525.Az

Yazıçılar Birliyində hərbi vətənpərvərlik mövzulu daha bir tədbir


 

Yazıçılar Birliyində hərbi vətənpərvərlik mövzulu daha bir tədbir<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Birliyin Hərbi Vətənpərvərlik Komissiyasının və Mətbuat Xidmətinin təşkilatçılığı ilə hərbi vətənpərvərlik mövsuzunda tədbir keçirilib.

Tədbiri AYB katibi Rəşad Məcid açaraq bu ayın ilk günlərində cəbhədə gedən döyüşlərin önəmini vurğulayıb:

"Bu gün buraya son vaxtlar cəbhə xəttində baş verən hadisələrlə bağlı toplaşmışıq. Azərbaycan yazıçıları güclü erməni təbliğatına qarşı həmişə öz sözlərini deyiblər. Ancaq xüsusən Xocalıdan sonra yaranan ovqat, müvəqqəti məğlubiyyətin gətirdiyi məyusluq insanlarımıza öz təsirini göstərmişdi. Bəlkə də belə düşünənlər də var idi ki, uzun sürən atəşkəs nəticəsində cəmiyyətimizdə bir unutqanlıq yaranıb. Lakin son hadisələr də göstərdi ki, yeni nəsil vətənpərvərlik baxımından daha coşqulu və qaynardır. Cəbhə xəttindəki son döyüşlər sayəsində düşmən sarsıldı, Azərbaycan cəmiyyətində nikbinlik, ruh yüksəkliyi artdı. Ancaq bununla kifayətlənə bilmərik, odur ki, bu sahədə davamlı təbliğata ehtiyac var".

Birliyin sədri, Xalq yazıçısı Anar ordumuzun uğurundan fərəhlə söz açıb: "Bilirsiniz ki, ədəbiyyat bu məsələlərlə bağlı həmişə öndə dayanıb, xalqı səfərbər edib. Bugünkü toplantımızın da məqsədi məhz budur. Son zamanlar cəbhədə baş verən hadisələr göstərdi ki, düşmən nə qədər lovğalansa da, bizim güclü dövlətimiz, qüdrətli ordumuz var. Başa düşüldü ki, Azərbaycan öz torpağında vuruşur və işi haqdır. Ancaq bunu da bilirik ki, düşmənimiz hələ də güclüdür. Ona görə çalışmalıyıq ki, əks təbliğatımızı ardıcıl apara bilək. Bunun üçün ən önəmli silahlardan biri də sözdür".

AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu komissiyanın bu sahədəki tədbirlər planından danışıb: "Məqsədimiz bu mövzunu ictimaiyyətin nəzərində önə çəkmək və gündəmdə saxlamaqdır. Silahla yanaşı informasiya və ideoloji müharibə də olduqca önəmlidir. Xüsusilə, bilərək yaxud ixtiyarsız şəkildə dezinformasiyanın leqallaşmasına şərait yaradan insanların az olmadığı indiki çağda. Bu mənada hərbi vətənpərvərlik təbliğatı həssas və çətin bir sahədir".

Şair Ramiz Duyğun ədəbiyyat nümayəndələrinin hərbçilərimizlə birgə düşmənlə mübarizəyə hazır olduqlarını qeyd edib: "Mən hərbi jurnalist kimi də fəaliyyət göstərmişəm. Hərbi vətənpərvərlik tərbiyəsi yaradıcılığımda ana mövzudur. Düşünürəm ki, ədəbiyyat və qələm adamlarımız cəbhə xəttindəki hərbçilərimizlə sıx mükalimə aparmalı, onların yanında olmalıdırlar. Məncə, biz buna hazırıq".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli xalqımızın öz qəhrəman övladları, şəhidlərilə qürur duyduğunu vurğulayıb: "Şəhidlər öz canlarını bizim üçün, vətən üçün, Azərbaycan üçün verdilər. Şəhid olmuş gənclərimizin göstərdikləri şücaət hər birimizə nümunə olmalıdır. Bizim təşkilat, ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən hər bir ictimai qurum ədəbiyyat xadimlərimizə hərbi vətənpərvərlik təbliğatı ilə bağlı yaxından dəstək verməyə, bu yolda sıx əməkdaşlığa hazırdır".

Tədbirdə ehtiyatda olan general-mayor Məmməd Sarıyev, şair Oqtay Rza, Əməkdar jurnalist İbrahim Rüstəmli, Milli Qəhrəman Asif Məhərrəmov adına İctimai Birliyin sədri Ədalət Məhərrəmov, "Əsgər Ailəsi" Cəmiyyətinin sədri Roza Əliqızı və başqaları da çıxış edərək hərbi vətənpərvərlik təbliğatı barədə düşüncələrini, təkliflərini dilə gətiriblər.

Müşfiq ŞÜKÜRLÜ

 





21.04.2016    çap et  çap et