova Azərbaycana qarşı təşkil olunan qara PR, onun qarşısının alınması, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində jurnalistikanın üzərinə düşən vəzifələrdən danışıb. PA rəsmisi həm sosial şəbəkələrin, həm də KİV-lərin bu sahədə daha da aktivlik göstərməli olduğunu bildirib. Azərbaycanda “Twitter” istifadə edənlərin az olduğunu bildirən C.Əmiraslanova buna maraq göstərməyin, Azərbaycanın haqlı olan mövqeyini sosial şəbəkələrdə, həmçinin KİV-lərdə düzgün formatda aparmağın vacibliyini deyib.

Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova “Azərbaycanın xaricidilli mediası beynəlxalq təbliğat və informasiya məkanında” adlı məruzə ilə çıxış edib. O, “Le Carrefour” qəzetinin təşəbbüsü ilə Mətbuat Şurası ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda iki dəfə silsilə dəyirmi masa təşkil edildiyini xatırladıb. Zeynab Kazımova bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədiyi nitqində Azərbaycanın beynəlxalq təbliğat və informasiya məkanına daxil olması və təsir imkanlarını artırması üçün konseptual fikirlər səsləndirib. Ölkə başçısının bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədi ilə xaricidilli medianın fəaliyyətini, eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasını xüsusi vurğuladığını nəzərə çatdırıb. Həmçinin, Zeynab Kazımova prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xaricidilli jurnalistlərin həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalı olduğu ilə bağlı fikirlərini xatırladıb.

Zeynab Kazımova təsisçisi olduğu Azərbaycanda fransız dilində nəşr olunan “Le Carrefour” qəzetinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib, bu yaxınlarda qəzetin saytının (www.lecarrefour.az) istifadəyə verildiyini diqqətə çatdırıb. Xaricidilli medianın üzərinə düşən məsuliyyətdən söz açan Zeynab Kazımova bu sahədə fəaliyyət göstərən KİV-in dövlətçiliyimizi, ölkəmizin nüfuzunu hər zaman üstün tutmalı, Azərbaycanın beynəlxalq aləmdə təbliğinə həsr etməli olduğunu bildirib.

Ötən il bəzi xarici media qurumlarının Avropa Oyunları zamanı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə cəhd olunduğunu deyən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan mediasının onlara tutarlı və layiqli cavab verdiyini söyləyib. Azərbaycan üçün əhəmiyətli olan "Formula-1", Beynəlxalq Şahmat yarışları, İslam Həmrəylik Oyunlarının keçiriləcəyini qeyd edən S.Məmmədova həmin xarici media qurumlarının artıq ölkəmizə qarşı "müharibəyə" başladağını sözlərinə əlavə edib. O, hər kəsi sosial şəbəkələrdə daha da aktiv olmağa çağırıb.

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbirin çox dəyərli, əhəmiyyətli olduğunu və qarşıya qoyduğu məqsədə doğru irəlilədiyini bildirib. O, jurnalistikanın inkişafından danışarkən həmin sahəyə meyli və bacarığı olan insanları cəlb etməklə xalq, cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilən qələm sahibləri kimi yetişməsinin vacibliyindən danışıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elçin Sərdarov tədbirin ümummilli marağa xidmət etdiyini deyərək onu yüksək qiymətləndirib. O, tədqiqat jurnalistikasının öyrədilməsi, onun siyasi, ekoloji, iqtisadi və s. sahələrdə ixtisaslaşmasına ehtiyac duyulduğunu bildirib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan dilində olan materialların, tarixi araşdırmaların tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasının ölkənin tanıdılması və təbliği istiqamətində mühüm rol oynadığını deyib.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev çıxışında jurnalistikanı cəmiyyətin güzgüsü adlandıraraq ətraf aləmdə baş verən hadisələri lazımi instansiyalara çatdırmaq funksiyası daşıdığını deyib. O, bu funksiyanın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün jurnalistikanın müxtəlif sahələr üzrə ixtisaslaşması təklifini irəli sürüb.

Jurnalist Murad Hüseynov Azərbaycanın beynəlxalq jurnalistikasındakı problemlərdən danışdı. Jurnalistika sahəsində təhsil alan tələbələrin nəzəri biliklərini möhkəmləndirmək üçün istehsalat təcrübəsini KİV-də keçirməyin vacib olduğunu deyib.

Daha sonra “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, CBC televiziya kanalının Azərbaycan bölməsi üzrə “Xəbərlər” Departamentinin baş redaktoru Səadət Məmmədova, Trend.az saytının baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov və ali təhsil müəssisələrinin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi dəyirmi masada xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsini vacib hesab olunduğu bildirilib.

Vəfa MƏMMƏDLİ

 





19.04.2016    çap et  çap et