525.Az

Multikulturalizm Abşeronda - Fotolar


 

Multikulturalizm Abşeronda - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturazlizm ili" elan edilməsinə dair tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü, Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Multikulturazlizm ili" çərçivəsində Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçirilib.

Fonddan 525.az-a verilən məlumata görə, öncə cəbhə bölgəsində erməni silahlı birləşmələrinin törətdiyi təxribata cavab olaraq, ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, milli azlıqların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib.

Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova rayon ziyalılarının Fondun fəaliyyətini yaxından izlədiklərini deyib, bundan sonra da səmərəli işlər görüləcəyinə əminliyini ifadə edib.

Fondun Abşeron rayonunda maarifləndirmə sahəsində layihələr həyata keçirməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan T.Hüseynova Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını diqqətə çatdırıb.

Görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının daha fəal cəlb olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan icraçı direktor qeyd edib ki, bununla Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığı bütün dünyaya bir daha nümayiş etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu qeyd edib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanda həyat tərzinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib.

M.Nağısoylu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını iştirakçılara təqdim edib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə 25 dildə nəşr olunan "Homerin siklopu ilə müqayisədə yeni aşkar edilmiş qədim Oğuz siklopu - "Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı haqqında geniş məlumat verib. Kitab rayonun Heydər Əliyev Mərkəzinin kitabxanasına hədiyyə edilib.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika və informasiya şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov "Multikulturalizmin dini aspektləri" mövzusunda mühazirə deyib.

İnteraktiv formada keçən mühazirədə rayon sakinlərinin sualları cavablandırılıb, abşeronlular “Multikulturalizm ili”ndə silsilə maarifləndirici tədbirlərin keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Tədbirdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşən qonaqlar ona “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə ediblər.

 





21.04.2016    çap et  çap et