525.Az

İnqilabdan sonrakı Misir - Sonuncu yazı


 

İnqilabdan sonrakı Misir - <b style="color:red">Sonuncu yazı</b>

Qahirədən Şarm Əl-Şeyxə uçuş müddəti 50 dəqiqədir, daxili reysin qiyməti isə 100 dollar təşkil edir.

Dünyada məşhur turizm istiqamətlərindən olan Şarm əl -Şeyxi hər kəs görməyi arzu edir. Bu da səbəbsiz deyil. Səhrada yaradılmış bu möcüzəli cənnətdə nə istəsəniz var: Qırmızı dənizin sahillərində yüksək səviyyəli hotellər, müxtəlif əyləncə və ticarət mərkəzləri, diskotekalar, səhra  və dəniz turları, dünya mətbəxi. Bir sözlə istirahətin bir nömrəli məkanı elə Şarm əl Şeyxdir. 

Məlumat üçün bildirim ki, Şarm əl-Şeyx onilliklər öncə kiçik və sakit bir balıqçı kəndi olub. Lakin misirlilər səhranın ortasında əsrarəngiz möcüzə yarada biliblər. Şarm Əl-Şeyx Sinay yarımadasının cənubunda, yəni Misirin Asiya hissəsində yerləşir. Bura Avropa, Asiya və Afrikanın qovşağıdır. 

"Sülh şəhəri" - Şarm Əl-Şeyx

Şarm Əl-Şeyx həm də Cənubi Sinay qubernatorluğunun inzibati mərkəzidir. Xatırladaq ki, Sinay yarımadası 1967-1982-ci illərdə İsrailin işğalı altında olub. İşğaldan azad olduqdan sonra Misir hökuməti bu regiona ciddi diqqət göstərərək onu turizm cənnətinə çevirib.

"Sülh şəhəri" olaraq tanınan Şarm Əl-Şeyxdə bütünlüklə həyat turizmə bağlıdır. Yəni burada demək olar ki, hər kəs turizm sektoruna çalışır. Hazırda bölgədə 300-dən çox dünyaşöhrətli markalardan olan beşulduzlu otel fəaliyyət göstərir, hələ yeni tikilənləri də var.

Turistlərin həm də "Uğurlu torpaq" və ya "Xoşbəxt məkan" adlandırdıqları Şarm Əl-Şeyx indi turist qıtlığından əziyyət çəkir. Bu da ötən il Rusiyaya məxsus təyyarənin Sinayda qəzaya uğraması ilə bağlıdır. "Ərəb baharı"ndan sonra dirçəlməyə başlayan Misir turizminə bu qəza daha bir zərbə oldu. Doğrudur, Rusiya tərəfi hadisənin terror aktı olduğunu rəsmi elan etsə də, Misir tərəfi hələ ki, beynəlxalq tədqiqatçları cəlb etməklə araşdırmaları davam etdirir və yekun rəyi açıqlamayıb. Şarm Əl-Şeyxə gələn turistlər arasında ruslar birinci, Böyük Britaniya vətəndaşları isə ikinci yerdə olub. Rusiya ilə birbaşa reyslər hələ bərpa olunmasa da, Şarm Əl-Şeyxə gələnlər arasında indi də ruslar, ukraynalılar, ingilislər, fransız və almanlara rast gəlmək olurdu. Kənardan baxanda bizə turistlərin sayı çox görünsə də, amma bu sahədə çalışanlar əvvəlki statistika ilə müqayisədə onların sayının çox az olduğunu deyirlər.

Onu da qeyd etmək lazımdır ki, şəhərdə təhlükəsizlik indi daha yüksək səviyyədə qorunur. Şəhər boyunca çoxsaylı kameralar yerləşdirilib, otellərin, istirahət məkanlarının giriş-çıxışlarında ciddi yoxlamalar həyata keçirilir. Gecəyarı belə turistlərin sərbəst gəzməsi  üçün hər hansı problem yoxdur. İndi turistlərin bura yenidən cəlbi üçün yeni yollar axtarılmaqdadır.  

Şarm Əl-Şeyxdə azərbaycanlı turistləri gözləyirlər

Cənubi Sinay yarımadasının qubernatoru Xalid Fuda azərbaycanlı jurnalistlərlə görüşdə bildirdi ki, 2005- ci ildən bəri şəhərdə  heç bir terror hadisəsi baş verməyib. Şarm Əl-Şeyxdə  tam təhlükəsizlik şəraiti mövcuddur. Onun sözlərinə görə, Şimali Sinayda baş verən hadisə ilə Şarm Əl-Şeyx arasında 700 km məsafə var:

"Cənub Sinay ilə Şimal Sinay arasında iki qoşun xətti var. İkinci qoşun Şimali Sinayda mübarizə aparır, digəri isə cənubla şimal arasında  təhlükəsizliyi qoruyur. Şəhər tam şəkildə təhlükəsizliyi təmin edir".

Qubernatorun sözlərinə görə, Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğramasından sonra bəzi dövlətlər təhlükəsizliyin gücləndirilməsi üçün öz standartlarını təqdim etdilər və onların hər biri nəzərə alındı.

X.Fuda əlavə edib ki, il ərzində Şarm Əl-Şeyxə Azərbaycandan təxminən 7 min turist gəlir: "Azərbaycandan il ərzindən xaricə səfər edənlərin sayı daha çoxdur. Biz bütün azərbaycanlıları Şarm Əl-Şeyxə dəvət edirik. Turistlərin sayının artımasında birbaşa hava əlaqəsinin yaradılmasının böyük rolu olacaq. Hazırda Tbilisidən Şarm Əl-Şeyxə  gələnlərin əksəriyyəti azərbaycanlılardır".  

Səhra turu, bədəvi həyatı 

Şarm Əl-Şeyxdə turistlərə müxtəlif proqramlar təklif olunur. Yaxta ilə dəniz gəzintisi, dəvə turu, səhra turu, delfinari, balıq ovu, dayvinq, hündürlükdən paraşütlə tullanma və digər maraqlı əyləncələr burada istirahət edən turistlərə yaradılan gözəl şəraitdən xəbər verir.

Aktiv turizm növünü seçənləri safari - səhra ekskursiyası gözləyir. Bu ekskursiyanı həyata keçirmək üçün də seçimlər müxtəlifdir: məsələn, turist səhranı tur üçün nəzərdə tutulan maşın və ya motosikletlə gəzə bilər. Səfərə çıxmazdan öncə isə qaydalara əməl etmək lazım gəlir: səhra tozundan qorunmaq üçün yaylıqla baş və ağız bağlanmalı, başa kaska geyinilir, qoruyucu eynək taxılmalıdır.

Səhrada tur üçün nəzərdə tutulmuş dördtəkərli motosikletlə (kvadrasikl) gəzinti həyəcanlı anlar yaşadır. Qaydalara əməl etmək, surət həddini aşmamaq vacibdir, əks halda kvadrasikl aşa bilər və bu da ağır xəsarətlərlə nəticələnə bilər. Tur bələdçisi özü daha öndə gedərək iştirakçılara yol boyu təlimatlarını verir. İlk baxışdan çətin görünsə də, öyrəndikdən sonra asanlıqla idarə olunan bu səyahət maşınları ilə ucsuz-bucaqsız səhranı qısa müddətə "fəth edirsən".

İki saatlıq tur zamanı bir neçə yerdə dayanıb bədəvi ərəblərin adət-ənənəsini əks etdirən məkana da baş çəkib, onların həyat tərzləri ilə tanış olduq. Yeri gəlmişkən bədəvilər səhrada öz adət-ənənələrini, həyat tərzlərini təqdim etmələri turistlərin də böyük marağına səbəb olub.

Safari turu zamanı səhrada gözə dəyən komalar məhz bədəvilərin özlərinə qurduqları yaşayış məskənidir. Səhrada təbii ki, su, elektrik, qaz yoxdur. Bədəvilər ocaqdan, komalarını işıqlandırmaq üçün lampalardan istifadə edirlər. Bazarlıq üçün isə şəhərə gəlirlər.

Səhrada həsirdən hörülmüş, yerə kilimlər salınmış, mütəkkələr düzülmüş bu məkanda əsl bədəvi həyat tərzinin, qonaqpərvərliyin şahidi olursan. Sanki birdən-birə müasir turizm şəhərindən qədim, sivilizasiyadan uzaq məkana düşürsən.

17 ildən çoxdur turistləri qarşılayıb yola salan bir bədəvi ilə söhbət zamanı bəlli oldu ki, 300-400 addım aralıdakı palçıq komada ata-anası, dörd qardaşı ilə birgə yaşayır. Onun sözlərinə görə, səhraları müxtəlif bədəvi tayfaları öz aralarında bölüblər və hərə öz ərazisində safari turlarına xidmət göstərirlər. Hətta bədəvilərin arasında rus, ingilis və başqa dillərdə danışanlar da var ki, bu da onların turistlərlə ünsiyyətini asanlaşdırır. Çox çətin görünən bu həyat tərzindən  bədəvilər çox məmnundurlar. Bir sözlə, səhrada özlərini olduqca rahat hiss etdiklərini bildirirlər.

Bədəvinin təklif elədiyi ocaqda hazırlanmış şirin nanəli çaydan içib yolumuzu davam etdirirk. Bir qədər irəlidə isə turistlərin istirahət eləmələri,əylənmələri üçün yaradılmış məkanda  bədəvi naharına qonaq oluruq. Burda da bədəvi ənənələri təqdim olunub. Onların hazırladığı maraqlı əl işləri, bədəvi geyimləri sərgilənir.

Bədəvilərin düşərgəsindən ayrılaraq yenə səhra ilə şəhərə qayıdırıq və Misir səfərimizə Şarm Əl-Şeyxə nöqtə qoyuruq.

Səfər bitir, möcüzələrlə, sirlərlə dolu, tarixin özü olan Misiri yenidən görmək istəyi ilə ayrılırıq.

Pərvanə Sultanova

 





21.04.2016    çap et  çap et